AZ

Azərbaycan çempionu: "Düşünürəm ki, buna layiqik"

"11-ci dəfə çempion olduq. Düşünürəm ki, buna layiqik".

"Report" xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının qaliblərinin mükafatlandırma mərasiminin ardından jurnalistlərə açıqlamasında "Qarabağ" klubunun futbolçusu Toral Bayramov deyib.

Komandası ilə birlikdə 11-ci dəfə Azərbaycan çempionu olmuş futbolçu geriyə ancaq xoş xatirələr qaldığını söyləyib: "Çox sevincliyik. Bizim üçün uğurlu və möhtəşəm mövsüm alındı. Mövsümə əvvəlində güvənsiz başlasaq da, sonradan toparlana bildik. Geriyə baxsaq, xoş xatirələrimiz çox oldu"

Müdafiəçi mövsümü heç də asan keçirmədiklərini vurğulayıb: "Asan mövsüm olduğunu deməzdim. Əksinə daha çətin olduğunu düşünürəm. Xatırlayırsınızsa, çempionatın əvvəlində birinci pilləyə yüksələ bilmirdik, 2-cü, 3-cü yerlərdə qalırdıq. Ancaq var gücümüzü ortaya qoyduq, sonda da 8 tur əvvəl çempion olmağı bacardıq".

"Qarabağ"da qalıb-qalmayacağı ilə bağlı sualı cavablandıran T.Bayramov bu məsələlərlə klub rəhbərliyinin məşğul olduğunu söyləyib: "Bunun barəsində danışmaq istəmirəm. Belə işlərlə menecerlər, klub rəhbərliyi məşğuldur. Danışa biləcəyim bir mövzu deyil. Yaşayarıq görərik".

"Çempionlar Liqasında ölkəmizi, xalqımızı təmsil edəcəyik. Daha da "artırıb", xalqımızı və azarkeşlərimizi sevindirməyə çalışacağıq" - deyə futbolçu əlavə edib.

Qeyd edək ki, hələ 8 tur əvvəldən çempionluğu təmin edən "Qarabağ" Azərbaycan Premyer Liqasının son matçında "Araz-Naxçıvan"la qarşılaşıb və görüş 2:2 hesabı ilə bitib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
3
hakimiyyet.az

4Mənbələr