AZ

Kiberədliyyəyə doğru: Məhkəmə qərarlarının proqnozlaşdırılmasının üstünlükləri və riskləri

Ötən il ərzində məhkəmə-hüquq sisteminə müsbət ictimai və beynəlxalq imic qazandıran mütərəqqi yeniliklərə imza atılmışdır.

Avropa Şurası Nazirlər Komitəsi və Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarının İcrası Departamentinin 1475-ci iclasında (sentyabr 2023) Azərbaycanla bağlı hesabatında GRECO (Korrupsiyaya qarşı Dövlətlət Qrupu) tövsiyələrinə cavab verən qanunvericiliyə edilmiş bu son dəyişikliklər yüksək qiymətləndirilmişdir.1.

Artıq müasir cəmiyyətin sürətlə dəyişdiyi və məhkəmə sistemlərinə təsir etdiyi bir dövrə uyğunlaşmağımız üçün islahatlar çərçivəsində növbəti addım olaraq Süni İntellektin (mətndə Aİ - Artificial İntelligence) tətbiqi zərurəti yaranmışdır.

Bununla bağlı qeyd edilməlidir ki, Avropa Birliyində artıq Avropa üçün Süni İntellekt üzrə Regionlar Komitəsi yaradılmışdır. Avropa İqtisadi və Sosial Komitəsi “Süni intellektin (rəqəmsal) vahid bazarda istehsal, istehlak, məşğulluq məsələlərinə və cəmiyyətə təsiri” barədə 31.08.2017-ci il tarixli tövsiyyəsini vermişdir. Növbəti addım olaraq 10 aprel 2018-ci ildə 25 Avropa ölkəsi süni intellekt sahəsində əməkdaşlıq barədə Bəyannamə imzalamışlar. Bir sıra dövlətlər “Məhkəmə qərarlarının proqnozlaşdırılması” (predict courts’ decisions) və ya “Məlumatlara əsaslanan ədliyyə” (Data-driven justice) proqramının tətbiqi sahəsində milli təşəbbüslərini elan etmiş və məsələnin həllinə dair ümumavropa yanaşmasını qəbul etmək niyyətində olduqlarını bildirmişlər.2

Avropa məkanında və ABŞ-da Aİ artıq məhkəmə və hüquq-mühafizə sistemlərində geniş istifadə olunur.

Ölkəmizdə Ali Məhkəmənin məhkəmə qərarlarının “açar söz”, “mətn üzrə” elektron axtarış sistemlərinin yaradılması demək olar ki, “Məhkəmə qərarlarının proqnozlaşdırılması”nın tədbiqinin ilkin addımları kimi qəbul edilməlidir. Latviyada ədalət mühakiməsinin təhlili üçün avtomatlaşdırılmış təhlil imkanlarının öyrənilməsinə başlanılmışdır. Hollandiyada 2015-ci ildən fiziki şəxslərlə bağlı bütün proseslərdə (icarə, ailə mübahisələri və s.) barışıq platforması olan “Rechtwijzer” fəaliyyət göstərir.3

Fransa Avropada Aİ proqramının tətbiqi üzrə liderdir. Burada fəaliyyət göstərən Justice.fr, Sagace, Consultation Avocats, JuriNET vasitəçilik platformaları vətəndaşlara və peşəkar hüquqşünaslara yardım edir. İnzibati işlər üzrə qərarlar data.gouv.fr saytından yüklənə bilər. 2017-ci ildə ilk olaraq Duaye və Ren vilayətinin apellyasiya məhkəmələri üç ay çəkən prosesi hakimlər kollegiyası və prediktiv proqram vasitəsilə aparmışlar. Fransız hüquqşünasları MQP-nin inzibati məhkəmələrdə baxılan sosial mübahisələrdə daha səmərəli işlədiyini qiymətləndirirlər.4

Londonda Metropolitan Polisi konsert, festival və futbol yarışları kimi izdihamlı ictimai tədbirlərdə avtomatlaşdırılmış üztanıma sistemindən (AFR) istifadə edir. Mobil kameralar insanların üzlərini skan edərək görüntülərini şübhəli şəxslərin (cinayətkarların) üzləri ilə tutuşduraraq müəyyən edir. Lakin mətbuatda qeyd edilir ki, avtomatlaşdırılmış üztanıma ictimai yerləri biometrik yoxlama nöqtələrinə çevirmək riski yaradır. Bəzi hallarda belə yoxlamalar nəticəsində hətta əsassız həbslər də olur. Buna görə son zamanlar insanlar kütləvi yığıncaq yerlərinə getməkdən çəkinirlər.5

Amerika Birləşmiş Ştatlarının məhkəmə sistemində Süni İntellektdən artıq uzun müddətdir ki, geniş istifadə edilir (COMPAS alqoritmləri, RAVEL LAW, ROSS chatbotlar). Los-Anceles Polis İdarəsində PredPol (Prediktiv polis) proqnozlaşdırıcı polis sistemi işləyir. Sistem şəxslərin davranışlarına dair məlumatları təhlil edərək cinayətkarları ifşa edir və bununla da cinayətkarlıqla mübarizənin səmərəliliyini artırır. Amerikalı hakimlər çox vaxt şübhəli şəxsin yenidən cinayət törətmə ehtimalını qiymətləndirmək üçün bu proqramdan istifadə edirlər. Lakin qeyd edirlər ki, bu proqramın tətbiqi də risklidir. Belə ki, Viskonsin ştatında ABŞ vətəndaşı E.Lumis avtomobil oğurluğuna görə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Kifayət qədər sübut olmadığından polis bu işdə “Alternativ Sanksiyalar üçün İslahedici Cinayətkar İdarəetmə Profili” (COMPAS - Correctional Offender Management Profiling for Alternative Sanctions) proqramından istifadə etmişdir. Proqram E.Lumisin təqsirli olması ilə bağlı qərarı bu kimi şəxslərin residiv riskinin yüksək olması ilə əsaslandırmışdır. Məhkəmə də həmin proqram nəticəsinə görə şəxsi təqsirli hesab etmişdir. E.Lumis hökmə etiraz edərək “ədalətli məhkəmə”nin olmadığını bildirsə də, ABŞ Ali Məhkəməsi hökmün qanuni olduğunu təsdiq etmişdir.6

ABŞ-da hələ 1970-1980-ci illərdə LexisNexisWestlaw kimi böyük hüquq nəşriyyatlarının rəqəmsal resurslarından istifadə edilərək müasir onlayn tədqiqat bazalarının əsası qoyulmuşdur. 2012-ci ildən yaradılmış Ravel Law7 proqramı həmin məlumat bazalarından istifadə edərək mətnlər (textual patterns) və hakim rəyləri (judges opinions) istifadə edərək konkret işlərin presedentlərini yaradır. Bu proqram amerikalı hakimlərin “daxili inamı”nı əvvəlcədən müəyyən edə bilir. 2016-cı ildən Ravel Law şirkəti tərəfindən təqdim edilmiş yeni Süni İntellect "Məhkəmə Analitikası" (Court Analytics) forumlarını müqayisə edərək mümkün nəticələrin qiymətləndirilməsinə kömək edir. «Judge Dashboard» proqramı hakimlərin baxdığı işləri, mövqelərini, rəylərini və qərarlarını təhlil edərək hakimin müəyyən iş üzrə hansı qərarı qəbul edəcəyini proqnozlaşdırır.

«Lex Machina» hüquqi analitik platformasından da geniş istifadə edilir.8 Məsələn, "Timing Analytics" funksiyası Süni İntellektdən istifadə edərək konkret hakimin işi hansı müddətə baxıb yekunlaşdıracağı müddəti proqnozlaşdırır. «The Party Group Editor» funksiyası isə, istifadəçilərə seçdikləri vəkillərin məhkəmədəki təcrübəsi və baxılan işlər nəzərə alınaraq apardığı işin uğurlu olub-olmayacağını təhlil edir.

Bununla belə London Universitet Kollecinin tədqiqatçıları Strasburqda Avropa İnsan Hüquqları Məhkəməsində gedən 584 işə aid məlumatları tədqiq edərək heyrətamiz nəticəyə gəlmişlər. Araşdırma nəticəsində məlum olmuşdur ki, AİHM-in hökmləri hüquqi dəlillərdənsə ədalətli məhkəmə, işgəncə və ləyaqəti alçaldan rəftarla bağlı işin faktiki hallarına daha çox əsaslanır. Odur ki, süni zəkalı "hakim" mövcud işi qanuni təhlil edə və işlərin 79 faizində insan hakimləri ilə eyni hökmü çıxara bilmişdir.9

Buna baxmayaraq ekspertlərin fikrincə insanlar barədə məlumatların onların razılığı olmadan toplanması və istifadə edilməsi gələcəkdə böyük risklərə səbəb ola bilər. Belə ki, Facebook-un "Cambridge Analytica" ilə bağlı qalmaqalını xatırlayaq.10 Həmçinin “Microsoft” şirkəti süni intellektli eksperimental “Twitter” robotu “Tay”-ın irqçi və antisemit olduğunu təsdiqlənmiş və istifadə etdiyi ifadələrə görə üzr istəmişdi. Elon Musk-ın da təmsil olunduğu “OpenAI” şirkəti süni intellekti “ChatGPT”-nin suallara səhv cavab verə biləcəyini və cavablarının qərəzli ola biləcəyini açıqlamışdır.11

Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) potensial sui-istifadələrdən qorunmaq məqsədilə 2018-ci ildə qəbul etdiyi “Süni intellektin məhkəmə sistemləri və onlarla bağlı münasibətlərdə istifadəsinə dair Avropa Etik Xartiyası”nda aşağıdakı prinsipləri bəyan etmişdir:12

1. Fundamental hüquqlara hörmət prinsipi: süni intellektlə əlaqədar metod və xidmətlərin hazırlanması və tətbiqi işi fundamental hüquqlara uyğun gəlməlidir.

2. Ayrı-seçkiliyin yolverilməzliyi prinsipi: ayrı-ayrı şəxslər, yaxud şəxslər qrupları arasında hər hansı ayrı-seçkiliyin yaranması və ya fəallaşması hallarının qarşısı birbaşa alınmalıdır.

3. Keyfiyyət və təhlükəsizlik prinsipi: məhkəmə qərarları və məlumatının işlənməsinə gəldikdə, rəsmi mənbələr və qeyri-maddi məlumat təhlükəsiz texnoloji mühitdə, çoxşaxəli araşdırmalara istinadən istifadə edilməlidir.

4. Şəffaflıq, qərəzsizlik və ədalət prinsipi: məlumatın işlənməsi metodlarının əlçatan və anlaşıqlı olması, kənar yoxlamalara icazə verilməsi.

5. “İstifadəçi nəzarəti altında” prinsipi: göstərişlərə əsaslanan münasibətlərin qarşısının alınması, istifadəçilərin məlumatlandırılması və seçimlərinə nəzarət edə bilmələrinin təmin edilməsi.

Yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlirik ki, informasiya texnologiyaları tərəfindən təklif olunan imkanlarla “Proqnozlaşdırılan ədalət mühakiməsi”nin və Aİ-nin tətbiqi məhkəmə sistemində müəyyən problemlər yarada bilər. Halbuki əslində Süni İntellektin tətbiqində məqsədimiz qanunun aliliyinin, məhkəməyə çatımlığın və ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsinə xidmət etməkdir. Ona görə də bu sahədəki yeniliklər diqqətlə araşdırılıb qiymətləndirilməlidir.

Qeyd edilməlidir ki, burada əsas məqsəd insan faktoru olmadan qərar qəbul edə bilən “robot hakim” yaratmaq deyil. Belə ki, ənənəvi məhkəmədə hakimlər ağlabatan müddətdə işə baxaraq qərar qəbul etməyə çalışdıqları halda, “Məhkəmə qərarlarının proqnozlaşdırılması” proqramı bu işi daha da sürətləndirir. Proqram qısa müddətdə müxtəlif işləri təhlil edərək alqoritmlər təqdim edir ki, bu da məhkəmə mübahisəsinin nəticəsini proqnozlaşdırmağa və ya ən azından iddianın uğurlu olması, işin müvəffəqiyyətlə bitməsi şanslarını qiymətləndirməyə imkan yaradır.

Beləliklə gələcəkdə Süni İntellekti məhkəmə sistemimizə tətbiq etdikdə hüquq subyektlərinin qanuni mənafelərinin, şəxslərin şərəf və ləyaqətinin, işgüzar nüfuzunun, şəxsi və ailə həyatı, şəxsi toxunulmazlığı, iradə sərbəstliyi, mülkiyyət toxunulmazlığı, kommersiya sirri və digər hüquqlarının müdafiəsi istiqamətində təminatların görülməsi vacib amillərdəndir. Bu zaman məhkəməyə əlçatanlıq və ədalət mühakiməsinin məhkəmə tərəfindən həyata keçirilməsi hüquqlarına xələl gətirməməsi, tərəflərin qanun və məhkəmə qarşısında bərabərliyi və çəkişmə prinsiplərinə hörmətlə yanaşılması prinsipləri ilk növbədə təmin olunmalıdır. Xüsusən də şəxsin qanun əsasında təyin edilən hakim-insan tərəfindən işinə müstəqil və qərəzsiz məhkəmədə baxılması hüququnun gözlənilməsi məqsədilə məhkəmə prosesi başlanana qədər Süni İntellektin istifadəsi haqqında tərəflərə məlumat verilməli, onların Süni İntellektin istifadəsinə etiraz etmək hüququ təmin olunmalıdır. Bu kimi alətlərdən istifadə edilərkən qanunun aliliyi və qərarların qəbul olunması zamanı hakimlərin müstəqilliyi prinsipləri də mütləq şəkildə nəzərə alınmalıdır.

Mehriban Qarayeva

Bakı Apellyasiya Məhkəməsinin hakimi

İstifadə edilmiş faydalı linklər:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
e-huquq.az

1Mənbələr