AZ

Azərbaycan beynəlxalq təşəbbüskarlıq mərkəzidir

Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan bir çox məsələlərdə də dünyaya nümunədir. Bu sırada müxtəlif istiqamətli beynəlxalq tədbirlərə uğurlu ev sahibliyi də yer alır. Bu baxımdan Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin də yaddaqalan olacağı və başqa ölkələrə nümunə göstəriləcəyi heç kimdə şübhə doğurmur.

Bunu   açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib.

Bu məqamın Azərbaycana qarşı haqsız mövqeyi ilə önə çıxan Fransanın yuxusunu ərşə çəkdiyini deyən deputat əlavə edib: “Mayın 24-də Paris Şəhər Şurası Azərbaycanın COP29-a ev sahibliyini boykot etmək barədə qərar verib. Bu, ilk dəfə deyil ki, Fransa rəsmiləri Azərbaycanın COP29 sədrliyini hədəf alır. Bundan əvvəl, Fransanın Avropa və Xarici İşlər Nazirliyi tərəfindən aprelin 16-da verilən açıqlamada da bu istiqamətdə çağırışlar mövcud idi. Avropa və xarici işlər naziri Stefan Sejurnenin verdiyi açıqlamanın da ölkəmizin COP29 sədrliyini hədəf aldığı hər birimizə məlumdur”.

Azərbaycanın COP29-a ev sahibliyinin rəsmi Paris tərəfindən boykot edilməsi cəhdlərinin iqlim dəyişikliyi sahəsində ümumdünya səviyyəsində aparılan işlərə zərbə olduğunu vurğulayan Vüqar İskəndərov deyib: “Fransa tərəfi anlamalıdır ki, Azərbaycanın sədrliyinə bütün ölkələr yekdil şəkildə qərar verib və bu qərar Azərbaycana verilən yüksək etimadın göstəricisidir. Lakin, görünən odur ki, Fransa tərəfi bu yekdil qərarı heçə sayır və ölkəmizin iqlim dəyişikliyi sahəsində apardığı işlərə dəstək əvəzinə bu fəaliyyəti sual altına qoyur. Fransa tərəfinin bu qərarı iqlim dəyişikliyi problemini əbəs yerə siyasiləşdirmək cəhdindən başqa bir şey deyil. Bu cəhdlər ümumilikdə iqlim dəyişikliyi ilə mübarizədə aparılan işlərə kölgə salmaq məqsədi daşıyır. “Paris razılaşmasının” qəbul edildiyi bir şəhər tərəfindən atılan bu addım, həmçinin beynəlxalq razılaşmalara və beynəlxalq hüquqa hörmətsizliyin bariz nümunədir”.

Deputatın sözlərinə görə, rəsmi Bakının COP29 çərçivəsində gördüyü işlərə, planetin ekoloji təmizliyinin qorunması, “yaşıl enerji”yə keçidlə bağlı irəli sürdüyü beynəlxalq təşəbbüslərə əhəmiyyət verməyən rəsmi Parisin belə addımlar atmasının səbəbi, həmçinin son dönəmdə Fransanın xarici siyasət sahəsində uğursuzluqlarını, Afrika qitəsində, dənizaşırı bölgələrində bu ölkəyə qarşı baş verən iğtişaşları ört-basdır etmək niyyətindən xəbər verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
xalq.az

1Mənbələr