AZ

"Mən bildiyimi siz bilmirsiniz!"

(ezoterik mifoloji fəlsəfi hekayə)

Tanrı bir gün fikirləşdi ki, əşşi bezdim taa bu mələkləri, cinləri yaratmaqdan, maraqlı olmaq üçün analoqu olmayan nəsə ekstravaqant bir varlıq yaradım. Beləliklə, yeni növ məxluq proyekti üzərində bir qədər düşündükdən sonra "var ol" dedi və qarşısında bir məxluq növü peyda oldu. Uca Yaradan dərgahdakı bütün yüksək varlıqları dəvət edərək yeni məxluqun prezentasiyasını keçirdi. Prezentasiyada İnsanı kosmik ictimaiyyət qarşısında nümayiş etdirdi və xüsusiyyətlərini sadaladı. Sonda qəfildən bəyan etdi ki onu sizdən üstün yaratmışam. Bunu eşidən mələklər qəzəbləndilər və etiraz etdilər ki, bəs dünyanı qana bələcəyək, hər yerdə nifaq salacaq, min cür rəzalətlər törədəcək bir varlıqmı yaradırsan? Hələ üstəlik, bizdən üstün olduğunu deyirsən, ayıb deyilmi? Tanrı təəssüf hisssi ilə onlara baxıb dedi- Mən bildiyimi siz bilmirsiniz!

Mələklər hörmət əlaməti olaraq Uca Yaradanın qarşısında susdular və təzim etdilər. Lakin onlardan biri olan İblis dözmədi və sərt açıqlamada bulundu. Dedi ki, mən bu əyrimçəyə baş əyəsi deyiləm, darıxma sənə bunun nə mal olduğunu əyani surətdə göstərəcəyəm. Yaradan dedi ki, buyur, sənə tam ixtiyar verirəm, əlindən gələni 5 qaba çək, amma unutma onu səndən güclü yaratmışam, sən heç vaxt ona qalib gələ bilməzsən. Şeytan dedin ki, yaxşı, baxarıq.

İnsanın xüsusiyyətləri sadalanarkən nəfs sözünü xüsusilə yadda saxlamış Şeytan bundan yapışmağa qərar verdi və ilk cəhddəcə İnsanı tələyə saldı- ona qadağan olunmuş şeyi etdirdi. İnsan səhvini anlayanda artıq gec idi...

Qəzəblənmiş Tanrı insanı 2 cinsə ayırdı və onların hər ikisini şeytanla birgə ruhi kainatdan sürgün edərək maddi kainata- bu məqsədlə xüsusi yaratdığı Yer planetinə göndərdi. Və dedi ki, gedin ağıllananda gələrsiniz. Beləliklə insan uğrunda xeyirlə şərin, mələklərlə şeytanların əbədi müharibəsi başladı. Uca Yaradan bu dünyada da insanı tək buraxmadı, mütamadi olaraq onu haqq yoluna dəvət edən elçilər, kitablar göndərdi, lakin hər dəfə insanlar haqq yoluna gəlməyi rədd etdilər. Bu səbəbdən hələ ki şeytan tərəf qalibdir, insanların çoxu bilərəkdən və ya bilməyərəkdən şərə xidmət edir, lakin mələklər ümid edirlər ki, bir gün İnsan xeyirin tərəfində olacaq və "Mən bildiyimi siz bilmirsiniz" deyən Tanrının sözü həyata keçəcək.

Hələlik isə insanlar özləri haqqa gəlməyi və əzabla dolu bu müvəqqəti maddi kainatdan qurtulub əbədi kainata qayıtmağı kənara qoyub bütün həyatını əyləncə və kef içində yaşamağa çalışır. Tanrının göndərdiyi dinləri isə təhrif edib insanlara Mehdi gələcək sizi xilas edəcək deyə nağıl danışırlar. Xeyr, heç bir Mehdi filan gəlməyəcək. Yaradan deyir ki, sizə ağıl vermişəm, mütləq müstəqillik vermişəm, sizi şeytandan güclü yaratmışam, yalnız siz özünüzü xilas edə və əbədi kainata dönə bilərsiniz. Cəmi 2 yol var- ya ruhi-mənəvi yüksəliş ya da maddi həzz. Biri yüksəklərə aparır, biri aşağılara. Tanrı demokratikdir və zorla nəyisə dəyişmir. Seçimi bizim özümüzə verib. Nəyi əkiriksə onu da biçirik. Bu dünyaya ağıllanmaq, dərs almaq, təmizlənmək üçün göndərilmişik. Öz evimizə qayıtmaq-Tanrının dərgahına dönmək üçün bu məktəbi bitirib dərsimizi almayılıq. Əks halda təkrar-təkrar əzablarla dolu bu dünyaya gəlib gedəcəyik. Biz öyrənənədək dərs davam edəcək.

Elçin Bayramlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
sesqazeti.az

1Mənbələr