AZ

COP29-un daha bir müzakirə mövzusu – iqlim dəyişikiyi və insan sağlamlığı

Züleyxa NADİR

Müşahidələr göstərir ki, faciəli metereoloji hadisələr, ərzaq və su ehtiyatlarına təsir edən qeyri-sabit iqlim şəraiti, infeksion xəstəliklərin baş verməsinin yeni modelləri və ekosistemin dəyişməsi nəticəsində daha başqa xəstəliklərin yaranması qlobal istiləşmədən irəli gəlir  və sağlamlıq üçün böyük təhlükə yaradır. 
Danılmaz faktdır ki, yüksək hərarətin  buzlaqların əriməsinə təsiri daşqın fəlakətlərinin daha da çoxalmasına yol açır. Tibb mütəxəssislərinin qənaətinə görə, bu, malyariya kimi həyat üçün təhlükəli olan  transmissiv (ötürücü) xəstəliklərin modellərini dəyişir. Ağcaqanad kimi ötürücü həşaratlar vasitəsi ilə yayılan xəstəliklər iqlimə həssas olan insanlara öldürücü təsir göstərir.  Havanın qısamüddətli  intensiv dəyişməsi ürək və respirator (nəfəs yolları) xəstəliklərin ölüm hallarını artıra bilən istilik stressini artıtır (hipertaniya)  və sağlamlığı təhlükə altına alır. Astmaya səbəb olan bitki tozcuqları kimi antropogen və təbii mənşəli bərk zərrəciklərin havada mövsümi yayılmasına təsir edir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqlar çərçivəsində  iki gün öncə keçirilən "İqlim dəyişikiyi və insan sağlamlığı" adlı tədbirdə bu və bənzər məsələlər müzakirə olundu. Azərbaycan Tibb Unuiversitetinin İctimai səhiyyə fakültəsinin Qldalanma və tibbi ekologiya kafedrasında düzənlənən yığıncaq iştirakçıları tələbələri bu məsələlərə daha həssas yanaşmağa, iqlim dəyişiklikləri ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması yollarını öyrənməyə çağırdılar. Kafedranın müdiri dosent Fəridə Əli antropogen amillərin iqlim dəyişikliyinə olan təsirlərindən danışaraq dedi: "Müasir dünyada bir çox qlobal problemlər, müharibələr, epidemiya və pandemiya təhlükələri, millətlərarası və dinlərarası konfliktlər və nəhayət bunlardan daha önəmli olanı isə iqlim dəyişiklikləridir ki, bütün bunlar bəşəriyyətin gələcəyi, ümumilikdə Yer kürəsinin mövcudluğu baxımından çox ciddi təhlükə mənbəyi hesab oluna bilər. İqlim dəyişikliklərinin və ekoloji tarazlığın pozulmasında əsas və ən başlıca səbəb ətraf mühitin, atmosfer havasının kimyəvi tullantılarla çirklənməsi və istixana effektinin yaranmasıdır ki, bu da  iqlim dəyişikliklərinə səbəb olan  əsas göstəricilərindəndir. Kimyəvi maddələr bütün istehsalat sahələrində və insanların həyatında davamlı istifadə olunduğu üçün ətraf mühit müxtəlif formalarda  çirklənməyə məruz qalır. Bu isə öz növbəsində ekoloji tarazlığın pozmasına, əsasən  əhali sağlamlığı üçün təhlükəli vəziyətin yaranmasına səbəb olur. Nəticədə insanlar arasında
tənəffüs sistemi xəstəlikləri, kəskin və xronki zəhərlənmələr, mutasiyalar, uşaqlar arasında fiziki və əqli inkişafdan geri qalmalar və s. müşahidə olunur". 

Ətraf mühitin sağlamlığı, iqlimə uyğunlaşma, iqlim dəyişikliklərinin insan orqanizminə vurduğu müsbət və mənfi təsirləri, bununla bağlı profilaktik tədbirlərin müəyyənləşdirilməsi kimi mövzuların kafedrada tərtib olunmuş proqramlar əsaında tələbələrə yüksək səviyyədə tədris olunmasından bəhs edən Fəridə xanım bu fikri vurğuladı: "Bizim qalaktikada yeganə həyat mənbəyi olan və milyard illərdir mövcud olan Yer Planetinin istər canlı, istərsə də cansız aləmi bu böyük təhlükə ilə üz-üzədir. İqlim dəyişmələri, ekoloji tarazlığın pozulmasının  ətraf mühitə təsiri Bəşəriyyəti ciddi şəkildə narahat etməkdədir.Həmin problemlərlə mübarizəyə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin diqqət ayırması, bu istiqamətdə həmrəyliyin artması məhz planetimizi, canlı aləminvarlığını qorumağa xidmət niyyətindən irəli gəlir.  Canlıların yaşayı¬şı üçün әn başlıca amillәrdәn biri әtraf mühitin әlverişli şәraitdә qorunub saxlanmasıdır. "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində görülən  tədbirlərin heç şübhəsiz, dövlətin ölkə əhalisinə və gələcək nəslin sağlamlığına göstərdiyi diqqətin və qayğının təzahürü olduğuu söyləyən kafedra müdiri qeyd etdi ki, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 2024-cü il noyabr ayında Bakıda keçirilməsi sözügedən istiqamətdə ardıcıl dövlət siyasətinin nümunəsi kimi dəyərləndirilə bilər. Nəzərdə tutulan iştirakçı sayına və miqyasına görə , COP29 Azərbaycanın indiyədək evsahibliyi etdiyi ən böyük tədbir olacaqdır". 

İctimai Səhiyyə fakültəsinin dekanı  dosent Qalina Qəniyeva iqlim dəyişikliyinin qlobal qida təhlükəsizliyinə olan təsirindən danışaraq  tələbələri COP29-da fəal iştirak edərək, müzakirə olunan məsələnin həllinə fərdi yanaşmalarını tövsiyə etdi. Hə bir gənc təhsil aldığı elm ocağında əldə etdiyi biliklərdən istifadə edərək qlobal tədbirə fayda vermiş olar. Bu gün "yaşıl enerji"nin tətbiqi tibbi ekologiyanı öyrənən gənclərin  gələcək fəaliyyətlərində əllərindən tutacaq. ATU-nun müəllimi, universitetin İctimai Nəzarət Şurasının sədr müavini Aida Bəndəliyeva COP-un yaranma tarixindən danışaraq tələbələri məlumatlandıraraq və noyabrda Bakıda keçiriləcək qlobal tədbirin  Azərbaycana gətirəcəyi dividentləri sadaladı.  İxtisasca  əczaçı olan Aida xanım elmi işi üzərində çalışarkən iqlim dəyişikliyindən dolayı  Azərbaycanda dərman bitkilərinin  nə qədər azalığının diqqətini çəkdiyini ürəkağrısı ilə söylədi: "Bu, təkcə Azərbaycanda deyil bütün dünyada  floraya vurulan  zərbədir. Qarşısı alınmasa təbii tərkibli dərmanları  tamamilə kimyəvi tərkibli dərmanlar əvəzləyəcək". 
Tibb üzrə fəlsəfə doktoru, dosent  Şahalı Səmədov çıxışında çox maraqlı məsələyə toxundu: "Əksər alimlərin fikrincə, qlobal istiləşmə Yer planetində antropogen fəaliyyət nəticəsində orta temperaturun uzun müddət (əsrlərlə) tədricən yüksəlməsi hesabına baş verir.  1850-ci ildən başlayaraq hər yeni onillikdə  temperaturun əvvəlki on illikdən yüksək olduğu göstərilir. 1750-1800-cü illər ərzində orta qlobal temperatur 0,8-1,20 C, sonrakı  XXI əsrə qədərki dövrdə təxminən 0,3-1,70C artması qeyd edilir ki, bunun da əsasən istixana qazları hesabına baş verdiyi göstərilir. İstixana effekti ilk dəfə 1824-cü ildə Jozef  Furye, bu effekti yaradan qazlar isə 1896-cı ildə Svante Arrenius tərəfindən öyrənilmişdir. İstixana effektini əsasən su buxarları - təxminən 36-70 faiz  (buludlar nəzərə alınmadan), karbon qazı - 9-26 faiz, metan - 4-9 faiz və ozon - 3-7 faiz  yaradır. Günəş radiasiyasının Yer səthini isitməsi hesabına  oradan ayrılan infraqırmızı şüalar yenidən kosmosa doğru istiqamət götürən zaman havada olan istixana qazları onları udur və troposferin yer səthinə yaxın hissəsinin temperaturunun yüksəlməsinə səbəb olur. İstixana qazlarının təxminən yarısı insanın təsərrüfat fəaliyyəti nəticəsində yaranır və atmosferə qarışır.   Yüksək temperatur ürək-damar sistemi və tənəffüs orqanları patologiyası olanlarda, xüsusən yaşlı insanlar arasında yüksək təhlükə  riski yaradır.
Epidemiologiya və  biostatistika kafedrasının müdiri, professor, Əməkdar elm xadimi  İbadulla Ağayev "yaşıl enerji" siayasətinin nə qədər gərəkli olduğundan bəhs edərək, ölkədə yaşıllıqların artırılmasının,  bu yönümdə ağacəkmə kampaniyasının faydalarını diqqətə çatdırdı. Şəxsən özünün tələbəliyindən üzü bəri universitet həyətində yetişdiriyi ağacdan tutmuş, Azərbaycanın müxtəlif yerlərində, Bakının küçələrində əkdiyi ağacların insanlara verdiyi faydadan dolayı xoşbəxt olduğunu dilə gətirdi: "Bu da mənim "yaşıl enerji"yə verdiyim kiçik bir  töhvədir". 
Universitetin "Təbib" qəzetinin baş redaktoru Məğrur Əliyev, Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Babayeva, ATU Elmi Araşdırmalar Mərkəzinin baş elmi işçisiləri dosent Tariyel Eyvazov və dosent Fatma Rəcəbova,  mərkəzin kiçik elmi işçisi İlhamə Nuriyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı İlahə Əhmədova,  İctimai səhiyyə fakültəsi həmkarlar təşkilatının sədri Səidə Hacıyeva, Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı Akif Əli, "Azərpambıq" Aqrar Sənaye Kompleksi MMC-nin mətbuat katibi Yusif  Mədətov,  Əməkdar jurnalist Əntiqə Qonaq,Beynəlxaq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev iqlim dəyişikliyinin fəsadlarından, COP29-un əhəmiyyətindən, qida təhlükəsiziyini qorumağın zərurətindən, tibbi ekologiyanı öyrənən tələbələrin gələcək fəaliyyət istiqamətlərindən söz açaraq ətraf mühitin sağlamlaşdıırılmasında hər kəsin iştirak etməsinin vacibliyini vurğuladılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
olaylar.az

1Mənbələr