AZ

Dəbə minən bilik yarışları: Təşkilatçılar pul qazanır, bəs uşaqlarımız nə qazanır?

Dəbə minən bilik yarışları: Təşkilatçılar pul qazanır, bəs uşaqlarımız nə qazanır?

Azərbaycanda orta məktəb şagirdlərinin bilik yarışlarına cəlbi pik həddə çatıb. Müşahidələr göstərir ki, şagirdlərin hamısı bu və digər bilik yarışlarına qatılmağa istər məktəb, istər müəllimlər tərəfindən “həvəsləndirilirlər”.


Məsələ ondadır ki, bu bilik yarışları əksər hallarda ödənişli olur. Adətən yaxşı qiymətlərlə oxumayan, xüsusi bir bilik və bacarığı olmayan şagirdlərin belə yarışlarda iştirakı heç bir səmərə vermir, desək, yanılmarıq. Təcrübə bunu da sübut edir. Aydın olan müxtəlif kursların, təhsil müəssisələrinin qazanmaq istəyidir. Hansı ki, bu istək şagirdləri, necə deyərlər, yarış atına çevirib. Müxətlif kursların bilik yarışları keçirməsi hansı qaydalarla tənzimlənir? Şagirdlərin tez-tez yarışlara qatılması hansı nəticələr doğurur? Uğur qazanmayan şagirdlərin psixologiyasına necə təsir edir?



AFN.az məsələ ilə bağlı ekspertlərin rəyini alıb. Təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi qeyd edib ki, bu məsələ ilə bağlı doğrudan da müəyyən problemlər var: “Şagirdlər kimlərinsə diktəsilə, müəllimlərin göstərişi əsasında müəyyən kurslar tərəfindən təşkil olunan imtahanlarda iştirak edirlər. Təəssüfləndirici məqam həm də ondan ibarətdir ki, bəzi hallarda müəllimlər də həmin kurslarla əlbir olub uşaqları müəyyən ödəniş qarşılığında prosesə cəlb edirlər. Məsələn, deyək ki, imtahanda iştirakın qiyməti 5 manatdırsa, onun 1-2 manatı müəllimə çatr. Nəticə etibarı ilə müəllim də uşaqların həmin imtahanlarda iştirakında maraqlı olur. Burda birbaşa kommersiya fəaliyyəti var. Şagirdlərin bilik və bacarıqlarının yoxlanması ilə bərabər, həmin bilik yarışını təşkil edən kurslar gəlir əldə edirlər. Bu proses, demək olar ki, hər həftə, iki həftədən bir keçirilir. Lakin uşaqların bilik və bacarıqlarının qiymətləndirilməsi üçün 2-3 aydan bir imtahan girməsi daha məqsədəuyğundur. Əgər bir ay ərzində bir neçə dəfə bu yarış təşkil edilirsə, deməli, burada məqsəd heç də bilik yoxlamaq deyil, kimlərinsə gəlir əldə etmək istəyidir”.
Ekspertin sözlərinə görə, bu prosesdə bəzi hallarda narazılıqlar da yaşanır. Məsələn, hər hansı bir fənnin tədrisi həyata keçirilib, uşaqlar imtahan zamanı müəyyən səhvlərə yol verir və nəticədə müəllimlə valideyn arasında narazılıq yaranır: “Valideyn etiraz edir ki, dərs yaxşı keçilməyib, uşaq filan imtahanda iştirak etdi və səhvə yol verdi. Təbii ki, özəl müəssisələrin belə yarışlar keçirməsi qanunidir, heç kim məcburi gətirilmir imtahana. Amma ortada bir təşviqetmə var. İmtahanla bağlı bukletlər məktəblərdə paylanır, artıq burada şagirdləri, valideynləri təşviq edirlər. Müəllimlər vasitəsilə təşviqat aparılırsa, bu artıq araşdırılmalıdır. İstisna müəllimlər var ki, məhz öz şagirdlərinin nəticələrini müəyyənləşdirmək üçün bu cür imtahanlarda iştirakına şərait yaradırlar. Müntəzəm olaraq belə yarışları təşviq edən müəllimlər, təbii ki, şəxsi maraq güdürlər”.
E.Əfəndi qeyd etdi ki, kursların bilik yarışları keçirməsinə qanunla müdaxilə mümkün deyil: “Dediyim kimi, müəyyən təşkilatdır, hansısa xidməti göstərir və kimlərsə bu xidmətdən yararlanır. Burada məktəb müdaxilə edə bilər, nəzarət edə bilər ki, şagirdlər hər dəfə bu kimi imtahanlara qatılmasınlar”.



Ekspert Elmin Nuri bildirdi ki, son illərdə bir növ dəb halına gələn bilik yarışmalarının əsas və yeganə məqsədi pul qazanmaqdır: “Burada özümüzü aldatmağın, cəmiyyətə başqa cür təqdim etməyin adı yoxdur. Kurslar, hazırlıq mərkəzləri var ki, abituriyent hazırlığı, kitab, vəsait nəşri ilə məşğuldurlar. Onlar da əlavə gəlir yeri kimi, məktəblilər arasında, hətta azyaşlılar arasında da bilik yarışlarının keçirilməsindən istifadə edirlər. Qeyd edim ki, bu məsələ son illərdə kifayət qədər gəlir gətirən prosesə çevrilib. Düzdür, deyə bilərlər ki, biz bununla şagirdlərin dünyagörüşünü yoxlayırıq, intellektual inkişafına dəstək oluruq, sosiallaşmasına, öz biliklərini ifadə etmə bacarıqlarının inkişafına şərait yaradırıq. Bəli, haqlıdırlar. Amma bir məsələ var: əgər marağınız gerçəkdən bunlardırsa, o zaman yarışları bir dəfə ödənişli edəndə, bir dəfə də ödənişsiz edin. Bu gəlişigözəl sözlərin çətiri altında çox təəssüf olsun ki, bizim valideynlərə bilik yarışlarını “sırıdılar”. Təbii ki, təkcə valideynləri günahlandırmaq istəmərəm, burda məktəblərin də kifayət qədər rolu var. Bəzi müəllimlər uşaqlara təşviq edir ki, bilik yarışlarına qoşulmaq vacibdir”.
Elmin Nuri bilik yarışlarının əleyhinə olmadığını qeyd etməklə yanaşı, bu prosesin xüsusi kommersiya marağına çevrilməsinin etiraz yaratdığını bildirdi: “Ayda bir neçə dəfə keçirilməklə uşaqlar arasında müəyyən problemlərə səbəb olursa, biz təbii ki, buna etiraz etməliyik. Bunlar hamısı kommersiya məqsədli prosesdir. Şagird psixologiyası, uşaq psixologiyası həssasdır. Uşaqlar özünü kimdənsə zəif görəndə demotivasiya olur. Bu cür incə məqamlar var və nəzərə alınmalıdır. Yenə deyirəm, bütün bunlarla yanaşı, mən bilik yarışlarının əleyhinə deyiləm, gələcəkdə öz övladımın iştirakına da şərait yaradacam. Amma balansı qorumaq şərtilə. Balans mütləq qorunmalıdır. Başa düşürəm, bu yarışların təşkili də vəsait tələb edir. Amma qoyulan iştirak haqqı hədsiz baha olur, adekvat deyil. Məsələn, bir şagird üçün 10-12, hətta 15 manata bilet satırlar”.
Ekspertin sözlərinə görə, bilik yarışları mərkəzləşdirilməlidir: “Bu proses ayrı-ayrı kursların, işbazların, ayrı-ayrı təhsil mərkəzlərinin ümidinə qalmamalıdır. Elm və Təhsil Nazirliyi tərəfindən ildə bir neçə dəfə ölkə üzrə xüsusi bilik yarışları keçirilməlidir. Müəyyən olimpiada xarakterli bilik yarışları var. Lakin mən çox istərdim ki, bunların sayı artsın və dövlət tərəfindən ödənişsiz şəkildə həyata keçirilsin. Bilik yarışları ardıcıl xarakter daşısın, ordakı qaliblər bir növ, olimpiadalara hazırlıq üçün baza rolunu oynasın. Yəni qaliblər üçün olmpiadalara hazırlıq qrupları yaradıb, onlarla xüsusi məşğul olmaq olar”.



Psixoloq Fərqanə Mehmanqızı bildirdi ki, bilik yarışlarında uğur qazanmamağın şagirdin psixologiyasına təsiri individualdır: “Amma ümumi bir yanaşma var ki, hər şey həddində gözəldir. Əlbəttə, uşaqlar motivasiya olur, istəyir o biri uşaqlardan daha uğurlu olsun. Qalib olmayan uşaqlar isə növbəti yarışa daha yaxşı qatılmaq üçün motivasiya qazana bilərlər. Yenə deyirəm, bu, individualdır, elə uşaq da ola bilər ki, həvəsdən düşər. Müəllimlər özləri də yarı psixoloqdular. Əgər müəllim görürsə ki, uşaq motivasiya olur, onu daha da həvəsləndirməlidir. İndiki uşaqları köhnələri ilə eyniləşdirməyin tərəfdarı deyiləm. Çünki indikilər daha sərbəstdirlər, getmək istəməyən deyir getmirəm. Hər məsələni psixologiyaya, psixoloji təsirə bağlamaq da düzgün deyil”.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
afn.az

1Mənbələr