AZ

 50 ailədən biri:  Xocalıya dönən Ceyran xanımın dostları ilə kövrək anları

Bir həftə əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev verdiyi açıqlama nəin ki tək xocalıları, hətta deyərdim ki, bütün Azərbaycanı sevindirdi. İ. Mirzəyev açıqlamasında bildirdi ki, Xocalı şəhərinə 50 ailənin köçürülməsi may ayının sonuna qədər baş tutacaq.

Bundan əvvəl Qarabağa köçünlərin dönməsi ilə bağlı xəbərlər onsuzda qəlbimizi sevindirmiş, ordumuza və dövlətimizə sevgimizi daha da alovlandırmışdı. Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Laçın və diğər rayonların əhalisi 31-32 illik həsrətdən sonra kövrələ-kövrələ, sevinə-sevinə yurdlarına dönüb. Bu qeyd etdiyimiz kim Azərbaycan tarixində ən sevindirici qürurlandırıcı günlərdən biri kimi artıq yaddaşımıza yazıldı.
işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.

İ. Mirzəyev Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası çərçivəsində Xocalı şəhəri yenidən salınır. Yaxın günlərdə şəhərdə bərpa edilmiş və yenidən tikilmiş fərdi yaşayış evlərinə 50 ailənin köçürülməsi nəzərdə tutulduğunu bəyan edəndən sonra sevincimiz ikiyə qatlandı.
Bəli, bu gün çox tarixi bir gündür. Bu gün yurda dönmək növbəsi xocalılılarındır.
Belə bir böyük sevincə şahid olmaq üçün ötən gün Xocalı sakini, şəhid xanımı, təzəlikcə Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri seçilmiş Ceyran Əzizova ilə görüşmək, onun indiki halını müşahidə etmək üçün yola düzəldim. Mehdiabad qəsəbəsi ərazisində yerləşən "Qarant" yaşayış massivində köçkünlər üçün tikilmiş mənzillərdən birində vətən həsrəti yaşayan Ceyran xanımgilə çatdım.
Əvvəlcə oxucularımıza Ceyran xanım haqqında məlumat verim ki, sonrakı söhbətlərimizdə Ceyran xanımın bu gün hansı hissləri yaşadığını siz də təsəvvürünüzə gətirin.
Xocalıda anadan olan Ceyran xanım 1992-ci ilin o dəhşətli fevral gecəsində 68 qohumunu itirib. 27 yaşı olarkən, Xocalı faciəsinin şahidi olub.

İki övladının atasını, ömür-gün yoldaşını, döyüşçü Vasif Məmmədovu da o soyuq -şaxtalı gündə itirdi. Xocalının girişində tikdirdiyi yeni evi, gəncliyi, gəlinliyi, xoşbəxt ailəsi, firavan günləri, gələcək xoş arzuları, planladığı həyatı bir gecənin içində xarabazara çevrildi, darmadağın oldu. Daşlara çırpılmış, cilik-cilik olmuş billur qaba bənzər bir tale... 31 ilin soyuq qış gecələrində, məşum fevralında, ilin 12 ayında cilik-cilik olmuş taleyinə ağı deyib ağlayan qadındı Ceyran!

O gecədən sonra 27 yaşlı gəlinin ürəyi qocaldı, ruhu yaşlandı, bir dəfə gəldiyi həyatı istədiyi kimi yaşamağı özünə haram elədi. Elə o gecədən sonra xoşbəxtliyini Vasiflə birlikdə Ağdam torpağına dəfn edib, boynunun borcunu yerinə yetirməyə qalxdı.

Namusla,-qeyrətlə İki atasız oğul böyüdüb, onlara tərbiyə verib, ev-eşik sahibi edib. Gözəldir deyilmi? Amma bir də bu gənc qadının kiprikləri ilə götürdüyü odu-közü düşünün, çarəsiz duruma düşəndə ürəyində keçənləri, köməyə harayladığının gəlmədiyinə yana-yana ağladığını, dünyadan xəbərsiz uşaqlarının eşitməməsi üçün hönkürtüsünü- hıçqırtısını qəhər edib boğazında düyünləməyini düşünün! Ceyran xanım bu fədakarlığının qarşısında heç vaxt Vasif Məmmədovun nə təşəkkürünü, nə nəvazişini, nə də pıçıltısını eşidə bilməyəcək! Halbuki, hər zaman o təşəkkürü Şəhid Vasifin özündən olmasa da, ruhundan gözləyib.
Ceyran övladlarına ana da oldu, ata da oldu, qardaş, bacı, əmi-dayı da oldu. Bütün gücü, qüvvəsi ilə çalışdı-işlədi ki, uşaqları boynu bükük, "yetim-yesir" günündə görünməsin, atalılardan, arxalılardan "sınıq" olmasın.Bacardı da! Asif də, Rəvan da Şəhid Vasifin adına layiq bala oldular! Hətta Ceyran nənə də oldu...Hər sevincin içində bir kədər, hüzn, bir "boynuburuq"luq oldu...
Anladım ki, həyat hekayəsi məşəqqət dolu olan o 50 ailənin də Xocalıya dönüşü əslində ən böyük təsəllidir, 32 ildə xocalılıların dərindən sevinməyən qəlblərinə məlhəm, odu sönmüş gözlərinə həyat işığı, yaralarının qaysaq tutduğu gündür. Demək olar ki, əsl bayramdır.
Ceyran xanımgilə çatanda onun xətrini əziz tutan, yaralarına ehtiram göstərən dostlarının da gün ərzində gəlib ona gözaydınlığı verdiyini söyləyən ev sahibəsinin gözlərinə baxıram. Gözlər gah gülür, gah bir nöqtəyə ilişib qalır, gah duman çökür və damlalar yanağı aşağı süzülürdü. Özü də qeyd edir ki, Əntiqə heç bilmirəm hansı halımı daha çox yaşayım?: Bilmirəm, uşaq kimi attanım -düşüm, səsim çatdıqca bağırım, "urraa" evimizə qayıdıram deyim. Görəsən ucadan, lap uçadan bağırsam səsim Vasifə çatar? O bilir ki, artıq evimizə gedirəm? Vasifin hər daşında, hər hörgüsündə əllərinin izi, zəhməti qalıb. mən həmin evə
dönürəm. Az qalıram bağıram ki, Vasif gəl dönək evimizə... (ağlayır) Qoşuluram Çeyran xanıma...
Ailəsinin bir üzvünü itirmək və onsuz onun olmadığı yerdə olmaqda bir ayrı dərddir.
Oğlu Asifin zəngi gələn kimi gözlərinin yaşını silib, onunla heç nə olmamış kimi danışır. Telefonun o başında onun da həyəcan dolu səsini hiss etmək mümkündür.
Telefon danışığı bitəndən sonra Ceyran xanım sanki ağrılı -açılı xatirələrini unudub "yurda dönüş " əhval ruhiyyəsinə keçir: Var olsun dövlətimi, evimi başdan -ayağacan təmir edib, İçinə əşyalar da verib. Ora çatan kimi sənə şəkillərin çəkib atacağam! Allah dövlətimizi də , dövlət başçımızı da qorusun! Bizə o torpaqları qaytaran şəhidlərin ruhuna qurban olub, qazilərimizə can sağlığı arzulayıram. Biz hazırda bir möcüzəyə şahidlik edirik. Qarabağda bir nəfər də olsa, bir terrorçu, separatçı, düşmən erməni olmayacaq".
Söhbətimizin maraqlı yerində qapının zəngi çalındı. Ceyran xanımın gülümsünərək " yəqin ki, mənimlə vidalaşmağa gələn dostlardan, tanışlardandır" deyib qapını açdı. Səhv etməmişdi. Onun qonaqları Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədr müavini Elnur Abasov və onun qardaşı Mövsümağa Abasov idi. Uzun illərdi, Ceyran xanımla bir təşkilatda fəaliyyət göstərmiş bu qardaşlar Xocalılıların yurda dönməsinə elə Ceyran xanım qədər sevincli idilər.
Elnur Abbasov deyir ki, xəbər çıxandaki, Xocalıya dönən 50 nəfərin içərisində Ceyran xanımın da adı var, telefonla zəng edib, gözaydınlığı verdim, sevincimi bölüşdüm. Qardaşım Mövsümağa hardansa eşitmişdi, evə sevinclə gəldi ki, xocalılılar yurda dönür, xəbərin var , Ceyran xanım da o 50 nəfərin içərisində. Qərara gəldik ki, gərək gedək, sonuncu dəfə qalacağı "müvəqqəti" evində Ceyran xanımı da onun oğullarını da, nəvələrini də ürəkdən təbrik edək, "gözünüz aydın olsun" deyək.
Mövzümağa müəllim qeyd edir ki, dəfələrlə xarici ölkələrə səfər edib:" Hətta qardaş ölkələrə gedərkən də alnımızdakı "Xocalı" adlı qara ləkəyə görə utanmışam, başımı aşağı dikmişəm. Halbuki hərbçi olmuşam, kəşfiyyat komandiri kimi fəaliyyətim olub. Amma Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusunun Qarabağı azad etməsi, xüsusən, Xocalı yarasına məlhəm olması tək ölkəmizdə yox, bütün dünyada başımızı dik tutub gəzməyimizə rəvac veredi. Arzu edirik ki, Ceyran xanım övladları ilə evinə döndükdən sonra bizi qonaq çağırsın, gedək Qarqarçayın sahilindəki Xocalının çal-çağırlı günlərini görək".

P.S. Dünənki görüşümüzü sizə təqdim edərək , Ceyran xanıma zəng vurdum. Dedi ki, hazırda yoldayıq. Hardasa 2-3 saata qədər Xocalıya çatacağıq. Evimdən olan ilk fotoları sizinlə bölüşəcəyəm.... Amma çatım...
Kəsik-kəsik danışığından hiss olunurdu ki, Ceyran xanım həyəncanının, hisslərinin, duyğularının ağuşundaydı. Axı 32 ildən sonra öz evinə dönür....

Əntiqə Rəşid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
adalet.az

1Mənbələr