AZ

Heydər Əliyev qəbulu dayandırdı və otağı tərk etdi — Etibar Məmmədov yazır

Gördüyünüz fotoda əks olunan görüşün tarixi bir arxa planı da var. Çox da uzaq olmayan o tarixin bir epizoduna şahidi olmuşam.

ANS-də işləyirdim.

Dedilər ki, Prezident Heydər Əliyevin qəbulu var. Mən və operator getdik. Digər TV-lərdə çalışan həmkarlarımız da tədbirə gəlmişdilər.

Prezident Heydər Əliyev kiçik qəbul zalında İrandan gəlmiş 3 naziri qəbul edirdi.

Görüş başladı.

Prezident qonaqları salamladı və onlara söz verdi.

İranlılar danışır, Prezident Heydər Əliyev tünd qırmızı qalstukunu özünəməxsus şəkildə sığallayaraq dinləyirdi.

Operatorlar çəkir, biz müxbirlər isə yazırdıq. Birdən iranlı nazirlərdən biri dedi ki, (xatırladığım kimi yazıram – E.M.) Xudafərin tərəfdə Su Elektrik Stansiyasının tikintisinə başlanacaq. Xudafərin işğal altında idi və iranlının sözlərindən belə çıxırdı ki, körpünün yaxınlığında SES tikmək üçün İran Azərbaycan torpaqlarını işğal etmiş erməni qəsbkarları ilə işbirliyi qurub.

Bu sözləri eşidər-eşitməz, Heydər Əliyev dayandı. Başını qaldırıb iranlılara elə soyuq və sərt baxışlarla nəzər saldı ki, dilləri qurudu. Otaqda nəfəs almağa belə qorxurdular.

İranlı naziri sözü ağzında qaldı. Prezidentin baxışlarında təkcə etiraz yox, həm də qəzəb var idi.

Əliyev heç nə demədi. Ayağa qalxıb otaqdan çıxdı.

İranlı nazirlər və onları müşayiət edən səfirləri gözləri bərəlmiş şəkildə bir-birinə baxırdılar. Hər kəs Heydər Əliyevin bu demarşının səbəbini də, bununla nə demək istədiyini də başa düşürdü.

Görüş yarımçıq qaldı. Belədə iranlıların Prezident Aparatının binasını tərk etməkdən başqa yolları qalmırdı.

Jurnalistlər isə getmədi. Təxminən 15 dəqiqədən sonra jurnalistlərin qarşısına çıxan PA-nn “Beynəlxalq əlaqələr” şöbəsinin o zamankı müdiri Novruz Məmmədov vurğuladı ki, heç kimin Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik, sayğısızlıq göstərməyə nə ixtiyarı, nə də haqqı var. Kimsə belə hörmətsizlik edərsə, adekvat cavabı dərhal alacaq.

Bu gün “Xudafərin” SES-in istifadəyə verilməsi mərasimi və “Qız Qalası” SES-in açılışı ilə bağlı bu fotoya baxanda deyirəm: “Bəli, vaxtilə iranlılar Xudafərin üzərində stansiya tikmək üçün ermənilərin əlini sıxır, Azərbaycanın ərazi bütövlüyünü pozmaqdan çəkinmirdilər. Bu gün isə həmin iranlılar Azərbaycan Prezidentinin əlini sıxır və Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyərək Xudafərin üzərində böyük bir layihəni məhz Bakı ilə həyata keçirirlər. Buna məcburdurlar”.

Sıravi vətəndaş, əlbəttə, olanlara sevinir. Sözsüz ki, mən də sevinirəm. Amma mənim sevincim bir az fərqlidir. Çünki Azərbaycan Prezidentinin, dövlətinin və xalqının iradəsinin nələrə qadir olduğuna, 25-30 il aparılan mübarizənin real həyatda, real işlərdə real nəticələrini görərək şahid oluram.

Etibar MƏMMƏDOV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
1
demokrat.az

3Mənbələr