AZ

Kapital Bank-ın 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

2023-cü il Kapital Bank üçün necə yadda qaldı?

Fərid Hüseynov: Təşəkkür edirəm, 2023-cü ildən danışsaq deməliyəm ki, hər şeydən öncə biz 2021-2023-cü il strategiyamızı yekunlaşdırdıq və 3 il öncə qarşımıza qoyduğumuz hədəflərə çatdıq. Bu, hədəflər sırasında rəqəmsal bankçılığın inkaşafı, kredit satışını rəqmsal kanallara yönəltmək, müştərilərə fasiləsiz bank xidmətlərini təklif etmək, bankın liderliyini qoruyub saxlamaq kimi bir çox istiqamətlər var idi. Və bu istiqamətlərdə böyük nəticələr əldə etmişik. Ona görə də ötən dövrü bankımız üçün uğurlu adlandıra bilərəm. Bu uğurun rəqəmlərlə göstəricilərini isə sizə çatdırmağı Emin bəyə həvalə edirəm.

Emin Məmmədov: Təşəkkür edirəm, Fərid bəy. Mən də hər birinizi salamlayıram, xoş gəlmisiniz.

Bizim rüblük hesabatlarımız, ilin yekun nəticələri də göstərdi ki, ötən il Kapital Bank ölkəmizin maliyyə sektorunda həm öz mövqeyini qorudu, həm də genişləndi. Eyni zamanda biz korporativ, kiçik, orta sahibkarlıq (KOS) və pərakəndə bankçılıqda diversifikasiyanın düzgün həyata keçirilməsi, aktivlərin səmərəli istifadəsi sayəsində yüksək mənfəət göstəricisinə nail ola bildik.

Əgər rəqəmlərlə danışsaq, 2023-cü ilin sonunda audit olunmuş maliyyə hesabatlarına əsasən deyə bilərəm ki, bankımız ötən il 8 milyard 810 milyon 254 min manat dəyərində olan cəmi aktivləri ilə ölkədə ən böyük banklardan biri statusunu qoruyur. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 11% çoxdur. (2022-ci il: 7 milyard 942 milyon 693 min manat).

Aktivləri müxtəlif istiqamətdə inkişaf etdirmək kimi strateji qərarların qəbul edilməsi nəticəsində müştərilərimizə təklif etdiyimiz xidmətlərimizin balansını yaxşı səviyyədə saxlaya bilmişik.

2023-cü il sonu etibarilə Kapital Bank-ın cəmi kapital həcmi 1 milyard 81 milyon 819 min manat təşkil edib. Bu rəqəm ötən illə müqayisəsdə 11.67 % çoxdur. (2022-ci il: 968 milyon 696 min manat).

Eyni zamanda 2023-cü ildə Mərkəzi Bank tərəfindən məcburi ehtiyat normalarının yüksəldilməsinə baxmayaraq bankımızın kifayət qədər vəsaitinin olması nəticəsində biz likvidlik səviyyəsini istədiyimiz şəkildə qoruyub saxlaya bildik. Bankın faiz qazandıran aktivlərin böyük hissəsi qısa və ortamüddətli kreditlərə, AR Mərkəzi Bankı və Maliyyə Nazirliyi tərəfindən buraxılmış qiymətli kağızlara, xarici şirkətlərin korporativ istiqrazlarına və banklararası depozitlərə yatırıldığı üçün, Bankımız yüksək likvid olaraq qalır.

Bildiyiniz kimi Mərkəzi Bankın banklar üçün müəyyən etdiyi minumim likvidlik norması 30%-dir. Bunu nəzərə alaraq, qeyd edim, 2023-cü ilin sonuna Bankımızın livkidlik əmsalı 41.22% olub. Bu da onu göstərir ki, minimum tələb olunan likvidlik əmsalından kifayət qədər yüksək iş sahəmiz var.

Biz bank olaraq 2024-2026-ci il 3 illik strateji dövr üçün pul vəsaitlərinin hərəkət büdcəsini proqnozlaşdırmışıq və bu müddət ərzində müsbət xalis pul vəsaitlərinin hərəkətini gözləyirik. Yaxın gələcək dövrlər üçün Bankımızın cari maliyyə vəziyyətini, proqnozlaşdırılan maliyyə əmsallarını, bazar payının artmasını və s. nəzərə almaqla müsbət tendensiyalarına və əməliyyatları davam etdirmək üçün lazım olan vəsaitlərə malik olacağıq.

Kapital Bank-ın mənfəət və zərərlərini hansı amillərlə əsaslandırırsınız?

Emin Məmmədov: 2023-cü il ərzində Kapital Bank-ın toplam faiz gəlirləri 712 milyon 512 min manat təşkil edib. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15% çoxdur. Artımın səbəbi həm korporativ, kiçik və orta biznes müştərilərimizin, həm də riteyl müştərilərimizin sayının böyük həcmdə artması ilə bağlıdır. Eyni zamanda yeni texnologiyaların tətbiqinin, xidmət keyfiyyətinin yüksəlməsinin bu işdə böyük rolu var. Müştərilərimizə təqdim etdiyimiz yeni məhsul və loyallıq proqramları sayəsində onların aktivliyi də artıb.

2023-cü il faiz xərcləri 2022-ci ilə nisbətən 37% artaraq 110 milyon 350 min manat təşkil edib. Artımın əsas səbəbi müştərilər qarşısında olan öhdəliklərin artmasından irəli gəlir. Faiz gəlirlərinin əsas hissəsini, 81%-ni müştərilərə verilmiş kreditlərdən əldə etmişik. Faiz xərclərimizin əksər hissəsi, 74%-i isə müştərilər qarşısında olan öhdəliklərdən yaranan xərclərdir. Beləliklə, xalis faiz gəlirlərimiz 11.80% artaraq 2023-cü il üzrə 611 milyon 162 min manat olub.

Qeyri-faiz gəlirlərinin əsas hissəsini haqq və komissiya gəlirləri təşkil edir. Belə ki, 2023-cü ildə bankımız haqq və komissiya üzrə 341 min 121manat mənfəət əldə edib. Bu, 2022-ci illə müqayisədə 23% artım deməkdir. Artımın əsas səbəbi iqtisadiyyatda baş verən dəyişikliklərin və çağırışların bizim bankımızdakı təcəssümüdür. Bank əməliyyatları sayı artdıqca, bank dövriyyələrinin həcmi böyüdükcə, qeyri-faiz gəlirləri, birbaşa bank xidmətindən əldə olunan komissiya gəlirləri də artıb. Ona paralel olaraq da bu xidmət sahəsini bankda dəstəkləmək üçün lazım olan haqq və komissiya xərcləri də artıb və 2023-cü il ərzində bu məbləğ 166 milyon 446 min manat olub.

Xərclərmizdə olan artımın əsas səbəbi loyallıq proqramları ilə bağlıdır, belə ki, 2023-cü il loyallıq proqramı çərçivəsində 100 milyon manata yaxın bir məbləğdə vəsaiti keşbek, mil və 2 qat ƏDV bonusları olaraq müştərilərimizə geri qaytarmışıq. Bütün xərc və gəlirləri nəzərə alaraq 2023-cü il ərzində 282 milyon 103 min manat manat xalis gəlir əldə etmişik.

Ötən görüşümüzdə siz Kapital Bankda yeni strateji dövrün başlayacağını qeyd etmişdiniz. Bunun müştərilərə təsiri necə olacaq?

Fərid Hüseynov: Bəli, 2024-2026-cı illər strateji planı bankımız üçün təsdiq edilib və yeni strateji dövr artıq bizim üçün başlayıb. Bu planın əsasında müştəri məmnuniyyəti dayanır. Demək olar ki, bütün layihələrimizin prioriteti müştəri mərkəzli xidmət və onların məmnuniyyətidir.

Xatırlayırsınızsa ötən görüşümüzdə bu planın ilk böyük layihəsinin anonsunu etmişdim. Hətta o zaman bizim süni intellekt əsaslı Çat və Zəng sorğu xidmətimizin test mərhələsində olduğunu demişdim. Artıq bu gün bizim süni intellekt əsaslı Çat və Zəng sorğu xidmətimiz müştərilərimizin ixtiyarındadır. Hətta tətbiq etdiyimiz bu xidmət qısa zaman öncə nüfuzlu Global Finance jurnalı tərəfindən dəyərləndirildi və "Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi"- (Best Use of AI in Digital Transformation) nominasiyasında mükafat qazandı.

Bu xidmət bizə bank sektorunda unikal üstünlüklər qazandırır. Kredit borcunun yoxlanılması, yanlış PİN, 3D təhlükəsizlik kodu və bənzər hallara görə bloklanmış kartın blokdan azad edilməsi kimi onlarla əməliyyatda müştərilərin sorğuları 1 saniyədən də az vaxtda cavablandırılır. Əgər statistikaya nəzər salsaq son 4 ay ərzində Çat sorğu xidmətinə edilən müraciətlərin 55%-i, Zəng sorğu xidmətinə edilən müraciətlərin isə 18%-i süni intellekt əsaslı xidmətimiz tərəfindən həll edilib. Ümumilikdə isə 620 minə yaxın müraciət öz həllini tapıb. Süni intellektin həll edə bilmədiyi müraciətlər isə əməkdaşlarımıza yönəldilib. Burada vacib bir məqam da ondan ibarətdir ki, bu xidmət özünü təkmilləşdirmək qabiliyyətinə sahibdir. Və yaxın gələcəkdə daha çox istiqamətdə müştərilərimizin sorğularını həll edəcək. Xidmətin unikallığı həm də ondan ibarətdir ki, bu sistem səsi mətnə, mətni isə səsə çevirmək bacarığına sahibdir. Bu həll bizə müştəri sorğularının daha tez və effektiv həllində dəstək olur.

Yeniliklərdən danışarkən "Real zamanlı ön təsdiq sistemi" ni qeyd etməliyik. Bildiyiniz kimi biz kredit verilmə prosesini Birbank mobil tətbiqindən və veb saytdan müraciət edən müştərilər üçün başdan başa onlayn icra edirik. Bir sıra hallarda isə bu müraciətlər çat və ya zəng xidməti vasitəsi ilə edilir. "Real zamanlı ön təsdiq sistemi" ilə bu müraciətlər daha sürətli formada analiz edilərək dəyərləndirilir və müştərilərə məlumat verilir. Artıq sınaq mərhələsi baş tutub. Bu mərhələdə gələn sorğuların 40%-dən çoxu uğurla cavablandırılıb. Yaxın zamanda tam istifadəsi planlanan bu sistemin köməyi ilə aylıq ortalama 150 000-dən çox müştərimizin kredit müraciətinin cavablandırılması planlaşdırılır.

Bir sözlə yeni strateji planımız çərçivəsində sürətli, əlçatan xidmət mövzusunda müştərilərimizi bir çox yeniliklər gözləyir.

Eyni zamanda yeni strategiyanın önəmli bir hissəsi Korporativ Sosial Məsuliyyət layihələrinin davam etdirilməsidir. Bildiyiniz kimi biz Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq edirik. Ölkə üzrə Respublika Fənn Olimpiyadaları Kapital Bank-ın sponsorluğu ilə keçirilir. Məktəblilərlə yanaşı tələbələrə daha innovativ imkanlar yaratmaq bizim marağımızdadır. Bu məqsədlə bir çox ali məktəbdə innovativ avadanlıqlarla təchiz olunmuş Kapital Bank auditoriyaları fəaliyyət göstərir. Bununla yanaşı Birbank təqaüd proqramımız davam edir. Bu layihə çərçivəsində hazırda 15 gəncə təqaüd verilir. Eyni zamanda biz mütəmadi olaraq gəncləri təcrübə proqramlarına cəlb edirik. Ekspertlərimiz tərəfindən onlara təlimlər keçirilir. Eyni zamanda Qırmızı Ürəklər Fondunun xətti ilə cəmiyyətin həssas nümayəndələrini əhatə edən bir çox işlər görülür. Əlavə olaraq fondun təqaüd proqramı çərçivəsində 10 nəfər tələbənin təqaüdü tərəfimizdən ödənilir. Ətraf mühitin qorunması, heyvanların müdafiəsi istiqamətində layihələr icra olunur. Yeni dövr üçün də biz cəmiyyətə bu istiqamətlərdə dəyər qatmağa davam edəcəyik.

Yeni strateji dövrdə risklərin idarə edilməsi üzrə əsas fəaliyyət planı nədir?

Cavid Mirzəyev: Yeni strateji dövr üzrə risklərin idarə edilməsi üzrə yeni ortaya çıxan və əhəmiyyəti artan risk istiqamətləri kimi model riskləri, ESG (Ekoloji, ətraf mühit, Sosial, İdarəetmə), Data riski, Aİ (süni intellect) riski kimi istiqamətlərdir. Bank hazırda qərar qəbul edilməsində modelləşdirmə təcrübəsindən geniş istifadə edir. Bu da öz növbəsində insan resursu riskini azaldır və qərar qəbuletmə zamanı səhvlərin qarşısını alır. Bu isə yeni risk olan model riskin idarə edilməsinin əhəmiyyətini artırmış olur. Eyni zamanda rəqəmsallaşma fonunda verilənlərin idarə edilməsi (data governance) daha həssas mövzuya çevrilir. Bu səbəbdən də data riski artıq yeni risk sahəsi kimi idarə olunmağa başlanılıb. Bank daxilində nəzərdə saxlanılan əsas məsələlər datanın keyfiyyəti, təhlükəsizliyi, əlçatanlığı istiqamətində risklərin düzgün idarə edilməsidir.

ESG dünyada və ölkəmizdə geniş müzakirə olunan mövzulardandır. AR Mərkəzi Bankının yayımladığı yol xəritəsinə uyğun olaraq Bankımız da ESG risklərinin idarə edilməsi, dayanıqlılıq üzrə işlər görür. Bu istiqamətdə biz ESG risklərin ölcülməsi və idarə edilməsi üsullarını müəyyən etməyi hədəfləmişik. Eyni zamanda bu istiqamətdə müxtəlif beynəlxalq təşkilatlar, konsultantlar və requlyatorla birgə çalışır, risk mədəniyyətinin inkişafı istiqamətində tədbirlər həyata keçiririk.

Həmçinin bankımız ESG amilləri üzrə əsas risk göstəricilərnin formalaşdırılması və izlənməsi istiqamətində işlər görür. Bura Ətraf mühit və ekoloji faktorun tərkib hissəsi kimi karbon ayaq izinin ölçülməsi, yaşıl biznesin maliyyələşməsi, iqlim dəyişikliyi üzrə göstəricilər, korporativ sosial layihələrdə olan iştirak və s. kimi amillər daxildir.

Biz hesabatlardan kredit porfelinin artdığını da gördük. Buna səbəb kimi hansı məqmaları göstərə bilərsiniz?

Emin Məmmədov: Elədir ki var. 2023-cü ildə Kapital Bank-ın aktivlərinin ən böyük hissəsi kredit portfelinin payına düşür. Rəqəmlə ifadə etsəm 2022-ci illə müqayisədə 35% artım baş verib. Belə ki, ilin sonuna olan göstəricilərdə portfelin ümumi məbləği 4 milyard 110 milyon 501 min manat təşkil edir. Bu isə bankın aktivlərinin 47%-i deməkdir.

2023-cü ildə Kapital Bank-ın kredit portfelinin əsas hissəsini, 2 milyard 893 milyon 592 min manatını pərakəndə bankçılıq portfeli əhatə edir. Bu isə portfelin 68%-i dir. 2022-ci illə müqayisədə ən böyük artım fərdi sahibkar və dövlətlə bağlı müəssisələrə verilən kreditlərdə müşahidə olunur. Belə ki, hər iki seqment üzrə müvafiq olaraq 120% və 45% artım əldə etmişik.

O ki, qaldı qeyd etdiyiniz kimi səbəblərə, kredit portfelimizin böyüməsinin əsas səbəbi müştərilərimizin sayının artması, ümumi iqtisadiyyatda olan inkişaf və dövlət, eləcə də region əhəmiyyətli layihələrinin maliyyələşməsində iştirakımızla bağlıdır.

Depozitlərlə bağlı məqamları da qeyd etmənizi istəyərdik.

Emin Məmmədov: Müştərilərimizin bizə olan etimadı nəticəsində yüksək depozit bazasını 2023-cü ildə də qoruyub saxlaya bilmişik. Belə ki, cari il bu rəqəm 6 milyard 344 milyon 489 min manata çatıb. (2022-ci il: 6 milyard 139 milyon 948 min manat). Bu isə bankın öhdəliklərinin 82%-ni təşkil edir. Bundan əlavə, öhdəliklərin digər hissələri kredit təşkilatları, dövlət təşkilatları və AR Mərkəzi Bankı qarşısında öhdəliklərdən ibarətdir. Bu kimi öhdəliklər bankın əsas əməliyyatlarının tərkib hissəsi sayıldığı üçün balanslarda gündəlik volatillik müşahidə olunur.

Öhdəliklərin əsas tərkib hissəsi olan müştəri depozitləri isə əsasən tələbli və müddətli hesablarda 76% və 24% nisbətində cəmlənib (2022-ci il: 86% və 14%). Müştəri depozit bazasının 68%-i hüquqi şəxslərin, 32%-i isə fiziki şəxslərin payına düşür (2022-ci il: 71% hüquqi, 29% fiziki şəxslər). Hüquqi şəxs müştəri bazası fəaliyyət növlərinə görə kifayət qədər diversifikasiya olunmuşdur. Belə ki, portfelimizdə yer alan müştərilər ticarət, tikinti, enerji, sığorta, təhsil, nəqliyyat, kənd təsərrüfatı və s. iqtisadi sektorlarda fəaliyyət göstərirlər.

Problemli kreditlərlə bağlı nə deyə bilərsiniz? Bu mövzu bankın portfelində hansı həcmdə yer turur?

Cavid Məmmədov: Kapital Bank-ın kredit portfeli sağlamdır. Bunu rəqəmlər və göstəricilərə əsasən deyirəm. 2023-cü ildə problemli kredit portfelin ümumi portfelə nisbəti 2.04% dir. (2022-ci ildə 2%)

Əgər kredit portfelini müştəri əsasında təhlil etsək, deyə bilərəm ki, dövlətlə bağlı müəssisələrə verilmiş kreditlər üzrə göstəricimiz 0.02% olmaqla minimum həddədir. Bu rəqəm 2022-ci illə müqayisədə dəyişməyib.

Fərdi sahibkarlara verilmiş kreditlər üzrə problemli kredit portfelində 2022-ci illə müqayisədə kifayət qədər sağlamlaşma müşahidə olunur. Belə ki, bu seqment üzrə portfelin yalnız 1.53%-ü problemli kreditlərdən ibarətdir. Özəl müəssisələr üzrə kredit portfelinin 1.37%-i , fiziki şəxslər üzrə kreditlərin isə 3.28%-i problemli kreditlərin payına düşür. Bu göstəricilər isə kifayət qədər sağlam portfelə sahib olduğumuzu deməyə əsas verir.

Kapital Bank-ın dayanıqlı bank olaraq fəaliyyəti üçün hansı risk strategiyası tətbiq olunur?

Cavid Məmmədov: - Öncə onu qeyd edim ki, Kapital Bank sistem əhəmiyyətli bankdır. Biz bu statusun məsuliyyətini dərk edirik və hər zaman özümüzə qarşı tələb ediləndən də yüksək tələblər qoyuruq. Buna əsasən deyə bilərəm ki, Kapital Bank-ın dayanıqlılığını təmin edən kifayət qədər güclü bir risk strategiyası var. Bu isə bizə illərdir müştərilərimizi dayanıqlı bank xidmətləri ilə təmin etməyə imkan yaradır. Xoşdur ki, bunun nəticəsi olaraq biz müştəri seçimlərində də etibarlı bank statusunu qoruyub saxlaya bilirik. Təbii ki, bankçılıq yenilənir və inkişaf edir xüsusən də rəqəmsallaşmanın gətirdiyi texnoloji həllər də bu strategiya çərçivəsində dəyərləndirilir, riskləri tənzimlənir və müştərilərimizə təqdim edilir.

Əlbəttə ki, bankın risk profilində maliyyə riskləri xüsusi əhəmiyyətə malikdir. Bu istiqamətdə risklərin idarə edilməsi bacarıqlarının yüksəldilməsi üçün tədbirlər həyata keçirilir. Müxtəlif alətlər və modellər vasitəsilə ilə risklərin minimallaşdırılması və kredit portfelinin yaxşılaşdılıması üçün tədbirlərimiz də var. Eyni zamanda biz ötən il ərzində requlyativ yanaşmadan əlavə, risk əsaslı yanaşma ilə kapital hesablanması üçün beynəlxalq təcrübəyə əsaslanan İCAAP modelinin hazırlanması və tətbiqi istiqamətində aktiv işlər gördük. Bu model kredit, bazar və əməliyyat riskləri üzrə kapital ehtiyatlarının hesablanmasını əhatə edir. Kredit riski üzrə həm sektorial həm də borcalan qrupu üzrə konsentrasiyalar nəzərə alınmaqla kapital ehtiyacları hesablanır. Bundan əlavə olaraq ən kəskin stress ssenarilər üzrə riskləri absorbsiya edəcək kapital buferi hesablanaraq təmin edilir.

Bazar riskləri üzrə beynəlxalq təcrübəyə əsaslanan faiz dərəcəsi riski modelindən istifadə olunaraq nəticələri tətbiq olunur. Əməliyyat riskləri üzrə hazırda requlyator tərəfindən tətbiq edilən Baza indikator yanaşmasından əlavə beynəlxalq praktikada tətbiq edilən SMA modelinin hazırlanması istiqamətində aktiv işlər görülüb.

Müştərilərə risksiz, dayanıqlı bank məhsullarının təqdim edilməsi Bizim yeni strateji dövrün də əsas hədəflərindən biridir. Bu istiqmətdə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi davam edir. Çünki dayanıqlı bankçılıq təkcə dayanıqlı qurum və məmnun müşətri yox, həm də ölkə iqtisadiyyatına qatılan böyük bir dəyərdir.

Kapital Bank-ın son zamanlar gündəm olan mövzularından biri də istiqrazlar oldu. Bankınızın dollar istiqrazı buraxmasını zəruri edən nə idi?

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
33
publika.az

10Mənbələr