AZ

Maddi vəziyyətimiz yaxşılaşıb? - İqtisadçılar əksini deyir

2024-cü ilin yanvar-aprel aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 21,4 milyard manat təşkil edib. 

"Cebhe.info" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2023- cü ilin yanvar-aprel aylarına nisbətən müqayisəli qiymətlərlə 3,8% artıb. 

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 3,8% artaraq 20,5 milyard manata bərabər olub, onun 44,2%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. 

Maraqlıdır, istehlak bazarının 4 faizə qədər artması nəyin göstəricisidir? 

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli “Cebhe.info”-ya açıqlamasında deyib ki, istehlak bazarının böyüməsi həm də inflyasiya göstəricisidir:

“Bu, dəyər ifadəsində qiymətlərin artımını göstərmiş olur. Nəticədə ölkədaxili istehlak səbətinin böyüməsi deyil, sadəcə olaraq məhsulların qiyməti artdığından alıcılıq qabiliyyəti nisbətən artıb. Bu iqtisadi göstəricilər çox güman ki, inflyasiya ilə əlaqədardır”. 

O qeyd edib ki, istehlak səbətinin 4 faiz artması elə də böyük rəqəm deyil. 

İqtisadçı Razi Abbasbəyli isə bildirib ki, 2024-cü ilin yanvar -aprel aylarında istehlak bazarının 3.8 faiz böyüməsi satılmış malların və göstərmiş xidmətlərin dəyəridir:

“İlk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası üçün 7 milyard dollara yaxın investisiya ayrılıb. Bu vəsait həmin ərazilərdə tikinti, təmir, yenidənqurma və s. işlərin həyata keçirilməsi üçün mal və materialların xarici ölkələrdən alınmasına sərf olunub. Tikinti məhsullarının, malların, eyni zamanda tikinti texnikasının xarici ölkələrdən alınmasına ehtiyac var. 

Burada istehlak formulu yaranır, istənilən formulun yaranması da ayrı-ayrı hüquqi şəxslərin, fərdi sahibkarların iştirakı ilə həyata keçirilir. Nəticə etibarilə də ölkədə istehlak bazarı böyüyür və belə bir statistika ortaya çıxır. Amma gəlin diqqət edək, bu ilin həm də yanvar- aprel aylarında Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 13 milyard 633 milyon manat olub. Xarici ticarət dövriyyəsinin təxminən 8 milyard 168 milyon manatı ixracın payını düşüb. Son bir ildə ixrac kəskin azalıb, idxal isə artıb. Yəni ölkəyə daxil olan məhsulların həcmində mal və materiallarının alınması zamanı ciddi artım var”. 

Ekspert bildirib ki, dünya bazarında qazın qiymətinin iki dəfəyə qədər ucuzlaşması ölkəmizin gəlirlərinə mənfi təsir edir:

“Bu, vətəndaşların, əhalinin gəlirlərinin artması kimi səciyyələndirilə bilməz”. 

Ekspert qeyd edib ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, son bir ildə vətəndaşların illik gəlirləri 3.8 faiz artıb:

“Lakin açıqlanan rəqəmlər ümumi anlayışlardır. Yəni burada il ərzində vətəndaşların ümumi gəlirlərinin 3.8 artması var və qeyd olunur ki, inflyasiya sıfır səviyyəsində qalıb. Amma bu rəqəmlər həqiqəti əks etdirmir. Ərzaq məhsullarından tutmuş tikinti-təmirə qədər demək olar ki, bütün lazımlı, vacib, strateji məhsullara qədər geniş bir siyahı ola bilər. Hesab edirəm ki, istehlak səbətinin belə böyüməsi Azərbaycanda nə iqtisadi inkişaf, nə də əhalinin gəlirləri və ya sosial vəziyyətinin yüksəlməsi anlamına gəlmir”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
cebheinfo.az

1Mənbələr