AZ

“İki ölkə arasında dialoq qurulacağı gözlənilir” — Türkiyə-Yunanıstan münasibətlərində yeni mərhələ başlayır?

Yunanıstanın xarici işlər naziri Yorqos Yerapetritis ERT televiziyasına müsahibəsində ölkəsi ilə Türkiyə arasındakı münasibətlərdə yeni mərhələnin başladığını deyib. Onun sözlərinə görə Yunanıstanın baş naziri Kiriakos Miçotakislə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mayın 13-də Ankarada baş tutan görüşdən sonra iki ölkə arasında əlaqələrdə yeni mərhələnin əsası qoyulub. İki ölkə arasında yüksək səviyyədə təmasların artırılmasının vacibliyini qeyd edən yunanıstanlı nazir vurğulayıb ki, əsas məsələ qarşılıqlı fayda verə biləcək məsələlərə fokuslanmaqdır.

Xarici işlər nazirinin bu açıqlamasını Demokrat.az-a şərh edən politoloq Turab Rzayev qeyd edib ki, Türkiyə-Yunanıstan münasibətləri həmişə enişli-yoxuşlu intervallardan keçir:

“İki ölkə bəzən yaxınlaşıb. Hətta bir ara Yunanıstanda Türkiyə ilə ortaq dövlət, konfederasiya düşüncəsində olanlar da var idi. Yunanların türklərə nifrəti çox yüksək həddədir. Burada da əlbəttə ki, yunan kilsəsinin və təhsil sisteminin xüsusi rolu var. Buna görə də münasibətlər daim fərqli olub.  Əsasən, Kipr məsələsində iki ölkə fərqli mövqelər sərgiləyir. Ona görə də bu iki ölkə arasında münasibətlərdə vaxtaşarı olaraq problemlərin çıxması normaldır. Digər tərəfdən, hər iki ölkə ən kritik məqamlarda münasibətləri daha da gərginləşdirməmək istəyir. Hər ikisi də NATO ölkəsidir. Münasibətlərinin müharibə səviyyəsinə gəlməsi çox qəribə olar. Digər tərəfdən, Yunanıstan Avropa İttifaqının üzvüdür. Habelə Yunanıstanın Fransayla xüsusi müqaviləsi var, Fransa Yunanıstanın yanındadır. Hər dəfə Yunanıstan və Türkiyə rəhbərləri müəyyən məsələlərdə ortaq nöqtəyə gəlirlər. Əvvəllər bunu daha fərqli kontekstlərdə görmüşdük. Hər iki ölkənin XİN rəhbəri, müəyyən qurumları söz davası aparırdılar, lakin indi belə deyil. İndiki dövrdə artıq iki ölkə arasında dialoq qurulacağı gözlənilir. Ancaq bu dialoqun davamlı olacağını düşünmürəm. Çünki Yunanıstanın bəzi şərtləri olacaq. Türkiyə isə bunu qəbul etməyəcək. Türkiyə-Yunanıstanın yaxınlaşmasının uzunmüddətli olmayacağı qənaətindəyəm”.

Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
demokrat.az

1Mənbələr