AZ

Azərbaycan-Belarus: etimada əsaslanan münasibətlər TƏHLİL

Prezident İlham Əliyev: "Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm"

Azərbaycanın milli maraqlar prinsipləri əsasında həyata keçirdiyi xarici siyasəti nəticəsində ölkəmizin müstəqillik təməlinin sütunları daha möhkəmlənib. Suverenliyini və ərazi bütövlüyünü təmin etmiş Azərbaycan bir çox dövlətlərlə yanaşı, Belarus Respublikası ilə də münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edən qərar, sənədlər qəbul edib ki, bu da dövlətlərarası əlaqələrin sürətlə inkişafına təkan verib. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri və səfər çərçivəsində aparılan danışıqlar, keçirilən təkbətək və geniş tərkibdə görüşlər, imzalanan sənədlər dövlətlərarası mehriban dostluq əlaqələrinin olduğunu bir daha təsdiqləyir. Gələcəkdə qarşılıqlı fəaliyyət yolları müəyyənləşdirilib, münasibətlərin dinamik inkişafına nəzər salınıb. Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxışında bildirdiyi kimi, "Bu gün müzakirə etdiyimiz məsələlərin hamısı kifayət qədər konkret xarakter daşıyır. İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri, başqa sözlə desək, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq məsələlər geniş şəkildə müzakirə olundu".
Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus arasında müxtəlif sahələrdə əməkdaşlıq məqsədi ilə sənədlərin imzalanması mərasimi olub. Təbii ki, sənədlərin imzalanması dövlətlərarası müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaqdır.
Azərbaycan və Belarus arasında olan strateji əməkdaşlıq əlaqələri hər iki ölkənin perspektiv inkişafı baxımından, xüsusi əhəmiyyət kəsb edir. Bu əlaqələr, eyni zamanda, regionun tərəqqisi ilə bağlı yeni baxışlar formalaşdırır.
"Bu illər ərzində müxtəlif şəraitlərdə həmişə dəyərlərimizə - xeyirxahlığa, ləyaqətə, münasibətlərdə dürüstlüyə və nəticəyə hədəflənməyə sadiqliyimizi qoruyub saxlamışıq" – deyən Prezident bildirib ki, ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər təbii olaraq bütün digər dövlət qulluqçularına impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər.

"İNFRASTRUKTURU, YAŞAYIŞ SAHƏLƏRİNİ, İCTİMAİ BİNALARI, TARİXİ ABİDƏLƏRİ VƏ DİGƏRLƏRİNİ SIFIRDAN BƏRPA ETMƏK LAZIM GƏLİR"

44 günlük Vətən müharibəsində Azərbaycan tarixi ədaləti bərpa edərək, 30 ilə yaxın işğal altında olan torpaqları düşmən tapdağından azad etdi. Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. İşğaldan azad olunan ölkəmizin inkişafı istiqamətində həyata keçirilən layihələr öz nəticəsini verir. İnkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir.
Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Bu gün Azərbaycan torpaqlarını işğaldan azad etmiş və Zəfər qazanmış dövlət olaraq həmin ərailərdə abadlıq-quruculuq işlərinə başlayıb. "İşğal illərində hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir", – deyə Prezident bildirib.
Cənab Prezident onu da bildirib ki, Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir.

"BİZİM BİRİNCİ DƏRƏCƏLİ VƏZİFƏMİZ KEÇMİŞ MƏCBURİ KÖÇKÜNLƏRİ TİKİLƏCƏK DOĞMA EVLƏRİNƏ MÜMKÜN QƏDƏR TEZ QAYTARMAQDIR"

"Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi var", – deyə Azərbaycan Prezidenti mətbuata bəyanatında səsləndirib: "Əlbəttə, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar".
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko isə mətbuata bəyanatla çıxışında Azərbaycanın azad etdiyi ərazilərdə xüsusən aqrar torpaqlarda Belarus təcrübəsi üzrə aqroşəhərciklər və bütün infrastrukturu yaratmağa, iş yerləri açmağa, yəni, komplekslər tikməyə, həmçinin fermer təsərrüfatları yaratmağa hazır olduqlarını diqqətə çatdırıb. Onu da bildirib ki, işğaldan azad olunan torpaqlarımızda dost ölkə tərəfindən ilk növbədə, iş yerləri olan aqroşəhərcik tikiləcəkdir. "Biz orada sizin üçün evlər yaratmağa hazırıq. Belarusda taxta evlər təcrübəsi geniş yayılıb. Evi hissələrlə vaqonlarda gətiririk, bir həftə ərzində bünövrəsi üzərində tikib qurtarırıq. Biz Belarusda bu cür edirik. Əgər sizə uyğun gələrsə, biz tədarük edə və sizin dirçəldilən ərazilərdə belə evlər tikə bilərik. Bir sözlə, çox böyük planımız var. Biz işləməyə davam edəcəyik".

FÜZULİNİN BAŞ PLANI İLƏ TANIŞLIQ

Azərbaycan Respublikasında dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Füzuli rayonuna gəlib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onu qarşılayıb. Belarus Prezidentinə Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları barədə məlumat verilib. Dövlət başçıları
Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.
İşğaldan azad olunan digər ərazilərimiz kimi, Füzuli rayonda da abadlıq-quruculuq işlərinə start verilib. Artıq Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıb və birinci infrastruktur layihələri də məhz Füzulidə başlanıb.
Xatırlatmaq yerinə düşər ki, 2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə Sərəncam verdi. Gələcək hava limanının təməlqoyma mərasimi həmən ilin yanvar ayının 14-də baş tutdu. Hava limanının uçuş zolağının inşasının ilin sonuna kimi tamamlanması planlaşdırılırsa da, artıq avqust ayında uçuş-enmə zolağı hazır idi və ilk sınaq təyyarəsini qəbul etmişdi. Əlbəttə ki, tikinti getdiyi ərazi döyüş bölgəsi olduğundan, düşmən tərəfindən minalanmışdır. Bu amil də tikintinin sürət tempinə təsir göstərmişdir. Belə ki, tikinti ilə yanaşı, minalardan təmizləmə işi paralel aparılmışdır. Qısa bir zamanda Füzulidə beynəlxalq hava limanı istifadəyə verildi. Bu gün Füzuli quruculuq meydanına çevrilib.
Abadlaşan və daha da gözəlləşən Füzuli şəhəri köç karvanlarını qarşılayıb. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşırlar. Füzuli abadlaşır və yenidən qurulur. Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə, eləcə də Füzuliyə səfərləri tarixi hadisələlərlə yadda qalır. Dövlətyarlı kəndində "Ağıllı kənd"in təməlqoyma mərasimi, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi, çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi və s. Füzulinin tezliklə abadlaşmasından xəbər verir. Füzuli şəhərində dövlət başçısı tərəfindən üçüncü yaşayış kompleksinin təməli qoyulub. Üçüncü yaşayış kompleksi çoxfunksiyalı zonada yerləşən iki ərazidə inşa olunacaq. Kompleksin inşası üçün 12 hektardan çox torpaq sahəsi ayrılıb. Burada tikiləcək 863 mənzildə 3022 nəfərin yaşaması nəzərdə tutulub. Mənzillərin 18-i birotaqlı, 276-sı ikiotaqlı, 370-i üçotaqlı, 199-u dördotaqlı olacaq. Binaların altında qeyri-yaşayış sahələri, eləcə də həyətdə istirahət meydançası, velosiped və yerüstü avtomobil dayanacaqları inşa ediləcək.

QARABAĞIN TACI ŞUŞA YENİ QURUCULUQ DÖVRÜNDƏ

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər. Dövlət başçıları Şuşada birinci yaşayış kompleksində olublar. Burada görülən işlər şəhəri yeni həyatına qovuşdurur. Artıq Şuşada Heydər Əliyev Fondu tərəfindən Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, eləcə də Mehmandarovların malikanə kompleksi ərazisindəki məscid bərpa edilib və istifadəyə verilib.
Bir çox əlamətdar hadisələrə şahidlik edən Şuşamızda Otel-Konqres Mərkəzi Kompleksi fəaliyyətdədir. Erməni işğalı dövründə burada Azərbaycan Prezidentinin təbirincə desək, "şeytan yuvası" – "parlamentin" binasının tikintisi planlaşdırılırdı. Ancaq indi həmin yerdə beşulduzlu otel yerləşir. Səfər çərçivəsində prezidentlər Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə gülləbaran edilmiş heykəllərinə, eləcə də Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisinə baxıblar. Sərgidə Ulu Öndər Heydər Əliyevin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətindəki xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur.
Onu da qeyd edək ki, dövlət başçıları Şuşada Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara da baxıblar. Dövlət başçılarına şəhərin Baş Planı təqdim olunub. Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
sesqazeti.az

1Mənbələr