AZ

Lyejdə fon der Leyenə "Pfizer" peyvəndi ittihamı

Lyej məhkəməsi cümə günü Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə qarşı 2020-ci ilin sonu - 2021-ci ilin əvvəlində "Pfizer" koronavirus peyvəndinin alınması üçün müqavilələrin bağlanması zamanı yol verilən pozuntulara görə iddiaya baxmağa başlayır. Fon der Leyen AB ölkələrinin əvvəlcədən razılığı olmadan "Pfizer" şirkətinin baş direktoru Albert Bourla ilə SMS yazışmaları vasitəsilə sınaqları hələ tamamlanmamış peyvəndin alınması üçün müqavilə bağlamaqda ittiham olunur. Bizimyol.info xəbər verir ki, iddianın təşəbbüskarı, belçikalı lobbiçi Frederik Baldan jurnalistlərə deyib ki, fon der Leyen bu yazışmaları dərc etməlidir. O vurğulayıb ki, söhbət ümumi məbləği 35 milyard avro olan 1,8 milyard doza vaksinin alınması ilə bağlı sövdələşmədən gedir. Məhkəmənin mətbuat xidməti mətbuata təsdiqləyib ki, ilk iclas prosessual məsələnin həllinə həsr olunacaq: bu işə Belçika məhkəməsində baxılmalımı, yoxsa Avropa Ədalət Məhkəməsinin səlahiyyətlərinə aiddirmi?Hüquqi təcrübəyə görə, fon der Leyenin özü məhkəməyə çağırılıb. Fon der Leyenin SMS yazışmaları haqqında məlumat ilk dəfə 2021-ci ildə "The New York Times"da dərc edildikdən sonra ictimaiyyətə məlum olub. Daha sonra bir qrup siyasətçi və Avropa Parlamentinin üzvləri Aİ-nin şəffaflıq və satınalma standartlarının pozulmamasını təmin etmək üçün Avropa Komissiyasından bu yazışmaları ictimailəşdirməyi tələb ediblər. AK əslində "Pfizer" ilə müqavilələrin müzakirəsini SMS vasitəsilə təsdiqləyib, lakin yazışmaların "səhvən silindiyini" iddia edərək onun özünü dərc etməkdən qəti şəkildə imtina edib. Bu işlə bağlı araşdırmaya 2022-ci ildə Belçika prokurorluğu tərəfindən başlanılıb, lakin 2024-cü ilin martında o, 2021-ci ildə fon der Leyenin rəhbərliyi ilə Avropa Komissiyasının təşəbbüsü ilə Aİ institutlarında korrupsiyanı araşdırmaq üçün yaradılmış müstəqil struktur olan Aİ Baş Prokurorluğuna verilib. İstintaq zamanı Macarıstan və Polşa hökumətləri iddiaçı tərəfin iddiasına qoşulub. "Pfizer" ilə müqavilə bütün Aİ ölkələrinin ümumi əhalisinin 448 milyon nəfər olmasına baxmayaraq, Avropa Komissiyasının Qərb əczaçılıq şirkətləri ilə 2024-cü ilin sonuna qədər ümumilikdə təxminən 3 milyard peyvənd dozasının tədarükü üçün bağladığı altı sövdələşmədən birincisi idi. Bu ilin əvvəlinə qədər Aİ ölkələri hələ də bu müqavilələr çərçivəsində peyvənd almağa davam etmək məcburiyyətində idilər, onların əksəriyyəti uzun müddət istifadə olunmur. Aİ-nin müxtəlif ölkələrinin mətbuatında yayılan məlumatlara görə, bu ölkələrdə vaksinlərin israf edilmiş dozalarının sayı yüz milyonlarla hesablanır, lakin bu barədə rəsmi məlumat yoxdur. Bütün bu müqavilələr ciddi məxfilik şəraitində bağlanıb ki, bu da pandemiyanın qızğın vaxtında dünyada peyvənd çatışmazlığı və onların prioritet alınması üçün bütün ölkələr arasında şiddətli rəqabətlə izah olunurdu. Avropa Komissiyası həm də peyvəndləri yalnız Qərb şirkətlərindən sifariş etməyi qərara alıb və ilkin olaraq özünün və ya Amerika sənayesini stimullaşdırmaq üçün Rusiya və ya Çin koronavirus peyvəndlərinin alınmasını istisna edib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
bizimyol.info

1Mənbələr