AZ

“Yaşıl muzey” interaktiv proqrama başlanılıb

“Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş və Azərbaycanda ilk dəfə həyata keçirilən “Yaşıl muzey” adlı maarifləndirici interaktiv proqrama başlanılıb. Proqram Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, “EkoSfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.


Bu barədə AZƏRTAC-a Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən (RUGİM) məlumat verilib. Bildirilib ki, ekologiya sahəsində ekspertlər tərəfindən xüsusi “yaşıl standart” təşkilatları üçün qiymətləndirmə proqramı yaradılıb. “Yaşıl muzey” adlı maarifləndirici interaktiv proqram məktəblilər üçün muzeylərin kolleksiya fondundakı əsərlərdə müxtəlif dövrlərdə insanların ətraf mühitlə bağlı münasibətlərinin öyrənilməsi, iqlim dəyişikliyinin təsirinin azaldılması ilə onlarda yaşıl düşüncənin formalaşdırılması məqsədini daşıyır. “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində ilk dəfə olaraq muzeylərin ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsi konsepsiyası müəyyən edilir.


Yeddi gün davam edəcək proqramda məktəblilər tərəfindən muzeylərin monitorinqinin aparılması, həmçinin fərqlənən muzeylərə “Yaşıl status” sertifikatlarının təqdim olunması nəzərdə tutulur.


Proqram çərçivəsində mayın 18-dən 24-dək Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Abdulla Şaiqin mənzil-muzeyi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Səməd Vurğunun ev-muzeyi, Qara Qarayevin ev-muzeyi, Bülbülün memorial muzeyi, Yusif Məmmədəliyevin memorial muzeyi, Nəriman Nərimanovun xatirə muzeyi, Vaqif Mustafazadənin ev-muzeyində məktəblilərin “yaşıl monitorinq” qruplarının işinin təşkili və ekskursiyalarda iştirakı planlaşdırılır.


Hər il mayın 18-dən 24-dək Beynəlxalq Muzeylər Şurasının (ICOM) və ya cari ilin mövzusu ilə əlaqədar RUGİM-in və muzeylərin peşəkar mütəxəssisləri tərəfindən xüsusi proqramlar və bukletlər hazırlanır.


Layihə 2015-ci ildən başlayaraq Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və ICOM-un tərəfdaşlığı ilə keçirilib və onun əsasında yeni interaktiv təhsil proqramı yaradılıb. Layihənin icrası müddətində interaktiv proqramda iştirak edən məktəblilərin sayı 68 minə çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
4
ekologiya.az

5Mənbələr