AZ

Səttar Möhbalıyevin məhkəməyə gəlməyini istədilər

Yasamal rayonunda yerləşən “Məhsul” stadionunu satmaq adı ilə sahibkarları aldatmaqda ittiham olunan Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun məhkəməsi davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hazırkı mərhələdə iş materialları tədqiq olunur.

Budəfəki iclasda zərərçəkmiş şəxslərin nümayəndəsi Aslan İsmayılov Azərbaycan Həmkarlar İttifaqının sədri Səttar Möhbalıyevin məhkəməyə çağırılmasını istəyib. Vəkil hesab edir ki, cinayət işindəki sənəd-sübutlar və səs yazıları göstərir ki, Səttar Möhbalıyev dövlətin malını-stadionları öz mülkü kimi satıb. A.İsmayılov iddia edir ki, burada tək “Məhsul” stadionundan söhbət getmir: “Çox təəssüf ki, istintaq dövründə də Möhbalıyev dindirilməyib. Bir ildir burada da eyni məsələni qaldırırıq, araşdırma istəyirik. Amma məhkəmə də bizim vəsatətlərimizi təmin etmir”.

Zərərçəkmiş şəxslər də vəsatəti müdafiə ediblər.

Təqsirləndirilən şəxslər isə vəsatətə münasibətdə fərqli mövqedədirlər. Alik Həsənov S.Möhbalıyevin məhkəmədə dindirilməsini istəsə də, Nadir Əliyev bunun əleyhinədir.

Aslan İsmayılov Nadir Əliyevin bu cür davranışını ona verilən yaxşı vədlərlə əlaqələndirir.

Fərid Namazovun sədrlik etdiyi məhkəmə heyəti Səttar Möhbalıyevin məhkəməyə çağırılmasına ehtiyac görməyib. Təqsirləndirilən şəxslər arasındakı səs yazısı isə işə əlavə olunub. Sözügedən səsyazısında deputatın da adı keçir. 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs ediliblər.

İttihama görə, Nadir Əliyev və Alik Həsənov “Məhsul” stadionunun ərazisini sata biləcəkləri vədini verərək sahibkarlarla 5 milyon 500 min manata razılaşıblar. Satış tam başa çatmasa da, təqsirləndirilən şəxslər sahibkarlardan beh adı ilə 900 min manat alıblar.

N.Əliyev və A.Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
9
tribunainfo.az

10Mənbələr