AZ

“Hamı Kristiano Ronaldo olmaq istəyir, amma bu, çətindir”

“Əl-Nəsr”in portuqal ulduzu Kristiano Ronaldo futbolda ilham mənbəyi, istedad və zəhmətdən, həmçinin nizam-intizamın əhəmiyyətindən danışıb.

Arena.az ESPN portalına istinadən, portuqal veteran hücumçunun bu barədə fikirlərini təqdim edir:

“Mən yaşımla fəxr edirəm və hələ də ən yüksək səviyyədə yarışıram. Bu, əladır və mənə davam etmək üçün ilham verir.
Son 20 ildəki karyerama nəzər salsanız, səviyyəmin yüksək olduğunu görə bilərsiniz. 20 il zirvədə olmaq inanılmazdır. Mən bunu davam etdirirəm və bu, mənim üçün böyük nailiyyətdir.
Bu səviyyədə qalmaq asan deyil. İlhamlanmağa davam etmək, qollar vurmağa davam etmək, formada qalmaq, mənə qarşı oynayan gənc şirlərlə yarışmaq. Mənə sübut etmək istəyirlər ki, məndən güclü və sürətlidirlər, ona görə də özlərini təkcə fiziki deyil, həm də mənəvi cəhətdən çox yaxşı hazırlamalıdırlar. Bu, bir çağırışdır”, deyə Ronaldo məmnunluqla bildirib.

Portuqal ulduz həmçinin istedadın uğura çevrilməsində zəhmətin və nizam-intizamın vacibliyini vurğulayıb:

“Zəhmətsiz istedad – bir heçdir, elə, istedadsız zəhmət kimi. Onlar birlikdə və eyni zamanda çalışmalıdırlar. Məndə hər ikisi var, amma hansının daha çox olduğunu deyə bilmərəm.
Kiçik təfərrüat hər zaman fərq yaradacaq. Ardıcıllıq ən çətin məqamdır. Siz buna hazırsınızmı? Bu, əsas məqamdır, çünki hamı Kristiano olmaq istəyir, amma bunu etmək çətindir. İntizam ən çətinidir. Bəzən ağlımla mübarizə aparıram, çünki hamımız insanıq. Əlbəttə ki, hər gün idman zalına getməyi sevmirəm, heç kim xoşlamır, amma bunu etməlisən”, deyə “Kriş” vurğulayıb.

“Ən böyük ilham mənbəyim – oynamağa davam etməkdir”

“Mənim ən böyük ilham mənbəyim – oynamağa davam etməkdir. Mən qol vurmağa davam etmək və yaxşı formada olmaq istəyirəm”, deyə Ronaldo fikirlərini tamamlayıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 42 qol vurub, 13 məhsuldar verib.

Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
arena.az

1Mənbələr