AZ

Əliyevlə görüşdən qayıdan Rəisi qəzaya düşdü, axtarış davam edir

"Helikopter Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşəsində qəzaya uğrayıb"

İRNA-nın məlumatına görə, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamneyi bayram münasibətilə keçirilən İslam İnqilabı Keşikçiləri Korpusunun ailələri ilə görüşündə Prezident və onu müşayiət edən şəxslərin qəzaya düşməsi ilə bağlı təəssüratlarını açıqlayıb.

Ayətullah Xamneyi xalqa çağırış edib:

"Ümid edirik ki, qüdrətli Allah möhtərəm və izzətli Prezidentlə onun yoldaşlarını sağ-salamat millətin ağuşuna qaytaracaq. İran xalqı narahat olmasın, ölkənin fəaliyyətində heç bir ləngimə olmayacaq”.

"Hər kəs onların sağlamlığı üçün dua etməlidir. İran xalqı narahat olmasa, ölkənin işində heç bir axsama olmaz”, - deyə Xamneyi əlavə edib.

***

"Axtarış qrupları helikopterin qəzaya uğramış ola biləcəyi yerə yaxındır. Onlar bildirirlər ki, havanın tezliklə "şiddətli soyuması” gözlənildiyindən, yolda daha çox yağış yağacağından axtarış əməliyyatı səngiyəcək”.

BBC Qızıl Ayparaya istinadən bildirib ki, üç xilasedici itkin düşüb.

***

İran mediası Prezidenti İbrahim Rəisi və onu müşayiət edən şəxsləri daşıyan helikopterin Uzi və Pir Davud kəndləri arasındakı Dizmar meşəsində qəzaya uğradığı haqda məlumat yayıb.

Kənd sakinləri İRNA agentliyinə adıçəkilən ərazidən səslər eşitdiklərini də deyiblər.

"Əraziyə pilotsuz uçuş aparatları və axtarış itləri də daxil olmaqla, tam avadanlıqla təchiz olunmuş 20-dən çox xilasetmə qrupu göndərilib. Ancaq yerin mürəkkəbliyi, eləcə də qatı duman olması axtarış-xilasetmə işlərini çətinləşdirib”.

Azərbaycanın Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti İbrahim Rəisini daşıyan helikopterin İranda qəza enişi etməsi ilə bağlı "X” (Twitter) rəsmi səhifəsində paylaşım edib.

Ölkə başçısı iranlı həmkarının qəzaya düşməsindən narahatlığını ifadə edib:

"Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi etməsi barədə xəbər bizi ciddi şəkildə narahat etdi. Uca Allahdan dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir. Qonşu, dost və qardaş ölkə olaraq Azərbaycan Respublikası hər cür dəstək göstərməyə hazırdır”.

***

Xilasetmə qruplarının helikopterin axtarışına başladığı bildirilir

Mayın 19-da İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin olduğu helikopterin Vərzeqan bölgəsində sərt eniş etdiyi bildirilir.

Bu barədə məlumat yayan İranın "Tasnim” agentliyi yazır ki, İranın xilasetmə qrupları helikopterin axtarışına başlayıb. 

Helikopterdə Şərqi Azərbaycan valisi Ayətullah Əl-Haşimi və İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə digər müşayiət edən şəxslər olub.

"Hadisə yerinə xilasetmə qrupları göndərilib, helikopterlə əlaqə qurmaq mümkün olub, lakin onların durumu ilə bağlı yekun məlumat yoxdur", - deyə məlumatda qeyd olunub.

IRNA agentliyi sərt hava şəraiti və qatı dumanın xilasetmə qruplarının işini çətinləşdirdiyini yazıb.

İRNA müxbirinin əldə etdiyi məlumata görə, qəzanın xilasedicilərə elan edilməsindən təxminən bir saat sonra xilasetmə qrupları elan edilən yerə gəlib və axtarışlara başlanılıb.

"Əraziyə 20 xilasetmə qrupu göndərilib, lakin ərazinin keçilməzliyi və əlverişsiz hava şəraiti, xüsusən də qatı duman səbəbindən axtarış-xilasetmə əməliyyatı vaxt aparacaq”, - deyə əlavə olunub.

Bu gün İranın və Azərbaycanın dövlət başçıları Azərbaycan-İran dövlət sərhədində inşa edilmiş "Xudafərin” hidroqovşağının istismara verilməsi və "Qız Qalası” hidroqovşağının açılışını ediblər.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
arqument.az

1Mənbələr