AZ

Stres və insanın müdafiə sistemi

Yaxın keçmişimizdən başlayaraq “stess” sözü ancaq elmi anlayış olmaqdan kənara çıxaraq, bizim gündəlik həyatımıza daxil olmuşdur.

Bu sözü, əksər hallarda, keçirilmiş sarsıntı, pis hadisə, qorxu hissiyyatı barədə danışarkən işlədirlər. Bu düzdür, ancaq dəqiq deyil. “Stress” sözü elmi leksikona məşhur Kanada alimi Hans Selyenin sayəsində (1936-cı il) daxil olmuşdur. O, “stress” sözününün mənasını, fövqaladə vəziyyətlərdə orqanizmin müdafiə qüvvələrinin səfərbər edilərək gərginləşməsi reaksiyası kimi müəyyən etmişdir.

 

Saglamolun.az bildirir ki, stess – müxtəlif növ təsirlər (sevinc, qoxu, qəm-kədər, ağrı, soyuq, zəhərlənmə, travma, cərrahi əməliyyatlar və s.) nəticəsində yarana bilər. H.Selye stressin 3 fazasını qeyd edir:

- qısamüddətli təşviş fazası (gərginləşmə və ya aktivasiya);

- rezistentlik (davamlılıq) fazası;

- üzülmə (tükənmə) fazası.

Birinci və ikinci fazalarda orqanizm öz daxili imkanlarını aktivləşdirir. Bu isə ona ətraf mühitdə qəflətən yaranan qeyri-adi dəyişikliklərə uyğunlaşmağa kömək edir.

Alimlərin fikrinə görə qısamüddətli dərin olmayan stresslər (imtahan verilməsi, böyük auditoriya qarşısında çıxış etmək, işə götürülərkən müsahibədən keçmək, lotereyada nə isə udmaq və s.) ümumiyyətlə götürdükdə, həm orqanizmin imkanlarını, həm də immun sistemini aktivləşdirərək, sanki yaxşı mənada onun üçün məşq, təlim rolunu oynayır. Ona görə də bir çox ölkələrin alimləri belə bir fikrə gəlmişlər ki, orta dərəcədə olan stresslər, nəinki hüceyrələrin qocalmasını ləngidir, həmçinin yaşla əlaqədar olan bir çox xəstəliklərinin profilaktikasına xidmət edir.

Bəs, qısa müddətli orta dərəcəli stress orqanizmə necə təsir edir?

Qanda olan ağ və qırmızı qan cisimciklərinin mənbəyi sümük iliyidir ki, buradan – sanki bankdan, orqanizm bu hüceyrələri "yetişməmiş" halda alır. Bu hüceyrələr isə sonradan yetkin limfositlərə və digər qan hüceyrələrinə çevrilirlər. Orta dərəcəli stresslər zamanı immun və qanyaratma sistemləri öz işlərini yerinə yetirmək üçün daha çox sayda hüceyrələr (limfositlər, leykositlər və s.) alır.

Yüngül stesslər mikrobların təbii qatillərinin də (“təbii killerlər” adlanan) işinə müsbət  təsir edir. Bu immun sistemi hüceyrələri orqanizm üçün “yad” olan hüceyrələri tanıyaraq onları məhv edir. Təbii killerlər – orqanizmin şiş xəstəliklərindən qorunmasında da ilk maneə rolunu oynayırlar. Onlar şiş hüceyrələrini tanıyaraq onları məhv edir, onların çoxalaraq xətçəng xəstəliyinə keçməsinə imkan vermirlər. Orqanizmin məruz qaldığı yüngül stresslər zamanı, bədəni yorulmadan və daim səkildə qoruyan bu müdafiəçilərin (“təbii killerlərin”) aktivliyi də artmış olur.

Lakin stress uzun müddət ərzində davam edərsə, onun üçüncü - üzülmə (tükənmə) fazası başlayır. Bu isə insanın sağlamlığında müxtəlif problemlərin - məsələn, ürəyin işemik xəstəliyi, hipertoniya, qastrit, allergik reaksiyalar, maddələr mübadiləsi pozulmaları, ikincili immunodefisit və s. bu kimi digər xəstəliklərin inkişaf etməsi təhlükəsinin yaranmasına səbəb ola bilər. Uzun sürən bu stresslər zamanı, həmçinin orqanizmdə olan digər xəstəliklərin kəskinləşməsi də baş verə bilər.

Xroniki stress anlayışı nə deməkdir? Sadə dildə desək, xroniki streslər o zaman inkişaf edir ki, müxtəlif səbəblər üzündən insan uzun müddət onun üçün mürəkkəb hesab edilən vəziyyətdən çıxış yolunu heç cür tapa bilmir. Belə vəziyyətlərə bir neçə misal da çəkmək olar. Məsələn: insana onun hazırkı işi xoş gəlmir, ancaq o, başqa iş tapa bilmədiyi üçün bu işlə məşğul olmağa məcburdur; ailə cütlüyü arasında uzun müddət ümumi qarşılıqlı anlaşma olmasa da, onlar uşaqlarına görə nigahlarını poza bilmirlər, insan yaxın adamını itirməsi ilə heç cür barışa bilmir və s.

Sübut olunmuşdur ki, xroniki stess – hüceyrə səviyyəsindən başlayaraq ən ali formalarına qədər olmaqla, immun sisteminin funksiyalarına xeyli dərəcədə mənfi təsir göstərir. Aparılan yeni tədqiqatların nəticələrinə əsasən, stressin təsiri nəticəsində bağırsaqlarda olan bakteriyaların tərkibi də dəyişilir ki, orqanizmi üçün faydalı olan bakteriyaların səviyyəsi azalır və əksinə təhlükəli bakteriyaların səviyyəsi artır. Bunun nəticəsində isə mədə-bağırsaq sisteminin fəaliyyəti pozulur və immun sistemində müəyyən problemlər yaranır. Nəticədə mədə-bağırsaq sistemində olan müdafiə sistemi zəifədiyi üçün bu allergiyalara, bağırsaq infeksiyalarına və s. xoşagəlməz hallara gətirib çıxarır.

Bu zaman immun sisteminin ali hüceyrələri olan limfositlərin hazırlanması da zəifləyir və həmçinin onların aktivliyi azalır.
Uzunmüddətli xroniki streslər insanın immun sisteminə artıq dərəcədə mənfi təsir edir. Bu zaman qanda leykositlərin sayı kəskin azalır və onların bərpa olunması bəzən uzun müddətdən sonra mümkün olur. Bildiyiniz kimi, leykositlərin bir hissəsi faqositozda aktiv iştirak edir və onların azalması nəticəsində immun sistemi də zəifləmiş olur.

Nəticədə, uzun müddət ərzində stress vəziyyətində olan insanlar infeksion və iltihabi xəstəliklərlə daha tez-tez xəstələnirlər.

Xroniki stresslərin təsiri nəticəsində xərçəng hüceyrələri ilə mübarizə aparan “təbii killerlərin” də aktivliyi xeyli dərəcədə zəifləmiş olur ki, bu da orqanizmdə xərçəng şişlərinin inkişaf etməsinə səbəb ola bilər. Məhz buna görə, müxtəlif şiş xəstəliklərinin inkişaf etməsinin risk faktorlarından danışarkən, həkimlər mütləq xroniki stressləri də qeyd edirlər.
Əlbəttə ki, heç bir emosiyasız yaşamaq olmaz. Ancaq bunun da müəyyən bir həddi olmalıdır. Əgər stess vəziyyətləri günbəgün, ildən ilə təkrar olunarsa, insanın orqanizmi məhv olmağa başmayır. Əgər siz streslə mübarizə apara bilmirsinizsə və xeyli əziyyət çəkirsinizsə, heç nədən çəkinmədən həkimə müraciət edin.

 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
turanpress.com

1Mənbələr