AZ

Son illərin TRENDİ  – Yoqa gimnastikadır, yoxsa dəb?

Son
Son illərin TRENDİ

Yoqanın yaşı min illərlə ölçülür. Əsasən Hindistan fəlsəfəsindən qaynaqlanan yoqadan müxtəlif dini təcrübələri əks etdirmək üçün istifadə olunub.

İllər keçdikcə bu anlayış dəyişib, yoqa Avropada bədən üzvlərinin tərbiyəsi kimi dəyərləndirilib.

Son zamanlar dünyada olduğu kimi ölkəmizdə də yoqaya maraq artıb və bununla mütəmadi məşğul olan insanlar mövcuddur. Fiziki məşğələ kimi bəlli olan yoqanın fəlsəfəsinə varmaq istəyənlərin sayı da az deyil.

Sosial şəbəkələrdə yoqa ilə məşğul olan özünə xeyli kütlə toplamış insanların da çağırışına rast gəlirik.

Bəs yoqa sadəcə gimnastikadı yoxsa dəb? Yoqanın sağlamlığa nə kimi xeyri var?

E-saglam.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan fərdi inkişaf üzrə məşqçi və yoqa terapevti Ruhiyyə Əşrəfli deyib ki, koronavirus pandemiyasından sonra yoqaya maraq artıb:

“12 ildir yoqa ilə məşğulam, 5 ildir müəllim kimi çalışıram. Mən yoqaya başlayanda yoqa haqqında heç kim bilmirdi, anlayışları az idi, yoqaya pis baxırdılar. 5 il öncədən başlayaraq yavaş-yavaş insanlar məlumatlı olmağa başladılar. 

Amma pandemiya bitəndən sonra bu sahədə partlayış oldu. Psixoloji təlimlər keçirilir, yoqanın sağlamlığa xeyri, sağlam həyat tərzinə maraq artmağa başlayıb. Pandemiyadan sonra insanlar anlayıblar ki, sağlamlıq əsasdır. Pul, var-dövlət, iş bunlar bir gün olmaya da bilər. İnsana əsas sağlamlıq qalır. Sağlamlığı isə özünə sevgi, qayğı, diqqətlə qorumaq mümkündür”.

O, hazırda yoqanın dəb olduğunu vurğulayıb:

“Yoqa dəbdir, artıq postsovet məkanında çoxdan dəbə çevrilib. Rusiya, Ukrayna, Qazaxıstanda isə bu partlayış 10 il öncə baş verib. Artıq çox güclü müəllimləri, yoqa tədbirləri keçirmək üçün böyük məkanları var. Biz onlardan bir az geri qalmışıq. Amma son üç ildə o qədər müəllim peyda olub, o qədər insan yoqaya maraq göstərir ki, artıq hər küncdə restoranlar kimi yoqa mərkəzləri var. 

Mən bunlara pis baxmıram. Hər müəllimin öz enerjisi var və tələbələr həmin enerjiyə gəlirlər. Yəni gələnlər təlimin qeyri-adiliyinə yox, müəlimin öz enerjisinə diqqət edirlər. Ona görə nə qədər çox belə məkanlar, yoqa mərkəzləri olsa, bizim insanlar öz bədənlərinə qulluq edib, gözəl görünər, sağlam qalar, düşüncələri təmizlənər. 
Bu, dəbdi, amma yaxşı trenddi. Sağlamlıq naminə, gözəl şeylər üçün yaranmış trenddi. Bu illər ərzində yüzlərlə insan gəlib keçib. Yoqa meditasiyanı, beyni necə təmizləməyi, bədəni necə sağlam saxlamağı öyrədir. Mən həm də psixoloq olduğum üçün bunları öyrədirəm”.

E-saglam.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
4
e-saglam.az

5Mənbələr