AZ

“Bütövləşən müstəqil Azərbaycanımız” - FOTO

Xətai rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və 59 saylı məktəbin birgə təşkilatçılığı ilə bu mövzuda tədbir keçirilib

Mayın 27-də Xətai rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və 59 saylı məktəbin birgə təşkilatçılığı ilə 28 May-Müstəqillik Gününə həsr edilən  "Bütövləşən müstəqil Azərbaycanımız"  mövzusunda tədbir keçirilib.

Öncə məktəb şagirdlərinin ifasında Azərbaycanın müstəqillik tarixini özündə əks etdirən bədii kompozisiya təqdim edilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadəbildirib ki, 28 may 1918-ci il  xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunub. Azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində arzusuna qovuşdu. Bununla da Şərqdə ilk azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi.  Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişinin məntiqi nəticəsi kimi meydana çıxıb. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoydu, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirdi. 

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Lakin bu, xalqımızın azad, müstəqil yaşamaq istəyini söndürmədi, əksinə daha da alovlandırdı. 1991-ci il 18 oktyabr tarixində müstəqilliyimiz yenidən bərpa olundu. Lakin ilk illərdə ölkədə xaosun, özbaşınalıqların hökm sürməsi Azərbaycanı böyük faciələrlə üz-üzə qoydu. Azərbaycan bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək, müstəqilliyini itirmək təhlükəsini yaşadı.  Xalq bu çətin gündə də ümidini itirmədi. Vətənini, xalqını canından artıq sevən, "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır" söyləyən Ümummilli Lider Heydər Əliyevin ölkəsinin, xalqının taleyinə biganə yanaşmayacağına əmin idi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqillik tarixinin yeni bir mərhələsinin başlanğıcı oldu. Ümummilli Lider düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanı faciələrdən, təhlükələdən xilas etdi, müstəqilliyimizin daimiliyinin, dönməzliyinin, sarsılmazlığının möhkəm təməlini yaratdı. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl  Azərbaycanı Prezident İlham Əliyevin rəhbərliyi ilə  tarixi Zəfərə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsinə qovuşdurdu. Bu gün bayramlarımızı, tarixi günlərimizi bütün ölkə ərazisində qeyd etməyimizdən böyük qürur hissi keçiririk.  Milli qürurumuzun, kimliyimizin rəmzi olan üçrəngli Bayrağımız tarixi sahibinə qovuşmuş bütün torpaqlarımızda dalğalanır.

59 saylı məktəbin direktoru  Fəzail  Məmmədov Azərbaycanın müstəqillik tarixinin zənginliyindən, Zəfər dolu səhifələrindən geniş bəhs edib. Bildirib ki, tarixinə sahib çıxan xalq yenilməzdir, məğlubedilməzdir. Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin əsas çağırışı bu olub ki, gənclərimiz tariximizi yaxşı öyrənməli və təbliğində fəal iştirak etməlidirlər. Azərbaycanın müstəqillik yolunun heç də hamar olmadığını dərk etmək üçün ayrı-ayrı mərhələlərin müqayisəli təhlilinə böyük ehtiyac vardır.    Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi müstəqillik tariximizin vərəqlənməsində, hər bir səhifəsinin oxunmasında,  indiki və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadı.

Şəhid atası Meyvəddin Ramaldanov, şəhid anası  Həcər İsmayılova, şəhid atası  Pərviz Umudlu çıxış edərək Azərbaycanın müstəqillik tarixinin Zəfər dövründən danışıblar.  Bildiriblər ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə  Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından başlanan inkişaf yolunun uğurları bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Qürurla qeyd edirik ki, bugünkü müasir müstəqil, qalib Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Heydər Əliyev siyasətinin layiqli davamçısı, Müzəffər Ali Baş  Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müstəqillik tariximizin şanlı Zəfər səhifəsini yazdı. Tarixi Zəfərimizdən üç il sonra isə Prezident İlham Əliyevin  uğurlu siyasətinin nəticəsi olaraq ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edildi, Azərbaycan  yeni dövrə qədəm qoydu. Qanları, canları ilə tarix yazan şəhidlərimizin bu gün ruhu şaddır. Azərbaycan Bayrağı  işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanır.

Sonda tədbirin təşkilatçısı Gültəkin HacıyevayaTəşəkkürnamə, təhsildə fərqlənən bir qrup  şagirdə  Fəxri fərmanlar təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
7
olaylar.az

8Mənbələr