AZ

“Müştərilərimizi bir çox yeniliklər gözləyir” - Fərid Hüseynov

Bu gün “Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş İcraçı Direktor Fərid Hüseynov, İdarə Heyətinin üzvləri - Baş Risk İnzibatçısı Cavid Mirzəyev və Baş Maliyyə İnzibatçısı Emin Məmmədovla mətbuat konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə media nümayəndələrinin sualları cavablandırılıb.

Fərid Hüseynov bildirib ki, yaxın zamanda “Kapital Bank” müştərilərini bir çox yeniliklər gözləyir: “2024-2026-cı illər strateji planı bankımız üçün təsdiq edilib və yeni strateji dövr artıq bizim üçün başlayıb. Bu planın əsasında müştəri məmnuniyyəti dayanır. Demək olar ki, bütün layihələrimizin prioriteti müştəri mərkəzli xidmət və onların məmnuniyyətidir.

Xatırlayırsınızsa, ötən görüşümüzdə bu planın ilk böyük layihəsinin anonsunu etmişdim. Hətta o zaman bizim süni intellekt əsaslı Çat və Zəng sorğu xidmətimizin test mərhələsində olduğunu demişdim. Artıq bu gün bizim süni intellekt əsaslı Çat və Zəng sorğu xidmətimiz müştərilərimizin ixtiyarındadır. Hətta tətbiq etdiyimiz bu xidmət qısa zaman öncə nüfuzlu Global Finance jurnalı tərəfindən dəyərləndirildi və “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi”- (Best Use of AI in Digital Transformation) nominasiyasında mükafat qazandı.

Bu xidmət bizə bank sektorunda unikal üstünlüklər qazandırır. Kredit borcunun yoxlanılması, yanlış PİN, 3D təhlükəsizlik kodu və bənzər hallara görə bloklanmış kartın blokdan azad edilməsi kimi onlarla əməliyyatda müştərilərin sorğuları 1 saniyədən də az vaxtda cavablandırılır. Əgər statistikaya nəzər salsaq son 4 ay ərzində Çat sorğu xidmətinə edilən müraciətlərin 55%-i, Zəng sorğu xidmətinə edilən müraciətlərin isə 18%-i süni intellekt əsaslı xidmətimiz tərəfindən həll edilib. Ümumilikdə isə 620 minə yaxın müraciət öz həllini tapıb. Süni intellektin həll edə bilmədiyi müraciətlər isə əməkdaşlarımıza yönəldilib. Burada vacib bir məqam da ondan ibarətdir ki, bu xidmət özünü təkmilləşdirmək qabiliyyətinə sahibdir. Və yaxın gələcəkdə daha çox istiqamətdə müştərilərimizin sorğularını həll edəcək. Xidmətin unikallığı həm də ondan ibarətdir ki, bu sistem səsi mətnə, mətni isə səsə çevirmək bacarığına sahibdir. Bu həll bizə müştəri sorğularının daha tez və effektiv həllində dəstək olur.

Yeniliklərdən danışarkən “Real zamanlı ön təsdiq sistemi” ni qeyd etməliyik. Bildiyiniz kimi biz kredit verilmə prosesini Birbank mobil tətbiqindən və veb saytdan müraciət edən müştərilər üçün başdan başa onlayn icra edirik. Bir sıra hallarda isə bu müraciətlər çat və ya zəng xidməti vasitəsi ilə edilir. “Real zamanlı ön təsdiq sistemi” ilə bu müraciətlər daha sürətli formada analiz edilərək dəyərləndirilir və müştərilərə məlumat verilir. Artıq sınaq mərhələsi baş tutub. Bu mərhələdə gələn sorğuların 40%-dən çoxu uğurla cavablandırılıb. Yaxın zamanda tam istifadəsi planlanan bu sistemin köməyi ilə aylıq ortalama 150 000-dən çox müştərimizin kredit müraciətinin cavablandırılması planlaşdırılır.

Bir sözlə, yeni strateji planımız çərçivəsində sürətli, əlçatan xidmət mövzusunda müştərilərimizi bir çox yeniliklər gözləyir.

Eyni zamanda yeni strategiyanın önəmli bir hissəsi Korporativ Sosial Məsuliyyət layihələrinin davam etdirilməsidir. Bildiyiniz kimi biz Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq edirik. Ölkə üzrə Respublika Fənn Olimpiyadaları Kapital Bank-ın sponsorluğu ilə keçirilir. Məktəblilərlə yanaşı tələbələrə daha innovativ imkanlar yaratmaq bizim marağımızdadır. Bu məqsədlə bir çox ali məktəbdə innovativ avadanlıqlarla təchiz olunmuş Kapital Bank auditoriyaları fəaliyyət göstərir. Bununla yanaşı Birbank təqaüd proqramımız davam edir. Bu layihə çərçivəsində hazırda 15 gəncə təqaüd verilir. Eyni zamanda biz mütəmadi olaraq gəncləri təcrübə proqramlarına cəlb edirik. Ekspertlərimiz tərəfindən onlara təlimlər keçirilir. Eyni zamanda Qırmızı Ürəklər Fondunun xətti ilə cəmiyyətin həssas nümayəndələrini əhatə edən bir çox işlər görülür. Əlavə olaraq fondun təqaüd proqramı çərçivəsində 10 nəfər tələbənin təqaüdü tərəfimizdən ödənilir. Ətraf mühitin qorunması, heyvanların müdafiəsi istiqamətində layihələr icra olunur. Yeni dövr üçün də biz cəmiyyətə bu istiqamətlərdə dəyər qatmağa davam edəcəyik”.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
qafqazinfo.az

1Mənbələr