AZ

“Mayın sonu, iyunun əvvəlində ikinci hücum mərhələsinə başlayacaqlar” – Rusiya sülhə razıdır, amma...”

Rusiya Ukraynada öz ilkin məqsədinə nail olmadığı üçün apardığı müharibəni qeyri-müəyyən vaxta qədər uzatmaq niyyətindədir. Qərbdən Ukraynaya göndərilən hərbi tədarükün tempi və həcmi hələ də istənilən səviyyədən uzaqdır, Ukraynanın özünün isə Hərbi Sənaye Kompleksinin imkanları məhduddur. Rusiya ordusunun kifayət qədər resursu olmadığından onun eyni anda həm şimladan və həm də cənubdan iri miqyaslı hücma keçməsi mümkünsüz görünür. Elə buna görə də ruslar qüvvə toplamaqla məşğuldurlar. Digər yandan, ABŞ verdiyi silahlarla Rusiya ərazisinə zərbə vurulmasına icazə vermədiyindən Ukrayna ordusu Xarkov istiqamətində ciddi problemlərlə üzləşib.

“AzPolitika.info” xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko Ukraynanın “Obozrevatel.com” saytına verdiyi müsahibəsində bir çox məsələlərə aydınlıq gətirməklə yanaşı, cəbhədəki mövcud vəziyyəti şərh edib.

Həmin müsahibəni təqdim edirik:

- NATO Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauer bildirib ki, Ukraynaya göstərilən hərbi yardımlar Rusiyanın təcavüzünün qarşısını mütləq şəkildə almayacaq, çünki işğalçılar heç bir hədəflərinə çatmayıblar və buna görə də müharibəni davam etdirəcəklər. Siz bu iddia ilə razısınızmı?

- İndiki məqamda Rusiyada hesab edirlər ki, onlar Ukraynada hərbi-siyasi məqsədlərinə nail olmayıblar. Prinsipcə, onlar bizim kapitulyasiyamız ilə yekunlaşacaq danışqlar prosesinə, yəni, işğal etdikləri əraziləri özlərində saxlamaq şərtilə sülhə razıdırlar. Hazırda müttəfiqlərimizin bizə köməyinə və həmçinin də Hərbi Sənaye Kompleksimizin potensialını artırmağımıza baxmayaraq, bunlar birmənalı olaraq Rusiyanı dayandırmır. Niyə? Çünki bizə edilən yardımın intensivliyi və həcmi, eləcə də öz istehsalımız kifayət səviyyədə deyil.

Bundan başqa, Ukraynanın daxilindəki problemlər axıra kimi həll olunmayıb, xüsusən də səfərbərlik məsələsi. Cəbhədəki təmas xəttində döyüşlər aparan dəstələrdəki hərbçi sayı çatışmır, hələ biz ehtiyat qüvvədən danışmırıq. Yəni, bizdə bu vəziyyətin dəyişməsi üçün silahlanma və şəxsi heyət arasındakı kəmiyyət parametrinə riayət olunmayıb. Həm də ki, düşmən öz məqsədinə çatmayıb, ona görə də müharibə davam edir.

- Prezident Zelenski bəyan edib ki, bizim ölkənin qərbində yerləşən qaz infrastrukturu Rusiyanın yeni hədəfi ola bilər. Düşmənin imkan və vasitələrini nəzərə alsaq, bu təhlükə nə dərəcədə böyükdür?

- Düşmənin raket silahları və hava hücumları vasitələri uzaqdakı obyektlərə qədər gedib çata bilir. O ki qaldı “Kinjal”, ”İskander M” ballistik raketlərinə, onlar qaz anbarlarında qazın saxlanmasını təmin edən infrastrukturu məhv edə bilərlər.

Bizim müttəfiq ölkələr üçün qaz ehtiyatlarının bir hissəsini saxlamaq öhdəliyimiz var. Ona görə də Rusiya bizim energetikanı dağıdır, su və istilik stansiyalarına zərbələr vurur və çalışır ki, qaz təchizatını və qaz anbarlarını məhv etsin. Bunu etmək üçün onların vasitələri var. İndi söhbət buna qarşı nə edə biləcəyimizdən, bizim raket əleyhinə hansı sistemlərə malik olacağımızdan gedir. Hələlik bu məsələdə vəziyyət çox mürəkkəbdir. Əlimizdəki vasitələr qətiyyən kifayət deyil.

- Söhbət ölkəmizin qərbində yerləşən obyektlərdən getdiyi üçün Polşa və digər müttəfiqlərimiz bizim raket hücumlarından aktiv qorunmağımıza yardımçı ola bilərmi?

- Onlar yalnız Ukrayna səmasının qorunmasında maraqlıdırlar və bundan başqa, Rusiya raketləri Polşa, Rumıniya, həmçinin Moldova ərazisinə düşüb. Hətta Rusiyanın bu hücumları nəticəsində Polşada insanlar ölüb. Bu səbəbdən də polşalılar buna adekvat cavab verməyə hazır idilər, amma amerikalılar onlara bunu etməyə imkan vermirlər. NATO-nun Vaşinqton sammitində (9-11 iyulda keçiriləcək) bu məsələyə baxılması təxirə salınacaq. ABŞ istəyir ki, NATO-nun bütün üzv ölkələri gərginliyin artırılmaması ilə bağlı sənəd imzalasınlar. Ona görə də NATO vasitələrinin Ukrayna ərazisini qoruyacağına qərar verilməsi ehtimalı azdır.

Hərçənd ki, Rusiya tərəfindən gərginlik davam edir. Səbəb isə buna göz yumulmasıdır və biz də müvafiq nəticələrlə qarşılaşırıq. Məsələn, Rusiya Belarusda nüvə silahı yerləşdirdi və gördü ki, buna adekvat reaksiya verən yoxdur. Ona görə, bu istiqamətdə daha da irəliyə getməyə başladı. İndi nüvə təlimi keçirəcək.

Putin havaya sınaq şarı buraxır, sonra bizim müttəfiqlərimizin reaksiyasına baxır və görür ki, aydın və konkret reaksiya yoxdur. Bundan sonra başlayır öz məqsədinə nail olmaq üçün təzyiqi gücləndirməyə.

Entoni Blinkenin Kiyevə səfəri zamanı deyib ki, Rusiya ərazisindəki hərbi obyektlərin vurulması arzu olunan deyil. Yəni, məntiq belədir ki, Rusiya öz ərazisindəki vasitələrlə Ukraynaya zərbələr endirəcək, amma onlara cavab verilməsi arzu edilmir, deyirlər ki, təki gərginlik olmasın. Bax, bizim müttəfiqimizin mövqeyi bundan ibarətdir.

- Aktiv döyüşlər demək olar ki, bütün cəbhə xətti boyunca gedir. Necə hesab edisiniz, bu gün işğalçı ordunun əsas zərbə istiqamətini müəyyənləşdirmək olarmı?

- Bizim kəşfiyyat lokal səviyyəli zərbələri proqnozlaşdırır. Onların sözlərinə görə, bu, Xarkov və Sumı vilayətləridir. Döyüşlərin Sumı istiqamətindən başlaması təhlükəsi var. Rusiya ordusunun Donetsk və Luqansk vilayətlərinin administrativ sərhədləri çərçivəsində bütövlüklə zəbt etməsi və eyni zamanda da Xarkov və Sumı istiqamətlərində döyüşməsi üçün lazımi güc və vasitələri çatışmır.

Ancaq onlar öz resursları və ehtiyatlarının artırılması üzərində ciddi işləyirlər. Ruslar 150 min əsgər toplamağı planlayırlar. Bundan əlavə, onlar köhnə zirehli texnikanı bərpa edirlər və həmçinin də ayda 30 ədəd müasir “T-90” tankı buraxırlar. Beləliklə, yaxın iki il ərzində Rusiyanın döyüşmək imkanı var. Ona görə də Ruslar resurslarını və ehtiyat qüvvələrini artırırlar. Zamanla bağlı strateji faktor da qüvvəyə minir. Beləliklə, ya onlar may ayının sonuna, iyunun əvvəlinə kimi bütün resurslarını toparlayıb hücum əməliyyatının ikinci mərhələsinə başlayacaqlar, ya da biz Qərbdən gələn silah və texnikanın köməyi ilə səfərbərlik imkanlarımızı yaxşılaşdırmaqla rusların hücum planlarını məhv edəcək müdafiə sistemləri quracağıq.

Vaqif Nəsibov

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
1
azpolitika.info

2Mənbələr