AZ

Qazaxda sərhədlər belə müəyyənləşdi: Digər ərazilər üçün şərtlər necə olacaq?

Azərbaycanla Ermənistan arasında Qazax rayonunun kəndləri ətrafında sərhədlərin konkretləşdirilməsi ilə bağlı razılıq protokolu əldə edilib. Bu, presedent baxımından ilkin hüquqi normativ xarakterli beynəlxalq sənəd kimi tarixə düşdü. İki ölkə sərhədlərinin delimitasiya və demarkasiyasının başlanması baxımından əhəmiyyətlidir. Bu ilin 19 aprelində əldə edilmiş qərarda göstərilirdi ki, sərhədlərin vahid xəritə və yaxud hansısa prinsiplə deyil, fərqli yanaşmalar əsasında olması istisna edilmir.

Bunu Teleqraf.com-a sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.

O qeyd edib ki, hətta 1991-ci il Almatı razılaşmasından fərqli prinsiplərin sərhədlərin delimitasiya və demarkasiyasında yer almasının mümkünlüyü qeyd edilib:

“Sadəcə olaraq Tavuşun Kirants kəndi ətrafında demarkasiya koordinatları razılaşdırılsa da praktiki işlər hələ aparılmayıb. Ümumilikdə isə atılan bu addım prosesin başlanğıcıdır. Ermənistanda bu məsələ ətrafında gedən daxili siyasi savaşı və burada xarici güclərin də prosesə müdaxiləsini nəzərə alsaq, Azərbaycan tərəfindən çox ciddi şəkildə xoşməramlı bir mövqe ortaya qoyulub”.

Partiya sədri hesab edir ki, Azərbaycanın bu mövqeyi digər tərəfdaş və qüvvələr tərəfindən də dəyərləndiriləcək:

“Geopolitik siyasi məsələlər fonunda Azərbaycan əraziləri düşməndən azad etmiş, suverenliyinə nail olmuş hakimiyyətə də cəmiyyətin etimadı gərəkdir. Bu şəraitdə digər məsələlər ədalətli olaraq ölkəmizin xeyrinə başa çatdırıla bilər”.

Pənah Hüseyn Azərbaycan tərəfindən səlahiyyətli şəxslərin ölkənin mövqeyi və ərazi bütövlüyü ilə bağlı gördüyü işə etimadın tərəfdarı olduğunu söyləyib:

“Burada həmin səlahiyyətli qurumların Azərbaycanın ziyanına olan işlərə getməsi ehtimalı da aşağıdır. Azərbaycan torpaqlarının qaytarılması və vaxtilə düşmən əlinə keçmiş ərazilərin azad olunması vacib əhəmiyyət kəsb edir. Eyni zamanda irəli sürülən və birbaşa bu məsələ ilə bağlı görünməsə də inteqra olunmuş Cənubi Qafqaz konsepsiyasının strateji olaraq gələcəyi müəyyənləşir. Müəyyənləşmiş hüquqi cəhətdən delimitasiya və demarkasiya olunmuş sərhədlər ayrıcı sərhədlərdən daha çox birləşdirici, əlaqələri təmin edən sərhədlərə çevrilməlidir. Strateji hədəf belə qoyulsa, bu, bölgənin və Azərbaycanın da xeyrinə olacaq”.


Müəllif: Tapdıq Qurbanlı
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
teleqraf.com

1Mənbələr