AZ

Azərbaycan Qlobal Cənub və Qərb arasında körpü olacaq



Ölkə Prezidenti cənab İlham Əliyevin aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibəsi hər zaman olduğu kimi bir çox əhəmiyyətli məqamlarla yaddaqalan olub. O cümlədən COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın yaşıl gündəliyi barədə açıqlama verən dövlət başçımız bildirib ki, hazırda neft və təbii qaz ixracatçısı olan Azərbaycan yaxın gələcəkdə Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq. Cənab Prezident xüsusi olaraq vurğulayıb ki, ölkələr malik olduqları təbii sərvətlərə görə deyil, onlardan necə istifadə etdiklərinə görə dəyərləndirilməlidirlər. COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan özünün və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq məqsədilə bir çox neft hasil edən ölkələrlə işləyir.

Daha sonra qeyd olundu ki, COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacaqdır. Bu məqsədlə Azərbaycan tərəfindən COP üçün yenilik olan bir təşəbbüs daha irəli sürülmüşdür ki, bu da üç ölkə mexanizminin yaradılmasıdır. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. BƏƏ, Azərbaycan və Braziliya müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edirlər. Bu da qarşılıqlı səylər və həmrəylik göstərilməsi, bir-birini günahlandırmaq tendensiyasının dayandırılması üçün gözəl zəmin ola bilər. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Bu diplomatiyadır, siyasətdir, maliyyədir və Azərbaycan bunun üçün bir platforma yaradılmasına çalışacaq.

Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq. Qlobal Cənub və Qərb iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməyin, həmrəyliyin, ortaq məsuliyyəti necə gücləndirməyin və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmağın yollarını fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə edəcəklər.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri.




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
4
aia.az

5Mənbələr