AZ

Azərbaycanda güzgü istehsal edən müəssisə tikiləcək

Yaxın bir ay ərzində Azərbaycanda güzgü istehsal edəcək ilk müəssisənin tikintisinə başlanılacaq.

FED.az xəbər verir ki, bunu Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azermirror” MMC-nin direktoru Rüstəm Abbasov deyib.

R.Abbasovun sözlərinə görə, investisiya dəyəri 11 milyon manata yaxın olan, alüminium təbəqəli vərəqə güzgü istehsalı həyata keçirəcək zavodun tikintisinin təxminən 8-9 aya yekunlaşacağı gözlənilir. Müəssisənin gündəlik istehsal həcmi işçilərin növbəlilik rejimindən asılı olaraq dəyişəcək. Zavod birnövbəli qrafiklə işləyərsə, onun gündəlik istehsal tutumu 4200 kvadratmetr, ikinövbəli işləyərsə, 8000 kvadratmetr olacaq.

Zavodda 44 yeni daimi iş yeri yaradılacaq. İstehsal üçün tələb olunan avadanlıqlar Çindən gətiriləcək.

İstehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır. R.Abbasov bildirib ki, artıq Gürcüstan, Türkiyə və Polşa onların məhsulları ilə maraqlanır. Məhsulların ilkin olaraq Gürcüstan və Türkiyəyə ixrac ediləcəyi gözlənilir: “Türkiyədə güzgü istehsal edilir, lakin bu ölkə məhsula olan tələbatını tam olaraq ödəyə bilmir. Ona görə istehsala başladıqdan sonra bizdən də güzgü almaq istəyirlər. Bizim məhsulların keyfiyyəti yüksək olacaq”.

MMC direktoru əlavə edib ki, hazırda Azərbaycana güzgülər Rusiya və İrandan idxal edilir. Müəssisə fəaliyyətə başladıqdan sonra idxalın qarşısı təxminən 80 faiz alınacaq. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
fed.az

2Mənbələr