AZ

"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"

"Bir növ kiçik buz dövrü başlayacaq, sağ qalanlar praktiki olaraq özlərinə qida tapmayacaq..."
 
"Bunkerlərdə generatorlar üçün yanacaq bitənədək tab gətirəcək, bundan sonra insanlar oradan çıxmalı olacaq..."
 
"Nüvə savaşından sonra orta en dairələri buzla örtüləcək..."
 
Tammiqyaslı nüvə savaşının nəticələri dəhşətli olacaq, milyonlarla insan aclıqdan həlak olacaq, bəşəriyyət ən ibtidai icma vəziyyətinə dönəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "Daily Star" nəşri yazıb.
 
Lakin Yer kürəsində iki ölkə var ki, insanlar təhlükəsiz şəraitdə olacaq. 
 
İlləri nüvə savaşının nəticələrinin tədqiqatına sərf etmiş jurnalist Enni Yakobsen hesab edir ki, bombalar yağdırılanda yalnız iki ölkə sağ qalacaq.
 
Onun fikrincə, nüvə savaşının ilk 72 saatında beş milyard insan həlak olacaq, lakin sonradan sağ qalan üç milyard insan inanılmaz çətinliklərlə üzləşəcək.
 
Üç qitədə yanğınlar səbəbindən səma qatı dumana bürünəcək. Bir növ "kiçik buz dövrü" başlayacaq və sağ qalanlar praktiki olaraq özlərinə qida tapmayacaq.
 
O, bunu belə izah edib: "Dünyanın böyük hissəsi olan orta en dairələri buzla örtüləcək. Ayyova və Ukrayna kimi yerlərdə on il qar olacaq".
 
O, bəyan edib ki, əksəriyyət sakinlər üçün nüvə qışının nəticələri ölümcül olacaq. "Kənd təsərrüfatı dayanacaq, bunsuz insanlar acından ölməyə başlayacaq", - Yakobsen izah edib.
 
"Bundan başqa, şüa xəstəliyi olacaq. Ozon qatı o qədər zədələnəcək və bəzi yerlərdə məhv olacaq ki, gün işığında havada olmaq mümkün olmayacaq, insanlar yerin altında yaşamalı olacaq", - o, əlavə edib.
 
İqlimşünaslıq və atmosferin öyrənilməsi üzrə ekspert, professor Brayyan Tun Yakobsenə məlumat verib ki, nüvə qışından sonra yalnız Avstraliya və Yeni Zelandiyada kənd təsərrüfatı ilə məşğul olmaq mümkün olacaq. 
 
Milyardçıların ABŞ və bütün dünya boyunca inşa etdikləri bunkerlərdə yalnız elektrik olanadək xilas olmaq mümkün olacaq, Yakobsen izah edib. Və davam edib: 
 
"Bunkerlər generatorlar üçün yanacaq bitənədək tab gətirəcək. Lakin sonra onlar bayıra çıxmalı olacaq. Bəs sonra nə baş verəcək?".
 
"İnsanlar ən qəddar formada ibtidai icma vəziyyətinə dönəcək, çünki onlar olub-qalan kasad resurslar uğrunda mübarizə aparmalı olacaq", - o, deyib.
 
Yakobsenin sözlərinə görə, ən həyəcan doğuran məqam odur ki, hətta bütün müasir xəbərdaredici sistemlərin mövcud olmasına rəğmən, nüvə savaşı təsadüfi olaraq başlaya bilər.
 
Öz sözlərinə sübut olaraq o, ABŞ sabiq müdafiə naziri Bill Perrinin tarixçəsini danışıb: 
 
"Hadisə Karter administrasiyası dönəmində baş verib. O, gecə növbəsində olub. Bu zaman Pentaqonun altındakı bunkerdən milli komanda mərkəzindən məlumat verilib ki, Sovet Rusiyasından ballistik raketlər buraxılıb".
 
"Bu, ABŞ Silahlı Qüvvələrinin Nebraskdakı Offatt bazasında yerləşən Strateji Komandanlığın ("Stratkom") nüvə bunkerində də təsdiq edilib.
 
ABŞ tərəfə təkcə qitələrarası raketlər deyil, həm də sualtı qayıqlardan buraxılan ballistik raketlər də uçub. Bir sözlə, söhbət bir yığın döyüş başlıqlarından gedib", - Yakobsen əlavə edib. 
 
Onun sözlərinə görə, Perri dəhşətə gəlib, çünki anlayıb ki, prezidenti oyatmalı və ona fəlakətli xəbəri çatdırmalıdır, bundan sonra tammiqyaslı nüvə cavabı olacaq. 
 
Xoşbəxtlikdən, Perriyə zəng etmək lazım gəlməyib. Yakobsen izah edib: "Bir neçə dəqiqədən sonra o, bunun yanlış olduğunu öyrənib".
 
"Belə şey necə baş verə bilərdi? O, mənə deyib ki, Sovet İttifaqının ABŞ-a hücumunun səhnələşdirilmiş videokaseti olub və həmin kaset Pentaqonun altında nüvə bunkerində səhvən qoyulub.
 
Orada isə hər şey "Stratkom"la bağlı olduğundan bu yazı orada da görülüb. Perri mənə deyib ki, hər şeyin həqiqətən baş verdiyi təsiri bağışlayıb", - Yakobsen qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
50
moderator.az

10Mənbələr