AZ

Slovakiyada AM120 özüyeriyən minaatanı yaradılıb

Slovakiyanın “ZTS Special” şirkəti Tatra 815-7 yük maşınının şassisində 120 mm-lik özüyeriyən AM120 minaatanını təqdim edib.

“Poliqon” “CZdefence” nəşrinə istinadən xəbər verir ki, AM120 minaatanı Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən IDEB 2024 müdafiə nailiyyətləri sərgisində təqdim olunub.

Uzaqdan idarə olunan qüllədə quraşdırılmış 120 mm-lik artilleriya qurğusu yük maşınının şassisində yerləşir və operator tərəfindən kabinadan idarə olunur. Qurğunun üç oxlu 6×6 təkər formullu “Tatra Force” ailəsinə aid T815-7Т3ВВ1 6х6.1R platforması iki sıralı dörd nəfərlik zirehli Puma L2 Long kabinası ilə təchiz olunub.

Özüyeriyən qurğu “ZTS Special” şirkəti ilə LANSYS atəşi idarəetmə sistemini təchiz edən “Kerametal” (Slovakiya) şirkəti, həmçinin şassi və kabinanı təmin edən “Czechoslovak Group” (Çexiya) birlikdə tərəfindən hazırlanıb.

AM120 minaatanı üzərində işlərə 2018-ci ildə özüyeriyən 120 mm-lik minaatan üçün Çexiya tenderinin bir hissəsi olaraq başlanıb. Çexiya Ordusu 62 ədəd özüyeriyən minaatan axtarırdı. Əhəmiyyətli bir tələb isə yarımdüzünə və düzünə atəşin mümkünlüyü idi.

Lakin, o vaxtdan bəri Rusiya-Ukrayna müharibəsi zamanı əldə edilən nəticələr daxil olmaqla pretendentin yekun seçimi iki dəfə təxirə salınıb.

AM120 artilleriya qurğusu 120 mm kalibrli xəzinədən doldurulan hamar lüləli minaatandır. O, 60 minalıq doldurma mexanizmi ilə tamamlanır. Bütün bunlar kifayət qədər geniş bir qüllədə quraşdırılmışdır ki, bu da döyüş dəstinin ikinci dəsti üçün yer təmin edir. Belə ki, nəqletmə paketlərində əlavə 40 dəst mina daşımaq mümkündür

Qüllə fırlanandır  və 360 dərəcə dönə bilir. Lülənin şaquli tuşlanma bucağı 40-80 dərəcə arasındadır. Bu, isə əslində Çexiya Ordusunun tələbləri baxımından problemdir – sistem düzünə atəş üçün nəzərdə tutulmayıb.

Özüyeriyən minaatanın minimal atəş məsafəsi 504 metr, maksimalı isə 8200 metr təşkil edir. Atış tezliyi dəqiqədə 18-20 atəşdir.

Döyüş dəstindəki 100 artilleriya minası da daxil olmaqla, tam avadanlıqla uzaqdan idarə olunan qüllənin çəkisi təxminən 5500 kq-dır.

Tatra T815-7Т3ВВ1 6х6.1R şassisinin T-3-928-90 səkkiz silindrli hava soyutmalı dizel mühərriki 300 kVt gücünə sahibdir. Sürətlər qutusu avtomatik altı pilləli “Allison 4500SP”dir.

Özüyeriyən minaatan olduqca böyük qabarit ölçülərinə malikdir: uzunluğu 8,2 m, eni 2,55 m və hündürlüyü 3,1 m-dir. Döyüş kütləsi isə 23,5 tondur.

Tabor səviyyəsi üçün təyin edilmiş bir silahın belə böyük qabarit ölçülərinə və kütləyə malik olması onun əsas çatışmazlığıdır. Yəni təyinatına görə, o demək olar ki, cəbhə xəttində işləməlidir. Bu səbəbdən də onun dronlarla məhv edilməsinə saatlarla deyil, on dəqiqələrlə vaxt lazımdır.

Əlavə məlumat üçün qeyd edək ki, Slovakiya hərbi sənayesi artilleriya sistemlərindən ilk növbədə seriyalı istehsal olunan “Zuzana 2”, seriyalı istehsalı başlanılmayan “Eva” və “VIA” ÖAQ, eksperimental “Diana” özüyeriyən artilleriya qurğuları (ÖAQ) ilə tanınır.

Əhəd Vahidoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
117
poliqon.az

1Mənbələr