AZ

"Tarixi abidələri məsul dövlət qurumları qorumalı, vətəndaş cəmiyyəti və vətəndaş da nəzarət etməlidir"

Azərbaycan qədim bir dövlətdir və zəngin tarixə malikdir. Bu zəngin tarixi də özündə əks etdirən abidələrimiz bizim maddi və mənəvi irsimizdir. Bu maddi-mənəvi irs nümunələrinin qorunması, mühafizəsi və bərpası ciddi şəkildə həyata keçirilməlidir. Burada əsas məqsəd, Azərbaycan tarixini gələcək nəsillərə və ümumiyyətlə, dünya miqyasında insanlara göstərməkdən ibarətdir. Gələcək nəsillər Azərbaycan tarixinin qədim, zəngin və dərin nümunələrini görməli, tanımalı və bunu da öz fəaliyyətlərində göstərməlidirlər. “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri, araşdırmaçı jurnalist Vüqar Tofiqli Bizimyol.info xəbər portalına müsahibəsində qeyd edib ki, zəngin tarixə malik olan və maddi-mənəvi irsə sahib olan bir dövlətin, bir xalqın çox saylı maddi-mədəni nümunələri, abidələri var. Buna baxmayaraq, bu abidələrin qorunmasında müəyyən mənada səhlənkarlıq və məsuliyyətsizlik baş alıb gedir. Vüqar Tofiqli Vüqar Tofiqli qeyd edib ki, abidələrin qorunması ilə bağlı müvafiq dövlət orqanı var, müvafiq nazirlik və nazirliyin müvafiq xidməti var. Amma bu istiqamətdə vətəndaş cəmiyyəti də, vətəndaşlar da öz sözünü deməli və öz nəzarətini əsirgəməməlidir. Çünki bu tarix hər bir vətəndaşın tarixidir. Bu tarix də həmin o abidədə, o maddi-mənəvi irs nümunələrində öz əksini tapır. Əsas məqsəd, o abidənin qorunmasında, hətta bərpasında öz töhfəsini verməkdən ibarət olmalıdır. “İstənilən halda bu gün biz sosial medianın ödənişsiz olmasından və verdiyi imkanlardan istifadə edib, müəyyən məsələləri ictimailəşdirməliyik. Bu da artıq Azərbaycanın sosial media təcrübəsində var. Biz tariximizi qorumasaq, bizdən başqa heç kəs gəlib bizim ölkəmizdəki tarixi abidəmizi qorumayacaq. Biz bu istiqamətdə gecikmədən zəruri addımları atmalıyıq. Bəzi tanınmış simalarımız, vətəndaş cəmiyyətinin təmsilçiləri bu istiqamətdə ciddi addımlar atırlar. Təbii ki, əsas "yük" dövlət xidməti və nazirliyin üzərinə düşməlidir. Bu gün dövlət xidməti özü arxasınca vətəndaş cəmiyyətinin təmsilçilərini, tanınmış insanları aparıb, abidələrimizin qorunmasına öz töhfəsini verməlidir. Təəssüf ki, Azərbaycanda bunun əksinə olaraq, vətəndaşın və vətəndaş cəmiyyətinin arxasınca düşür dövlət xidməti. Tutaq ki, vətəndaş hansısa bir məlumatı paylaşırsa, bundan sonra dövlət xidməti bir məlumat yayır ki, “biz bunu belə etdik və yaxud da belə etmək niyyətimiz var”, yəni bundan sonra “ayılırlar”. Əslində belə olmalı deyil. Biz dövlət büdcəsindən vəsait alırıqsa, bu dövlətə də xidmət etməliyik. Amma dövlətə belə xidmət etmirlər. Son bir neçə ayda “Dostluq” kinoteatrı, “İçərişəhər” və yaxud da şəhərin mərkəzində yerləşən qədim abidələrlə bağlı tanınmış insanlar imzalar paylaşıb, arxasınca dövlət xidməti açıqlama yayıb. “Dostluq kinoteatrı” mədəniyyət abidəsi idi, mədəniyyətin kinoteatrı olub. Yəni bunu "siz" satmısınız. Satanda bilmirdinizmi ki, bu mədəniyyət abidəsi Nazirlər Kabinetinin 2001-ci ildə təsdiq edilmiş siyahısında vardımı? Yoxdursa, niyə yoxdur? Yaxud da o siyahı niyə təkmilləşdirilmir. Sonuncu dəfə 2001-ci ildə tərtib edilib. Bu siyahı Azərbaycanda mədəni irs nümunələrinin ümumi siyahısıdır. Orda bütün abidələr öz əksini tapıb. Bu siyahıda dövlət tərəfindən qorunan tunc dövründən, eramızdan əvvəl başlamış bu son dövrlərə kimi bütün abidələr yer alıb. Amma “Dostluq” kinoteatrı ora salınmayıb”-deyə Vüqar Tofiqli vurğulayıb. Vüqar Tofiqli qeyd edib ki, Bakı ətrafı ərazilərdə Fatmeyi, Türkan, Zirə kəndlərinin hər biri qədim kənddir. Bu kəndlərin hər birində qorunmalı və mühafizə olunmalı olan çox sayda abidələrimiz var. Mövzu ilə bağlı məsul quruma sorğu ünvanladıq və cavablandırıldığı təqdirdə, həmin qurumun mövqeyini dərc etməyə hazırıq. İradə Cəlil, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
bizimyol.info

1Mənbələr