AZ

Özbəkistanda “Qərbi Azərbaycana qayıdış” ikinci Türk Dünyası Sammiti başa çatıb

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evi və “İpək yolu” Xalq Diplomatiyası Vəqfinin təşəbbüsü, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənddə “Qərbi Azərbaycana qayıdış” ikinci Türk Dünyası Sammiti başa çatıb.

Tədbirdə Azərbaycandan gələn deputatlar, ölkəmizin Özbəkistandakı səfirliyinin əməkdaşları, Azərbaycan, Türkiyə, Qırğızıstan, Şimali Kipr Türk Cumhuriyyətinin elm və mədəniyyət xadimləri, Özbəkistanda yaşayan Qərbi Azərbaycan kökənli diaspor üzvləri, jurnaalistlər iştirak edib.

Sammit öz işini “Qərbi Azərbaycana qayıdış:Türk dünyasının yanaşması” və “Böyük qayıdış: Azərbaycanlı qaçqınların qayıdışı, onların hüquqlarının müdafiəsinə yönəlmiş mövcud strategiya və mexanizmlər” adlı bölmələr üzrə davam etdirib. 

Azərbaycan Milli Məclisinin deputatı Sabir Rüstəmxanlının “Erməni yalanları Türk-İslam sivilizasiyasına qarşıı” mövzusundakı məruzəsi maraqla qarşılanıb. Deputat  zaman-zaman Ermənistanın Azərbaycana qarşı apardığı məkrli soyqırım siyasəti haqqında söhbət açıb, Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan məsələsi ilə bağlı istər daxili auditoriyaya, istərsə də dünya ictimaiyyətinə çox ciddi mesajlar verdiyini diqqətə çatdırıb. O deyib ki, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında söylədiyi nitqi ilə Azərbaycanın ictimai-siyasi həyatında yeni bir mərhələyə - Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsi, bu tarixi torpaqlarımızdakı maddi və mənəvi irsimiz uğrunda mübarizə mərhələsinə start verilib və bu iş uğurla davam etdirilir.

Azərbaycan Milli Məclisinin deputatı Naqif Həmzəyev “Qərbi Azərbaycana qayıdışın reallaşmasında gənclərin rolu” mövzusunda məruzə edib. O, 1988-ci ildə soydaşlarımızın Göyçədən, Zəngəzurdan, Dərələyəzdən və digər torpaqlarımızdan qovulması, Göyçədən qovulanlar arasında onun və ailəsinin, qohumlarının olması haqqında söhbət açıb. Deputat bildirib ki, min bir əzabla onlar Göyçədən Kəlbəcərə pənah gətirib, sonra isə Gəncədə məskunlaşıblar. Deputat Qərbi Azərbaycana qayıdış və min illər boyu əcdadlarımızın yaratdığı mədəni irsə sahib çıxmaq və onun tanıdılması ilə bağlı fikirlərini bildirib.

Bakı Slavyan Universitetinin professoru Etibar Babayev ulu öndər Heydər Əliyevlə görüşlərini xatırlayıb, Moskvadan Azərbaycana qayıtdığı vaxtlarda onun haqqında çəkilən film haqqında danışıb və filmdən bir fraqment göstərilib. 

Türkiyənin Qazi Universitetinin professoru Çetin Elmas "Ermənistanın Cənubi Qafqaz və Türkiyədə izlədiyi etnik təmizlik siyasətinin uğursuzluğunun ilk addımı: Böyük Qayıdış”,

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələskər “Qərbi Azərbaycandan köçün səbəbləri və yerləşdikləri yerlərdə adaptasiyası”, "Yeni Müsavat" Media Qrupunun pəhbəri Rauf Arifoğlu “Qərbi Azərbaycana qayıdış strategiyasının Türk Dünyasının inteqrasiyasına təsirləri”, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Yasəmən Mahmudova “Qərbi Azərbaycan probleminin tarixi-siyasi kökləri” mövzularnda məruzə ediblər.

Tədbirin sonunda Azərbaycan-Türkiyə Evinin icraçı direktoru Toğrul Allahverdili Forumun Bəyanatını oxuyub. 

Forumda ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev iştirak edib. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd   

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
xalqqazeti.az

1Mənbələr