AZ

Qadınlar 4 saat işləməlidir

Bəli, qadınlar kişilərdən fərqli olaraq, 8 saat deyil, 4 saat işləməlidir. Ona görə ki, qadınlarla kişilərin gündəlik həyat tərzi eyni deyil. Məsələn, bir ailədə həm qadın, həm də kişi işləyir. Hər ikisi saat 18-də işdən çıxır. Kişi əyləşir divanda, qadına deyir ki, yemək gətir. Lakin onu anlamaqda çətinlik çəkir ki, axı bu qadın mənimlə birlikdə evə girib.

Bütün bunları nəzər alan qadın isə evdə hər gün problem yaranmaması üçün işdən sonra girir mətbəxə və oradan bir də gecə saat 11-12-də çıxır. Burada nə edir? Axşamın yeməyini hazırlayır, sonra süfrə açır, yemək yeyilir. Başlayır qabları yumağa, evi səliqəyə salmağa. Sonra da səhəri gün üçün yemək hazırlayır ki, işdən qayıdanda evdə hazır yemək olsun. Beləliklə, qadının işi bitmir ki, bitmir. Kişi ilə birlikdə 8 saat işləməsinə baxmayaraq eyni məbləğdə maaş alır, lakin ümumilikdə gün ərzində gördüyü iş ondan dəfələrlə artıq olur.

Belə bir qənaətə gəlmək olur ki, qadınların iki iş yeri var: biri çalışdıqları iş yeri, digəri ev. Lakin bu, heç bir zaman nəzərə alınmayıb. Nəzərə alınmayıb ki, qadın işdən çıxıb ikinci iş yerinə üz tutur. Onun işi nə bitir, nə də tükənir.

Hələ uşaqların məktəbə, bağçaya aparıb-gətirilməsini, evin bazarlığını da nəzərə alsaq, bəzi qadınların işi lap müsibətdir. Etiraf edək ki, bəzi kişilər var ki, uşağı məktəbə, bağçaya aparmağı qadının vəzifəsi hesab edir. Bəzi kişilər də var ki, evin bazarlıq işini qadının vəzifəsi hesab edir. Belə olan halda qadının vəziyyətini düşünmək bir o qədər də çətin deyil.

Qadının birgünlük həyatına nəzər salaq: səhər açılır, qadın hər kəsdən əvvəl yuxudan oyanır, haradasa saat 6-nın yarısı. Səhər yeməyini hazırlayır. Uşaqları, yoldaşını oyadır. Uşaqların səhər gigiyenası, yeməyi, geyindirilməsi və sair. Sonra özünə vaxt qalırmı? Bəzən yarım saatı qalmır ki, ozünü də səliqəyə salsın və bir tikə çörək yesin.

Uşaqları götürüb birini məktəbə, o birini bağçaya qoyub, qaçır işə, necə deyərlər, qanın-tərin içində. İşdə evdəkindən də çətin iş saatlarını bitirib, üz tutur məktəb-bağçaya, uşaqları götürüb qayıdır evə-ikinci iş yerinə. Burada onu nələr gözləyir, bilənlər bilir, bilməyənlər də yuxarıda oxusun.

Qadın şənbə, bazar günlərinə salıb evin bazarlığını da edir ki, həftə ərzində problem yaşamasın. Düzdür, etiraf edək ki, evin bazarlığını edən, uşaqları bağça-məktəbə aparıb-gətirən kişilər də var. Lakin belələri çox azdır. Nəinki bu işləri, bir stəkan çay süzməyi özünə sığışdırmayan kişilər var. “Mən nə üçün çay süzməliyəm ki, mən kişiyəm, çay süzmək qadın işidir”,- deyənlər. var. Qadın da evdə söz yaranmasın deyə mətbəxdə iş gördüyü halda, işi dayandırır, əlini yuyur, həyat yoldaşına çay süzür, aparıb qarşısına qoyur və yenidən öz işinə davam edir.

Nədənsə, əksər kişilər belədir. Onlar işdən sonra yalnız divanda əyləşib televizor seyr etməklə vəzifəsini bitmiş hesab edirlər. Qadının nələr yaşadığı, hansı əziyyətlərlə üz-üzə qaldığı, bütün bu işlərin öhdəsindən necə gəldiyi barədə düşünən çox az kişi var.

Odur ki, təklif edirik ki, qadınlar əmək haqları saxlanmaqla, günün yarısına qədər işləsin. Bizim ölkəmizdə digər ölkələrdən fərli olaraq çox ilklərə imza atılıb. Düşünürəm ki, bu məsələ də günlərin bir günü nəzərə alınar və biz dünyaya qadınlara göstərdiyimiz hörmət və sayğını sərgiləyərik.

Qadın varsa, həyat var, ev, ailə, düzən var. Bütün bunları nəzərə almaqla, qadının günün yarısına qədər, yəni 4 saat işləməsi təklifini məncə hər kəs bəyənər. Bu, elə kişilərin də ürəyincə olar.

Mətanət Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
sesqazeti.az

1Mənbələr