AZ

Siyasi dialoq sabitliyin təminatıdır TƏHLİL

Siyasi partiyalar arasında keçirilən dialoq sağlam mühitin formalaşmasına, ölkənin inkişafına mühüm töhfədir

Azərbaycanda siyasi sabitliyin və milli birliyin və demokratik proseslərin təminatçısı olan siyasi dialoqun qurulması və həyata keçirilməsi dövlət siyasətinin başlıca vəzifələrindəndir. Siyasi dialoq mühitinin təşviqi, bəzi siyasi, iqtisadi layihələrin icrası və problemlərin həlli ilə bağlı müxalifət nümayəndələri ilə birgə müzakirə edilməsi artıq ölkəmizin siyasi reallığının ayrılmaz hissəsinə çevrilib. Bu səbəbdən vaxtaşırı olaraq ölkəmizdə fəaliyyət göstərən və Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınan siyasi partiya rəhbərləri ilə görüşlər və müxtəlif məsələlərlə bağlı müzakirələr aparılır. Söz yox ki, bu ənənə Prezident İlham Əliyevin apardığı siyasətin tərkib hissəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin inkişaf etdirməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət olunması deməkdir. Prezident İlham Əliyev çıxışlarının birində bildirmişdir ki, bizim normal dialoqa ehtiyacımız var: “Hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var”. Xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının qurultayında isə Prezident İlham Əliyev siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biri olduğunu bildirdi: “Siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsi qarşımızda duran vacib məsələlərdir. Bu gün ölkəmizdə siyasi dialoq aparılır. Bu, çox təqdirəlayiqdir. Ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”.

Söz yox ki, siyasi partiyaların iştirakı ilə keçirilən hər bir dialoq konstruktiv əlaqələrin və əməkdaşlıq münasibətlərinin qurulmasına mühüm dəstəkdir. Mayın 16-da Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə keçirilən görüş siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə xidmət edən növbəti görüş idi. Görüş də Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ana Vətən Partiyası,Ədalət, Hüquq, Demokratiya Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası,Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Milli Cəbhə Partiyası, REAL Partiyası, Haqq Ədalət Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Ümid Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Partiyası, Böyük Azərbaycan Partiyası, Ədalət Partiyası,Klassik Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, AĞ Partiyası, Azad Vətən Partiyası, Müasir Müsavat Partiyası, Gələcək Azərbaycan Partiyası, Yeni Zaman Partiyası və Müsavat Partiyası iştirak ediblər.

Ümummilli məsələlərdə həmrəylik mühiti təşviq olunur

Görüşdə çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib, bu istiqamətdə indiyədək görülmüş çoxsaylı işlər barədə ətraflı məlumat verib. Prezident Administrasiyasının şöbə müdiri siyasi partiyaların cəmiyyətdə artan rolunu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi xüsusi vurğulayaraq təşkil olunmuş görüşün, həmçinin siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib. Ə.Vəliyev sağlam əməkdaşlığın, milli həmrəyliyin sabitliyi və dayanıqlı inkişafı təmin edən amillərdən olduğunu diqqətə çatdırıb.

Konstruktiv müzakirələr şəraitində keçirilən görüşdə müxtəlif dövlət orqanlarının nümayəndələri çıxış edərək “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələlər barədə təmsil etdikləri orqanların aidiyyəti üzrə gördüyü işlər barədə məlumat veriblər. Ədliyyə Nazirliyinin nümayəndəsi siyasi partiya üzvlərinin reyestrinin aparılması, siyasi partiyalarla iş üzrə fərdi kabinetdən istifadə, qanunvericiliyin pozulmasına görə məsuliyyət, Maliyyə Nazirliyinin nümayəndəsi siyasi partiyalarda mühasibat uçotunun aparılması, siyasi partiyalara dövlət maliyyə yardımının ayrılması, Mərkəzi Seçki Komissiyasının nümayəndəsi siyasi partiyaların maliyyə hesabatı, siyasi partiyalar tərəfindən ianələrin qəbul olunması, Hesablama Palatasının nümayəndəsi isə siyasi partiyalara dövlət büdcəsindən ayrılmış maliyyə yardımının xərclənməsinin yoxlanılması kimi məsələlərə aydınlıq gətiriblər.

Siyasi partiyaların nümayəndələri müzakirə edilən mövzu ətrafında öz fikir və rəylərini bildiriblər. Cəmiyyəti narahat edən məsələlərin daha təkmil həlli yollarının müəyyənləşdirilməsində siyasi partiyaların mühüm rol oynaya biləcəyi nəzərə çatdırılaraq milli maraqlar və milli birliyin qorunması naminə ölkənin bütün vətənpərvər və intellektual qüvvələrinin səfərbər olmasının vacibliyi, habelə mövcud dialoq mühitinin qorunub saxlanılmasının əhəmiyyəti vurğulanıb. Görüş dövlət orqanlarının təmsilçiləri tərəfindən siyasi partiya nümayəndələrinin çoxsaylı suallarının cavablandırılması və müzakirələrlə davam edib.

Siyasi partiya təmsilçiləri tədbirin çox faydalı olduğunu bildirirlər

Diqqətçəkən məqam ondan ibarətdir ki, siyasi dialoq mühitində keçirilən görüş siyasi partiyaların təmsilçiləri tərəfindən müsbət qarşılanıb. İştirakçılar bu qəbildən olan tədbirlərin mütəmadi təşkilinin və hər bir siyasi qüvvənin belə təşəbbüslərdə fəal iştirak etməsinin faydalı olacağını diqqətə çatdırıblar. Görüş və görüşdə müzakirə olunan mələlər barədə öz mövqeni bildirən ReAl partiyasının icra katibi Natiq Cəfərli Prezident Administrasiyasının müvafiq şöbəsinə maraqlı tədbir təşkil etdiyi üçün təşəkkürünü ifadə edib və belə tədbirlərin təşkil edilməsinin çox faydalı olduğunu qeyd edib: “PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri ilə görüş keçirildi. Görüşdə MSK, Hesablama Palatası və Maliyyə və Ədliyyə Nazirliklərinin nümayəndələri də iştirak edirdi. İlk növbədə PA-nın müvafiq şöbəsinə maraqlı tədbir təşkil etdiyi üçün təşəkkür edirəm, ümumiyyətlə, belə tədbirlər çox faydalıdır. İştirakçı sayı çox, vaxt isə məhdud idi, rəsmi açılış və çıxışlardan sonra REAL Sədri və Siyasi Komitənin üzvü Mahmud bəy tədbirdə qalsa da, təəssüf ki, vacib məsələyə görə mən çıxmalı oldum”. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə bildirib ki, tədbirdə Azərbaycanda fəaliyyət göstərən, dövlət qeydiyyatında olan 26 siyasi partiyadan 25-nin nümayəndələri təmsil olunmuşdu: “Prezident Administrasiyası əməkdaşlarından əlavə AR Ədliyyə Nazirliyinin, Maliyyə Nazirliyinin, Mərkəzi Seçki Komissiyasının və Hesablama Palatasının bu sahəyə məsul rəhbər işçiləri iştirak edirdilər və məruzə etdilər. Habelə tədbirdə iştirak edən 25 siyasi partiyadan 20- nin təmsilçisi çıxışlar etdi. Çıxışlarda tədbrin konkret mövzusu ilə yanaşı ölkənin siyasi həyatının, qarşılıqlı siyasi fəaliyyətlərin aktual problemlərinin daha geniş spektri əhatə edildi. Ümumilikdə tədbir 4 saatdan çox çəkdi. Mənim rəyimə görə istər siyasi, istərsə də maarifləndirici baxımdan ümumən faydalı oldu”.

Azad Vətən Partiyasının sədri Akif Nağı isə görüş barədə bildirib ki, Ədalət Vəliyev bu şöbəyə rəhbərlik edəndən çox böyük işlər görüb: “Partiyalar arasında sağlam dialoq mühiti yaranıb. Çox vacib məsələdir. Ona görə də bu gün siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə bu cür görüş təşkil olundu. Ədalət müəllim çox geniş məruzə ilə çıxış etdi, maraqlı məqamlara toxundu. Eyni zamanda, orada digər dövlət qurumlarının nümayəndələri də özlərinin ciddi məruzələrini hazırlamışdılar. Hətta təklif olundu, mən də müdafiə etdim ki, orada olan çıxışların, məruzələrin mətnləri yaddaş kitabçası şəklində hazırlansın və partiyalara göndərilsin ki, onlar da bunlarla bağlı məlumatlı olsunlar. Mühit də çox yaxşı idi. Beş saata qədər müzakirələr getdi. Demək olar ki, hamı fikrini səsləndirdi, təkliflərini verdi”.

Bir sözlə, faktlar bir daha onu təsdiq edir ki, Azərbaycan dövləti hüquqi, demokratik, proseslərə və bunun fonunda siyasi dialoqun qurulması və inkişaf etdirilməsinə sadiqdir. Bu ənənə dəyişməz və dönməzdir.

İLHAM ƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
241
26
sesqazeti.az

10Mənbələr