Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hotelinin açılışında iştirak ediblər.

Leqal.info xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev hoteldə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib.

Bildirilib ki, “Ağalı” hoteli Zəngilan şəhər mərkəzindən 20 kilometr məsafədə, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində yerləşir. Hotelin binası üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Foyenin sağ və sol hissələrində restoranlar fəaliyyət göstərəcək. Birinci mərtəbənin sağ qanadında 60 nəfərlik tədbir otağı, həmçinin işgüzar görüşlər üçün 20 nəfərlik iclas zalı mövcuddur. Sol qanadda isə xüsusi qonaqların qarşılanması üçün tədbir zalı və 76 nəfərlik restoran var.

Hotelin ikinci və üçüncü mərtəbələri eyni tipli otaqlardan ibarətdir. Hər mərtəbədə 39 otaq var. Həmçinin hotelin hər mərtəbəsində fiziki məhdudiyyətli qonaqlar üçün xüsusi dizayn edilmiş otaqlar da mövcuddur. “Ağalı” hotelinin zirzəmi hissəsində qonaqların sağlamlıq və istirahətini təmin etmək məqsədilə fitnes mərkəzi yaradılıb.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün geniş tədbirlər həyata keçirilir. Bu baxımdan Füzuli və Zəngilanda tikilən, Laçında tikintisi davam edən beynəlxalq hava limanları azad edilən ərazilərimizin turizm potensialının reallaşmasında, turistlərin cəlb olunmasında mühüm rol oynayacaq.

Leqal.info