AZ

Ermənistanda iğtişaşların arxa planı

Ermənistanda baş verən hazırkı iğtişaşlar əslində Ermənistan siyasi sistemi və geosiyasi reallıqlar baxımından gözlənilməz deyil. Əvvəla, bu kimi etiraz dalğaları da, toqquşmalar da, xaotik sistem də Ermənistanda hər zaman mövcud olub. Çünki vahid siyasi sistemin mövcud olmaması, siyasi mədəniyyət, siyasi texnologiyalar kimi amillərin yetərli səviyyədə olmaması, bir ölkənin müxtəlif cinahdan idarə olunması, fərqli güclərin eyni anda müxtəlif şərtlər irəli sürməsi və həmin şərtlərin Ermənistanda mövcud olan müxtəlif hakimiyyətlər tərəfindən qəbul olunaraq icra olunması hazırkı mənzərəni uzun illərdir ki, ənənəvi olaraq formalaşdırıb. Hal-hazırda isə məlum məsələdir ki, artıq Ermənistan yeni bir mərhələyə qədəm qoyub. Əlbəttə ki, bu yeni mərhələ Azərbaycanın yaratdığı yeni siyasi reallıqlar kontekstində formalaşıb. Artıq Ermənistan daxilində baş verən proseslər də Azərbaycan yaratdığı reallıqlara uyğun formalaşmaq məcburiyyətindədir. Cəmiyyət, eyni zamanda ideoloji xətt, təfəkkür baxımından da Azərbaycanın yürütdüyü siyasətin Ermənistana böyük təsirləri vardır. Artıq bu günə qədər miflərlə idarə olunan xalq, cəmiyyət reallıqları, real vəziyyəti çox yaxşı başa düşür. Ən azından praktiki baş verən addımlar onları reallıqları qəbul etməyə vadar edir və bu anlama nəticəsində də cəmiyyətin müxtəlif spektrləri arasında toqquşmanın olması labüd bir məsələyə çevrilir. Lakin hal-hazırda baş verən iğtişaşlarda kilsə amilinin prioritet olduğunu, təşkilatlanma baxımından kilsənin öndə dayandığını görə bilirik. Məlum məsələdir ki, kilsə, ümumiyyətlə, Ermənistanda İrəvan administrasiyasına paralel olaraq mövcud olan hakimiyyətlərdən biridir və əsas dayaqları Rusiyaya söykənməkdədir. Bu proseslər də, son dönəmlərdə Azərbaycan və Ermənistan münasibətlərində normallaşma sürəcinin yaşanması da kilsəni əlbəttə ki, narahat edən məqamlardan biridir. Çünki burada Rusiyanın da narahat olduğu məqamlar var. Əlbəttə ki, Rusiya Azərbaycan və Ermənistan arasında vasitəsiz formatda danışıqların aparılması və bu danışıqlar nəticəsində real praktiki addımların əldə olunmasını qəbullana bilmir. Elə ən son rus sülhməramlı birləşmələrinin Azərbaycan ərazisindən çıxması, əslində Moskva bu reallıqla barışmaq məcburiyyətində olmasının nəticəsidir. Digər tərəfdən də Moskvanın narahat olduğunu və bir növ fırtına öncəsi səssizliyinin nəticəsidir. Bu fırtınanı əlbəttə ki, Ermənistan üzərindən yaratmağa çalışır. Çünki Azərbaycan üzərindən bu kimi fırtınaların qopardılması regionda mümkün deyil. Çünki Azərbaycanın bu gün regionda apardığı siyasət, əslində elə o fırtınaların qarşısında dayanmaq və Cənubi Qafqazı fırtınalardan azad edib bir sülh bölgəsinə çevirmək məqsədinə hədəflənib. Yəni Azərbaycanın apardığı siyasətin arxasında bu hədəflər var. Ona görə də bu siyasəti yalnız Ermənistan üzərindən edə bilər ki, hal-hazırda Paşinyan administrasiyası Rusiyanın bu yöndə hədəflərinin qarşısını kəsir. Çünki Paşinyan müəyyən qədər liberal liderdir və ölkəsinin xalqının düşdüyü reallıqları digər planlara görə daha yaxşı anlamağı bacarır. Ona görə də Paşinyan kimi bir şəxsin hakimiyyətdə olması Rusiya kimi güclərin bu günə qədər Ermənistanın üzərindən bölgədə at oynatmaq siyasətinin qarşısında əngəllər yaradır. Əlbəttə ki, burada böyük mənada Azərbaycanın yürütdüyü siyasət mütləq şəkildə vurğulanmalıdır. O baxımdan da kilsə hakimiyyətinin öndə dayanaraq bu iğtişaşları aktivləşdirməsi təəccüblü hal deyil. Ancaq real nəticələr əldə etmələri də mümkünsüzdür. Çünki artıq reallıqlar 90-cı illərdəki, 2000-ci illərdəki reallıqlar deyil. Artıq bu gün bölgənin siyasi konfiqurasiyası tamamilə dəyişib və bu bölgədə olan ölkələr kənar gücləri bölgədən kənarlaşdıraraq çiyin-çiyinə verərək Cənubi Qafqazı sülh coğrafiyasına çevirmək məcburiyyətindədir.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi sahəsi üzrə hazırlanmışdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
aznews.az

1Mənbələr