AZ

Eltun Süleymanov: “Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması Prezident İlham Əliyevin xarici siyasətinin növbəti qələbəsidir”



“Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsindən dörd il keçir. Artıq dörd ildir ki, xalqımız işğaldan azad etdiyi ərazilərində möhtəşəm bərpa-quruculuq işləri həyata keçirir. Bununla yanaşı Ölkə Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan yeni-yeni parlaq qələbələrə də imza atmaqda davam edir. Dövlət başçımızın yürütdüyü praqmatik daxili və xarici siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan 2020-ci ilin 8 noyabr tarixində özünün dövlətçilik tarixində indiyədək əldə etdiyi uğur və nailiyyətlərin ən böyüyünə, ən şərəflisinə imza atdı. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 44 gün davam edən Vətən müharibəsində tarixi Qələbə qazanaraq Ermənistanın 30 il işğal altında saxladığı ərazilərini geri qaytardı və bununla da ölkənin ərazi bütövlüyü bərpa olundu. Bu tarixi Qələbədən üç il sonra, 2023-cü il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması Azərbaycanın növbəti parlaq qələbəsi idi və bu addımı atmaqla dövlətimiz bütün dünyaya açıq-aydın mesaj göndərdi ki, heç kim bizim daxili işlərimizə müdaxilə edə bilməz. 19 sentyabr 2023-cü il tarixində isə Azərbaycan bir sutkadan da az müddət ərzində keçirdiyi antiterror əməliyyatı nəticəsində ölkənin bütün ərazisində öz suverenliyini tam bərpa etdi. Nəhayət iki gün bundan öncə, may ayının 25-də Qazaxın 4 kəndi heç bir vasitəçi olmadan, heç bir hərbi əməliyyat keçirilmədən Azərbaycana qaytarıldı. Birmənalı olaraq demək lazımdır ki, bu qələbə cənab Prezident İlham Əliyevin inamla həyata keçirdiyi uğurlu xarici siyasətinin növbəti təntənəsidir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Fikirlərini davam etdirən müsahibimiz bildirib ki, erməni işğalına son qoymaq üçün hərbi əməliyyatların başlanması əslində 2020-ci ilin sentyabrından hələ çox əvvəl artıq tarixi zərurət kimi ortaya çıxmışdı: “Münaqişənin guya ki, sülh yolu ilə həlli məqsədilə 30 il ərzində aparılan danışıqların heç bir nəticə verməməsi müharibəni zəruri edən əsas amil idi. Məsələ bundadır ki, əslində beynəlxalq təşkilatlar, o cümlədən vasitəçilik missiyasını üzərilərinə götürmüş ATƏT-in Minsk qrupu qarşılarına ümumiyyətlə belə bir məqsəd qoymamışdılar. Dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisəsi ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışdılar. Beynəlxalq təşkilatların bütün səyləri münaqişənin dondurulmasına, Azərbaycana hərbi əməliyyatlara başlamağa imkan verməməyə yönəlmişdi. Eyni zamanda da erməni qəsbkarları artıq ölkəmizə qarşı yeni ərazi iddiaları irəli sürməyə başlamışdılar. Lakin cənab Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparılırdı. Dövlət başçımız gözəl bilirdi ki, Azərbaycan gec-tez məhz hərbi yolla öz torpaqlarını işğaldan azad etmək məcburiyyətində qalacaq. Və bu gün gəldi, 2020-ci il 27 sentyabr tarixində Ermənistan Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini növbəti dəfə şiddətli artilleriya atəşinə tutmaqla hərbi qulluqçularımızın və dinc sakinlərin ölümünə səbəb oldu. Bundan sonra düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Azərbaycanın başladığı hərbi əməliyyatlar tezliklə Vətən müharibəsinə çevrildi və cəmi 44 gün davam edən bu müharibənin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi” – deyə, Eltun Süleymanov fikirlərini sona çatdırıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
aia.az

1Mənbələr