AZ

Delimitasiya üçün niyə 1976-cı il xəritəsi seçildi...

Image

Rəşad Bayramov: “Bunlar SSRİ-nin səlahiyyətli dövlət orqanları tərəfindən təsdiqlənmiş son xəritələrdir”

Mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının doqquzuncu görüşü keçirilib.

Görüşün gedişində komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) – Bağanis (ER), Aşağı Əskipara (AR) – Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) – Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar.

Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb. Növbəti görüşün keçirilməsi tarixi və yeri işçi qaydada razılaşdırılacaq.

Belə qənaətə gəlinir ki, delimitasiya üçün 1976-cı ilin xəritələri əsas götürüləcək. Tərəflər niyə məhz bu xəritə üzrə delimitasiyanın aparılmasına razı oldular?

Siyasi şərhçi Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 

əsas məsələ ziddiyyətlər olduğu zaman gücdən istifadə etməmək öhdəliyidir: “Əgər sülh sazişi imzalansa və tərəflər bu öhdəliyi üzərlərinə götürsə, delimitasiya prosesi uzun illər davam edə bilər. Ancaq bütün hallarda prosesin sürəti Azərbaycan və Ermənistan arasında formalaşacaq siyasi mühitdən asılı olacaq. Buna görə də sülh müqaviləsindən əvvəl müəyyən məsələri razılaşdırmaq olduqca vacibdir. 

Azərbaycan və Ermənistan 6 oktyabr 2022-ci ildə, Praqada baş tutan görüşdə qəbul olunan Almatı deklorasiyasına əsasən razılığa gəlib. Almatı deklorasiyasında isə söhbət yalnız keçmiş Azərbaycan SSR və Ermənistan SSR-nin inzibati ərazilərinin dövlət sərhəddi kimi tanınmasından gedir. Biz cümhuriyyət dövrünün xəritətəsini ortaya qoysaq, Ermənistanın yarısı olmamalıdır. Bu xəritələrə görə həm Mehri, həm də Göyçə gölü istiqamətində Basarkeçər, Çəmbərəkənd rayonları Azərbaycana verilməlidir. Düzdü, bu ərazilər bizim tarixi torpaqlarımızdır, amma beynəlxalq hüquqda tarixi torpaq termini yoxdur. Biz BMT-yə üzv olmuşuq və hansı sərhədlərlə daxil olmuşuqsa, beynəlxalq hüquq da məhz onu tanıyır. Praqa görüşündən sonra da Almatı deklorasiyasının qəbul olunması razılaşdırılıb.

Ölkə başçısı da öz çıxışında bildirdi ki, sərhədlərin delimitasiyası ermənilərin israr etdiyi xəritə əsasında ola bilməz. Delimitasiya komissiyası da bunu davam etdirir. Ermənistan məhz 1975-ci il xəritəsinə israr edirdi. Bu qəbul olunsaydı, Ermənistanın da xeyrinə bəzi məsələlər var idi. Delimitasiya prosesində hansı xəritələrdən istifadə olunacağı məsələsi iki tərəfin də birlikdə verdiyi qərardan sonra müəyyən edilib. SSRİ dövrü xəritələrindən istifadə ehtimalı daha çox idi. Bu da oldu. Delimitasiya işində Azərbaycanın qazandığı Zəfərin verilən  qərarlara mütləq şəkildə təsiri olub.

Ermənistan Baş naziri Aparatı mövzunu belə şərh edib ki, əvvəlcədən razılaşdırılmış koordinatları dəqiqləşdirmək üçün sərhəd sütunları quraşdırılıb. Bu koordinatlar yuxarıda qeyd olunan 1976-cı il xəritələrindən götürülüb. 

Onlar bəyan edir ki, bu, əslində SSRİ-nin dağıldığı dövrdə de-yure hüquqi əsası olan xəritədir: “Ermənistan Respublikası hökumətinin prinsipial yanaşması var idi ki, Ermənistanla Azərbaycan arasında yeni sərhəd yaradılmasın, SSRİ-nin dağılması zamanı de-yure mövcud olan sərhəd bərpa edilsin”. Göründüyü kimi, Ermənistan da məhz bu xəritəyə etiraz etmir.

Bildirilir ki, 1979-cu ildə SSRİ-nin kartoqrafiya və geodeziya sahəsində səlahiyyətli orqanı xəritənin düzgünlüyünü və hüquqi əsaslarını yoxlayıb. Bu xəritələr Sovet İttifaqı dağılana qədər istifadə olunub. Yəni bunlar SSRİ-nin səlahiyyətli dövlət orqanları tərəfindən təsdiqlənmiş son xəritələrdir. Hər iki tərəf razıdırsa, proses irəli gedəcək”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
12
baki-xeber.com

10Mənbələr