Bu gün “TikTok” sosial şəbəkəsi üzərindən bir nəfərin parçaya bükülmüş halda baltaya oxşar əşyanı nümayiş etdirərək insanları hədələdiyini əks etdirən görüntü paylaşılıb.
AZƏRTAC Daxili İşlər Nazirliyinin (DIN) mətbuat xidmətinə istinadla xəbər verir ki, bununla əlaqədar mətbuatın sorğusuna cavab olaraq DİN mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov qeyd olunan videonu paylaşan şəxsin 39 yaşlı Roman Məmmədov olmasının müəyyən edildiyini və saxlanıldığını bildirib.
İlkin dindirilmə zamanı R.Məmmədov törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini, fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olduğunu və uzun müddətdir ki, digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə etdiyini deyib.
Onun həmin alətlə metroya daxil olmasının nə qədər düzgün olduğu sualına gəldikdə isə, bu gün insanlar ictimai nəqliyyatdan-avtobuslardan, eləcə də, metrodan istifadə edərkən üzərlərində olan belə təsərrüfat alətləri ilə işə gedib-gəlirlər. Metrodakı müşahidə kameralarına da baxdıqda həmin şəxsin gündəlik olaraq əşyalarının polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra metroya daxil olması görünür. Odur ki, belə əşyaların metroya keçirilməsi orada xidmətdə olan polis əməkdaşlarının nəzarətinin zəif olması anlamına gəlməməlidir.
Hazırda faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri həyata keçirilir.
Ağdamın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisi birinci təsnifat mərhələsinin ilk oyununda Polşanın "Lex" komandasının qonağıdır.
Poznan şəhərindəki eyniadlı stadionda keçirilən oyunda “Lex”in heyətində meydana Artur Rudko, Joel Pereyra, Pedro Reboşu, Yesper Karlström, Mikael İshak, Antonio Miliç, Mixal Skuras, Radoslav Muravski, Kristoffer Velde, Joao Amaral və Lubomir Şatka çıxıblar.
“Qarabağ”ın start heyətində isə Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Riçard Almeyda, Abdullah Zubir, Leandro Andrade, Kadi Borges, İbrahima Vadji, Marko Veşoviç, Elvin Cəfərquliyev və Kevin Medina yer alıblar.
Görüşü ispaniyalı FIFA referisi Xose Luis Munuera idarə edir.
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. Bu cütün qalibi ikinci təsnifat mərhələsində İsveçrənin "Sürix" klubu ilə qarşılaşacaq. Məğlub komanda isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək.
İtaliyanın Baş naziri Mario Draqinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri uğurla keçib. İki dost ölkə arasında mühüm əməkdaşlıq sənədləri imzalanıb.
AZƏRTAC xəbər verir ki, iki ölkə liderləri, eləcə də heyətlərarası görüşlərdən, həmçinin üçüncü hökumətlərarası zirvə toplantısından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İtaliyanın Baş naziri Mario Draqin birgə mətbuat konfransı keçiriblər.
Əvvəlcə liderlər müzakirə olunan məsələlər barədə ümumi məlumat veriblər. Diqqətə çatdırılıb ki, Türkiyə ilə İtaliya arasında əməkdaşlığın dinamikası, beynəlxalq və regional proseslər müzakirə olunub.
Bölgəmizdə baş verən proseslərin Türkiyənin bir çox sahələrdə Avropa İttifaqı üçün nə qədər əhəmiyyətli olduğunu diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan bildirib ki, qarşıdakı bir həftə, 10 gün ərzində danışıqları intensivləşdirib Qara dənizdə taxıl daşınmasına dair nəticə əldə etməyə çalışacağıq.
Prezident Rəcəb Tayyib Ərdoğan ifadə edib ki, SAMP-T (hava hücumundan müdafiə sistemi) məsələsində imza mərhələsinə gəlmək istəyirik. Çünki bu, müdafiə sistemlərimiz üçün də böyük əhəmiyyət kəsb edir.
İki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişafını yüksək dəyərləndirən Mario Draqin Türkiyənin Qara dənizdə taxıl daşınmasına dair vasitəçilik missiyasının böyük əhəmiyyətə malik olduğunu bildirib.
Xatırladaq ki, iki ölkə arasında hökumətlərarası zirvə toplantısının birincisi 2008-ci ildə İzmirdə, ikincisi isə 2012-ci ildə Romada keçirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Polşada UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda qarşılaşacaq yerli "Lex" və Ağdamın "Qarabağ" klublarının start heyətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, "Lex"in heyətində meydana Artur Rudko, Joel Pereyra, Pedro Reboşu, Yesper Karlström, Mikael İshak, Antonio Miliç, Mixal Skuras, Radoslav Muravski, Kristoffer Velde, Joao Amaral və Lubomir Şatka çıxacaqlar.
"Qarabağ"ın start heyətində isə Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Riçard Almeyda, Abdullah Zubir, Leandro Andrade, Kadi Borges, İbrahima Vadji, Marko Veşoviç, Elvin Cəfərquliyev və Kevin Medina yer alıblar.
Qeyd edək ki, Poznan şəhərindəki eyniadlı stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
İtaliyada COVID-19 epidemiyasının növbəti dalğası müşahidə olunur. Belə ki, ötən sutka ərzində ölkədə koronavirusa gündəlik yoluxma sayı 100 mini keçib.
AZƏRTAC xəbər verir ki, İtaliyanın Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saatda ölkədə 132 min 274 nəfər COVID-19 infeksiyasına yoluxub. Bu, cari il fevralın 1-dən bəri qeydə alınan ən yüksək göstəricidir. İtaliyada koronavirusa yoluxanların sayı isə ümumilikdə 18 milyon 938 min 771-ə yüksəlib.
Hazırda ölkədə aktiv COVID-19 xəstələrinin sayı 1 milyon 87 min 272, reanimasiya şöbəsində olanların sayı isə 323 nəfərdir. İndiyədək İtaliyada 168 min 698 nəfər koronavirusun qurbanı olub. Pandemiya dövründə 17 milyon 682 min 801 nəfər virusdan sağalıb.
2020-ci il dekabrın 27-dən etibarən aparılan vaksinasiya kampaniyası çərçivəsində bu vaxtadək ölkədə 138 milyon 319 min 18 doza peyvənd vurulub.
İtaliyanın səhiyyə naziri Roberto Speranza bildirib ki, payızda vaksinasiya kampaniyasının növbəti mərhələsinə başlanacaq. Belə ki, xroniki xəstələr və yaşlılar üçün peyvəndin dördüncü dozası tətbiq olunacaq.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
İyulun 5-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Məchul pilləkən” balet-tamaşanın premyerası keçirilib.
AZƏRTAC xəbər verir ki, gənclərə bir örnək və ismarış xarakteri daşıyan tamaşanın süjet xəttində pis vərdişlərə düçar olmuş bir gəncin bütün maneələrə baxmayaraq ağ ölümlə mübarizəsi və sonda xeyir və şər qüvvələrin çəkişməsi fonunda iradəsinin təntənəsi nümayiş olunur.
Narkomaniya, eyni zamanda, zərərli vərdişlərə qarşı bir təbliğat vasitəsi kimi nəzərdə tutulan bu səhnə əsərinin baş rol ifaçısı Məhəmməd Abdullayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı isə teatrın baş rəssamı Vüsal Rəhimdir.
Səhnə əsərində xarici bəstəkarların musiqilərindən, eyni zamanda, Əməkdar artist Sevda Ələkbərzadənin ifasında “Getmə-getmə” mahnısından istifadə edilib. Tamaşada, həmçinin Samir Qulamovun ifasında Xalq şairi Ramiz Rövşənin şeirlərindən ibarət kompozisiya səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Orta İxtisas Polis Məktəbinin buraxılış mərasimi keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov çıxış edib.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi strategiyanın ardıcıl və dönmədən həyata keçirilməsi muxtar respublikada dinamik inkişaf və sosial-iqtisadi tərəqqi baxımından yeni tarixi mərhələnin əsasını qoyub. Bu gün Naxçıvan yalnız iqtisadi inkişaf tempinə görə deyil, həm də ictimai-siyasi sabitlik, əmin-amanlıq və təhlükəsizlik baxımından regionun ən stabil diyarıdır.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Orta İxtisas Polis Məktəbində yaradılan hərtərəfli şərait kursant və dinləyicilərin tədris olunan dərsləri tam mənimsəmələrinə, intellektual təfəkkürə malik, nəzəri və praktik biliklərə yiyələnmiş peşəkar polis zabiti kimi yetişmələrinə geniş imkanlar açıb. Təhsil sahəsində uğurlu Dövlət proqramlarının icra edilməsi və xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinə göstərilən müstəsna qayğı 44 günlük Vətən müharibəsində naxçıvanlı gənclərin nümayiş etdirdiyi böyük şücaət və vətənpərvərlik nümunəsinin təməl daşı olmaqla yanaşı, muxtar respublikada həyata keçirilən siyasi xəttin müdrikliyini və alternativsizliyini bir daha sübut etdi.
Diqqətə çatdırılıb ki, cari il fevralın 7-də Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının fəaliyyəti və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Ali Məclisin Sədri kadr işinin təkmilləşdirilməsi, peşəkar kadr korpusunun yaradılmasının nəzarətdə saxlanılması, şəxsi heyətlə müvafiq xidməti dərslərin, kursların keçirməsi, müsbət təcrübənin yayılmasının təşkil olunması, bu sahədə Orta İxtisas Polis Məktəbinin imkanlarından istifadə olunması ilə bağlı qarşıya mühüm vəzifələr qoyub. Həmin vəzifələrin yerinə yetirilməsi üçün məktəb ötən dövr ərzində fəaliyyətini müasir standartlar çərçivəsində quraraq təkcə təhsil müəssisəsi kimi deyil, həm də daxili işlər orqanlarının tədris bazası kimi fəaliyyət göstərib. Belə ki, məktəbdə kursantlar və dinləyicilər üçün müvafiq təhsil proqramına uyğun olaraq həyata keçirilən tədris prosesi ilə yanaşı, polis əməkdaşlarının peşə hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə müxtəlif xidmət sahələri üzrə virtual və nəzəri təlimlər, peşəkar mütəxəssislər cəlb olunmaqla əlavə seminar-məşğələlər də keçirilib. Eyni zamanda Orta İxtisas Polis Məktəbinin pedaqoji heyətinin peşə ustalıqlarının artırılması məqsədilə muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələri ilə qarşılıqlı əlaqələr yaradılıb, təcrübəli pedaqoqların iştirakı ilə metodiki məşğələlər keçirilərək müəllimlərin peşəkarlıqlarının yüksəldilməsi istiqamətində zəruri tədbirlər görülüb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi ikinci ildir məzunlarını yola salır. Ötən il Polis Məktəbini başa vurmuş 25 nəfər daxili işlər orqanlarının müxtəlif xidmət sahələrində ictimai asayişin və təhlükəsizliyin qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində müqəddəs vəzifə borclarını yerinə yetirir. Məktəbdən məzun olacaq 30 gənc zabit də daxili işlər orqanlarında vəzifələrinin icrasına başlayarkən ulu öndər Heydər Əliyev ideyalarına daim sadiq qalacaq, Azərbaycan polisinin fədakar və nəcib missiyasını ləyaqətlə yerinə yetirəcək.
Nazir çıxışının sonunda məzunlara gələcək xidmətlərində uğurlar arzulayıb, daxili işlər orqanlarına göstərilən yüksək dövlət qayğısına görə bütün şəxsi heyət adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.
Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev çıxış edərək məktəbdə yaradılan şəraitdən, həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, fəaliyyətə başladığı gündən Polis Məktəbi Ali Məclis Sədrinin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunaraq inkişaf yoluna qədəm qoyub, burada kursant və dinləyicilərin yüksək səviyyədə təhsil alması üçün möhkəm maddi-texniki baza, nümunəvi təlim-tədris sistemi yaradılıb. Kursant və dinləyicilərin bilik səviyyəsinin artırılması, müəllim heyətinin pedaqoji ustalığının yüksəldilməsi, kursantların milli-mənəvi dəyərlərimizə sadiqlik ruhunda tərbiyə olunması diqqətdə saxlanılıb.
Orta İxtisas Polis Məktəbinin məzunu, polis kiçik leytenantı Ruzi Əhmədov çıxış edərək məzunlar adından onlar üçün yaradılan şəraitə görə minnətdarlıq edib, Polis Məktəbinin adını bundan sonra da uca tutacaqlarına, dövlətə və polis andına sadiq olacaqlarına, nizam-intizamla daim öndə gedəcəklərinə söz verib.
Sonra məzunlara diplomlar təqdim olunub. Məktəbi fərqlənmə diplomu ilə bitirən polis kiçik leytenantı Ruslan Məmmədov tərəfindən xatirə kötüyünə lövhə vurulub. Orta İxtisas Polis Məktəbinin marşı ifa edilib, tədbir şəxsi heyətinin tribunanın önündən təntənəli keçidi ilə başa çatıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə alim M.Hess “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabını nazir Ceyhun Bayramova təqdim edib. Alim qeyd edib ki, kitabı yazmaqda əsas məqsədi Qarabağın və Şuşanın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini geniş oxucuların diqqətinə çatdırmaqdır. O, kitabın ölkəmizlə bağlı elmi araşdırmalar aparan şəxslər üçün etibarlı mənbə qismində çıxış edəcəyini bildirib.
Nazir Ceyhun Bayramov alim Mixael Hessə təşəkkürünü ifadə edib. O, Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı xarici mütəxəssislər, elm adamları tərəfindən araşdırmaların aparılmasının vacibliyini vurğulayıb və bu mənada kitabın dəyərinin yüksək olduğunu söyləyib. Nazir alman dilində dərc olunan kitabın gələcəkdə digər xarici dillərə də tərcümə edilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Nazir Ceyhun Bayramov alman alim Mixael Hessə gələcək fəaliyyətində uğurlar arzu edib.
Azərbaycan və Özbəkistan regional əməkdaşlıq üçün mühüm lokomotivdir və Bakı Limanı bu transregional logistik əlaqədə əsas rol oynayır.
“Bakı Beynəlxalq Dəniz ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, bu sözləri Özbəkistan Respublikasının Prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutunun rəis müavini Akramjon Nematov Bakı Limanına səfəri zamanı bildirib.
İyulun 5-də Özbəkistanın Prezidenti yanında Strateji və Regional Araşdırmalar İnstitutunun rəis müavini Akramjon Nematovun rəhbərliyi ilə nümayəndə heyəti Ələtdə yerləşən Bakı Limanına işgüzar səfər edib. İnstitutun və Özbəkistanın Azərbaycandakı səfirliyinin nümayəndələri Limanın Marketinq və satış departamentinin müdiri Anar İbrahimov və digər rəsmi şəxslərlə görüşüblər. Qonaqlara limanda regional ticarətin asanlaşdırılmasına, eləcə də mövcud ticarət dəhlizlərində tranzit və multimodal daşımaların təkmilləşdirilməsinə dəstək vermək məqsədi daşıyan son yeniliklər barədə məlumat verilib.
Səfər iştirakçıları, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda Özbəkistanın quru limanları və Bakı Limanının rolunu, Mərkəzi Asiyadan Avropaya fasiləsiz yük axınının təmin edilməsi üçün həyata keçiriləcək uğurlu fəaliyyətləri də müzakirə ediblər.
Görüşdə, həmçinin qeyd olunub ki, hər iki ölkənin limanları və logistik şəbəkələri arasında tərəfdaşlıq regionda yeni nəqliyyat və logistika marşrutlarının yaradılmasına böyük töhfə verəcək və bu, rəqəmsallaşdırılmış və sürətli yükdaşımaların daha da artması üçün yeni imkanlar açacaq.
Azərbaycanda iyun ayı üzrə ixracın dəyəri 3,1 milyard ABŞ dollarıdır.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayına istinadla bildirir ki, qeyri-neft sektoru üzrə ixracda artım 5,8 faiz təşkil etməklə 269,6 milyon ABŞ dolları olub.
Ötən ay ərzində yeyinti məhsulları üzrə ixrac 6,6 faiz artaraq 119,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 5,1 faiz artaraq 149,9 milyon ABŞ dolları təşkil edib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Gəmi təmiri haqqında Əsasnamə”si yenilənib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, əsasnamə gəmilərin texniki istismarının və təmirinin təşkili zamanı istifadə üçün nəzərdə tutulub.
On altı fəsildən və on altı əlavədən ibarət sənəddə gəmi təmiri müəssisələrində təmir prosesinin strukturu, gəmi təmirinin növlərinin təsnifatı, təmir prosesinin planlaşdırılması, gəmi təmirinin maliyyələşdirilməsi mənbələri və qaydası, gəmi sahibi və gəmi təmiri müəssisəsi arasındakı qarşılıqlı münasibətlər, gəmi sənədlərinin təmir üçün hazırlanması və s kimi mövzular əksini tapıb.
Yeni Əsasnamə artıq razılaşdırılaraq təsdiq olunub və çap edilib.
ASCO-nun Donanmanın texniki istismar departamentinin rəis müavini Elçin Quliyevin hazırladığı yeni sənədin icraçıları departamentin gəmi təmiri üzrə aparıcı mühəndisləri Leyla Hüseynova və Səbuhi Bağırovdur.
Cari ilin yanvar-iyun ayları ərzində meyvə-tərəvəz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artaraq 328,1 milyon ABŞ dolları təşkil edib.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayına istinadla bildirir ki, müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 5 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 26,1 faiz, pambıq lifi ixracı isə 12,8 faiz, pambıq iplik ixracı 5,2 faiz artıb.
Çində qədimdən belə bir xalq kəlamı var – “Huanşan da daxil olmaqla 5 məşhur dağı görənlər digər dağları görmək istəməz. Huanşan dağını görən isə heç bir dağı görmək istəməz”. Yəni Huanşan dağı o qədər gözəldir ki, onu görən bir çinlinin ölkədəki digər məşhur dağlara səyahət etməsinə gərək qalmayacaq.
Çin şərqindəki Anhuy əyalətinin cənubunda yerləşən Huanşan dağ silsiləsi 1200 kvadratkilometr sahəni əhatə edir. Milli təbiət qoruğu olan bu dağ silsiləsində 77 təpənin hündürlüyü 1000 metrdən çoxdur. Bura sanki yüksək təpələrin, dərin vadilərin, bulud dənizinin gözoxşayan harmoniyasıdır.
Huanşan sözü Çin dilindən tərcümədə “Sarı dağ” mənasını verir. Əvvəllər “İşan” adlanan dağ hazırkı adını 747-ci ildə Tan sülaləsinin hakimiyyəti dövründə alıb. Təbii mənzərəsi, sərt qayaları, buludları ötən təpələri, zəngin bitki örtüyü, bulaqları ilə məşhur olan Huanşan dağının Çin mədəniyyətində yeri böyükdür. Bu dağ daim yaradıcı adamların ilham mənbəyi olub. Tarix boyu çinli şairlər, yazıçılar əsərlərində Huanşan dağından, onun gözəlliyindən bəhs edib, rəssamlar, heykəltəraşlar dağı təsvir ediblər. Elə günümüzdə də Huanşan dağları şair və yazıçıların, rəssamların, fotoqrafların tez-tez baş çəkdiyi məkandır. UNESCO Huanşan dağının Çin mədəniyyətindəki rolunu nəzərə alaraq, onu 1990-cı ildə mədəniyyət və təbiət kriteriyası üzrə Dünya İrs Siyahısına daxil edib.
Dağ silsiləsi mezozoy dövrünə, təxminən 100 milyon il əvvələ aiddir. Onun indiki halı isə Kaynozoy erasının sonuncu dövründən, yəni 2,58 milyon il əvvəldən formaşalşmağa başlayıb. Huanşan dağları sıx şam ağacları ilə əhatələnib və özünün unikal görünüşü ilə görənləri heyran edir. Silsilənin ən hündür zirvələri Lotos, Parlaq və Səma pikidir. Huanşan dağ silsiləsi Milli Təbiət qoruğu statusuna malikdir və ən yüksək - A5 kateqoriyalı turizm məkanıdır. Huanşan dağlarının turistik baxımından rolunu təsəvvür etmək üçün bircə rəqəmə baxmaq kifayət edər. Pandemiyadan əvvəl - 2019-cu ildə Huanşan dağlarına 74 milyon turist səfər edib. Bu rəqəm dünyada olduqca populyar turizm məkanı olan Havay adalarını illik ziyarət edənlərin sayından təxminən 7 dəfə çoxdur.
Huanşan dağ silsiləsində bir neçə turizm marşrutu var. Turistlər həm kanatla, həm də piyada dağın zirvələrinə qalxa bilərlər. Yolboyu əsrarəngiz mənzərələr, qeyzer və bulaqlar, göllər, kiçik çaylar, bulud dənizi insanı valeh edir. Dağa qalxarkən yorulanlar bəzən yolboyu dayanıb nəfəsini dərir, ya da yaxınlıqdakı kafelərin birində bir stəkan çay və ya qəhvə içir. Günəşin doğuşunu və batmasını seyr etmək istəyən turistlərin gecələməsi üçün otellər də fəaliyyət göstərir. Rütubətli kontinental iqlimə malik Huanşan dağlarında buludlu hava və aramsız yağışlar tez-tez baş verir. Havanın orta aşağı temperaturu yanvarda -5,2 dərəcə Selsi, orta yuxarı temperaturu isə iyulda +20,5 dərəcə Seslidir.
Huanşan dağlarının zəngin bitki örtüyü var. Bu bitkilər arasında nadir, nəsli kəsilməkdə olanlar, hətta yalnız Huanşan dağlarında bitənlər də var. Onlardan biri də qonaqqarşılayan şam ağacıdır. Nadir bitkilərdən olan qonaqqarşılayan şam ağacı Huanşan dağının simvolu hesab olunur. Huanşan dağ silsiləsində yaşı 100-ü ötmüş 10 mindən çox müxtəlif növ şam ağacı var. Ümumilikdə, silsilənin sahəsinin 83 faizini bitki örtüyü, 56 faizini meşə təşkil edir. Dağda həm də faydalı bitkilər, o cümlədən dadı ilə seçilən maofen çayına və linci adlı dərman bitkisinə rast gəlmək mümkündür.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Huanşan
Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 18,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,5 milyard ABŞ dolları təşkil edib.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayına istinadla bildirir ki, qeyri-neft sektoru üzrə ixrac ötən illə müqayisədə 25,4 faiz artıb.
Mediasiya mübahisələrin neytral, qərəzsiz və işdə marağı olmayan üçüncü şəxslər tərəfindən məhkəməyədək alternativ həlli yoludur. Ölkəmizdə mediasiyanın tətbiqinə və hüquq məkanına inteqrasiyasına müstəqilliyin ilk illərindən başlanılıb. Bu sahədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, “Mediasiya prosesinin həyata keçirilməsi Qaydaları” təsdiqlənib və Mediasiya Şurası təsis edilib. “Mediasiya haqqında” Qanuna əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etmələri barədə müvafiq norma müəyyənləşdirilib. Bu praktika müxtəlif ölkələrdə fərqli xarakter daşıyır. Məsələn, Türkiyə, İtaliya və digər ölkələrdə Azərbaycan təcrübəsində olduğu kimi, ilkin mediasiya məcburidir.
Mediasiya kommersiya mübahisələrinin həlli üçün effektiv və aktualdır. Dünyanın əksər ölkələrində vətəndaşların çox az hissəsi məhkəmələrə müraciət edir. Belə ki, məhkəmə iclasları illərlə uzana bilir, rüsum, ekspertiza və digər hərəkətlərə əlavə vəsait sərf edilir. Əlavə olaraq, açıq məhkəmə proseslərində kommersiya sirrinin yayılması və ya şirkətin nüfuzuna xələl gəlməsi ehtimalları ola bilər. Yəni, mediasiya prosesində məsələlərin həllinə bəzən çox qısa zaman sərf etməklə vaxt və resurs məsrəflərini minimallaşdırmaq olar. Eyni zamanda, tərəflər mediatorun dəstəyi ilə qərarları özləri qəbul edir və bu hal qərarların icrasını daha da asanlaşdırır. Qeyd edək ki, uğurla keçirilmiş mediasiya tərəflərin münasibətlərinin normal olmasına səbəb olur, konfliktin tənzimlənməsi üçün qəbul edilmiş qərarlar qarşılıqlı əməkdaşlığa imkan yaradır. Vəkil ilə mediatorun arasında ən böyük fərq, mediatorun müstəqilliyi və neytrallığıdır. Mediator heç bir tərəfi təmsil etmir. Əldə edilən barışıq sazişinin özü prosesin hər iki tərəfin məmnunluğu ilə nəticələndiyinin göstəricisidir. Həmçinin mediatorlar və vəkillərin birgə əməkdaşlıq səviyyəsində işləməsi uğurlu mediasiya nəticələrinə gətirib çıxarır.
AZƏRTAC xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlıq fəaliyyəti ilə bağlı yaranan mübahisələrə baxılması zamanı mediasiya alətlərindən geniş istifadə edir. Agentliyə daxil olan şikayət xarakterli müraciətlər operativ qaydada araşdırılır, zərurət yarandığı hallarda dövlət-sahibkar (G2B) və sahibkar-sahibkar (B2B) əməkdaşlıq platforması çərçivəsində üçtərəfli görüşlər təşkil olunaraq, mövcud problem açıq diskusiya müstəvisində müzakirə edilir. Agentlikdən bildiriblər ki, KOBİA-nın regionlarda fəaliyyət göstərən 9 KOB dostu Ədliyyə Akademiyası tərəfindən təşkil olunmuş təlimləri uğurla başa vuraraq mediator sertifikatına yiyələnib. Yerli və beynəlxalq şirkətlər mübahisələrin mediasiya yolu ilə həllində artıq daha maraqlı görünürlər. Keçən ilə nisbətən bu il kommersiya mübahisələri üzrə könüllü müraciətlərin sayında artım müşahidə edilir. Azərbaycan Mediasiya Şurasının məlumatına əsasən, hazırda ölkə üzrə 279 mediator fəaliyyət göstərir ki, onlardan 199-u Bakı, Sumqayıt və Abşeronda, 5-i Naxçıvan Muxtar Respublikasında, 75-i isə digər şəhər və rayonlarda çalışır. 2021-ci ildə mediatorlar tərəfindən 11 min 912 müraciət, bu ilin yanvar-may aylarında isə 16 mindən çox müraciətə baxılıb. Onlardan təqribən 3 min müraciət kommersiya mübahisələridir ki, bunlardan 297-si üzrə barışıq Sazişi imzalanıb.
Britaniyalı zəvvar Adəm Məhəmməd piyada 6,5 min kilometr məsafə qət edərək Məkkəyə çatıb. İndi o, Həcc ziyarətinə hazırlaşır.
AZƏRTAC rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, 52 yaşlı britaniyalı zəvvar 11 ay və 26 gün ərzində Niderland, Almaniya, Çexiya, Macarıstan, Rumıniya, Bolqarıstan, Türkiyə, Livan, Suriya və İordaniya ərazilərindən keçərək Səudiyyə Ərəbistanına daxil olub. O, sutkada orta hesabla 17,8 kilometr məsafə qət edərək Məkkədəki Ayişə məscidinə çatıb. Burada britaniyalı zəvvarı yerli sakinlər və Londondan Həcc ziyarətinə gəlmiş iki qızı qarşılayıblar.
Adəm Məhəmməd bildirib ki, COVID-19 pandemiyasının tüğyan etdiyi ötən iki ildə müqəddəs Quran oxuyub və Həcc ziyarətinə getməyi arzulayıb. Britaniyadakı xeyriyyəçilər ona və iki qızına bu arzularını yerinə yetirməkdə yardım ediblər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Müəssisə ləğv edildiyi üçün işçilərin əmək müqaviləsinə xitam verilibsə, işçilərə ödəniləcək müavinətdən gəlir vergisi hesablanmalıdırmı?
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 2022-ci il 1 yanvar tarixindən qüvvəyə minmiş müddəalarına əsasən, hüquqi şəxsin, onun filial və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə, işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, üç gün davam edəcək və Seçki Qrupunun 30 illiyinə həsr olunmuş toplantıda Azərbaycanı BVF-nin və DB-nin Rəhbərlər Şurasında təmsil edən maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankın sədri Taleh Kazımov da iştirak edir. BVF və Dünya Bankına üzv ölkələrin yüksəkvəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları nümayəndələrinin və rəhbərlərinin, o cümlədən BVF-nin icraçı direktoru Kristalina Georgiyevanın, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerdenin də iştirak etdiyi toplantı çərçivəsində cari məsələlər, eləcə də Seçki Qrupuna üzv ölkələr arasında maraq kəsb edən mövzular ətrafında qlobal və regional perspektivlər nəzərə alınmaqla müzakirələr aparılır.
Seçki Qrupunun və Azərbaycanın BVF-yə qəbul olmasının 30 illiklərinin qeyd olunduğu toplantıda dünya iqtisadiyyatının cari vəziyyəti, yüksək inflyasiya meylləri, Rusiya-Ukrayna müharibəsinin qlobal enerji və ərzaq bazarlarında yaratdığı çağırışlar və bu çağırışlara qarşı aparılmalı mümkün fiskal və monetar siyasətlər əsas diqqət mərkəzində olan məsələlərdir.
Seçki qrupunun toplantısı çərçivəsində Azərbaycan nümayəndə heyəti BVF-nin icraçı direktoru Kristalina Georgiyeva və İsveçrənin maliyyə naziri Ulrix Maurer ilə ikitərəfli görüşlər keçirib.
Balakən sakinləri “Açıq mikrofon” aksiyasının imkanlarından yararlanıblar.
İB-dən AZƏRTAC-a bildirilib ki, bu gün Balakən rayonunda qurulan növbəti səyyar qəbul otağında rayon sakinləri qaz təchizatı ilə bağlı öz təklif və suallarını səsləndiriblər. Vətəndaşlar üzləşdikləri çətinliklərdən söz açaraq, əsasən qaz sayğacının quraşdırılması, yaşayış məntəqəsinin və fərdi evlərinin qazlaşdırılmasına köməklik göstərilməsini xahiş ediblər. Ünvanlanan hər bir müraciət Zaqatala Regional qaz istismarı İdarəsinin və Birliyin İdarəetmə aparatının məsul şəxsləri tərəfindən qeydə alınıb və lazımi izahatlar verilib. Nəzərinizə çatdıraq ki, “Açıq mikrofon” aksiyası bu həftənin 3-cü günü Qax rayonunda, 4-cü günü Oğuz rayonunda, 5-ci günü isə Zaqatala rayonunda keçiriləcək.
Portuqaliya Hava Limanları İdarəsi ANA-nın məlumatına görə, bu gün Lissabon hava limanında 28 reys təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, məlumatda deyilir ki, son üç gündə Humberto Delqado hava limanında enişlər də daxil olmaqla, 104 reys ləğv edilib.
Avropanın bir sıra hava limanlarında məhdudiyyətlər və ötən cümə günü Humberto Delqado hava limanında uçuş-enmə zolağının bir neçə saat bağlanması şəxsi təyyarədə təkərlərin partlaması səbəbindən uçuşların təxirə salınmasının əsas səbəbi kimi göstərilib.
Mövcud vəziyyət işçi çatışmazlığı, tətillər və hava şəraiti, COVID-19-la bağlı vəziyyət və ya gözlənilməz hallar kimi xarici amillərlə bağlıdır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) təşəbbüsü ilə fəaliyyət göstərən İnnovativ Könüllülər “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı zamanı 4 gün ərzində təşkilati işlərdə dəstəyinə görə mükafatlandırılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, RİNN-nin Aparat rəhbərinin müavini Asif İsmayılov və nazirin müşaviri Rəşad Bayramov gəncləri keçdikləri bu təcrübə münasibətilə təbrik edərək, göstərdikləri təşəbbüsün önəmini diqqətə çatdırıblar. Gələcəkdə də bu kimi önəmli layihələrdə birgə fəaliyyətin davam etdiriləcəyinə əminlik ifadə olunub.
Bir sıra ali təhsil müəssisələrinin fəal tələbələrindən formalaşan İnnovativ Könüllülərə sertifikat və hədiyyələr təqdim edilib.