AZ

Putinin varisi... - Ekspertlər əsasən bir şəxsə işarə edir

Putinin

Rusiya lideri Vladimir Putinin varisi general-polkovnik Aleksey Dyumini ola bilər. Dyumin əvvəllər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətində işləyib. Xüsusilə, o, Rusiya liderini qoruyub. A. Dyumin 2014-cü ildə Krımın ilhaqı zamanı fərqlənib, sonra müdafiə nazirinin müavini olub və Rusiya Federasiyasının Qəhrəmanı adını alıb. Ötən gün prezidentin köməkçisi təyin edilən Dyumin buna qədər Tula vilayətinin qubernatoru vəzifəsində çalışıb.

Reyting.az
xəbər verir ki, Dyumin Putinin köməkçisi təyin olunduqdan sonra Rusiyada çoxları yenidən onun varis olacağından bəhs etməyə başlayıb. Harvard Universitetindəki Davis adına Rusiya və Avrasiya Araşdırmaları Mərkəzində isə hesab edirlər ki, əgər Vladimir Putin varis seçmək qərarına gəlsə, Aleksey Dyumin ən yaxşı namizəd ola bilər.

Almaniyanın “Bild” nəşri yazır ki, Dyumin Rusiya liderinə kifayət qədər yaxın şəxsdir və o, müntəzəm olaraq Putinlə xokkey oynayırmış. Eyni zamanda, 2016-cı ildə mühafizəçi kimi dövlət başçısını dağlarda ayıdan xilas edib.

Alman ekspert Filipp Pyatov Dyumini “ayılara qarşı cangüdən” adlandırıb. Onun sözlərinə görə, Dyumin Rusiyanın ekspert dairələrində uzun illər Putinin mümkün varisi hesab olunur.

Qeyd edək ki, Vladimir Putin Təhlükəsizlik Şurasının keçmiş katibi Nikolay Patruşevi və Tula vilayətinin qubernatoru Aleksey Dyumini Prezident Administrasiyasında özünə köməkçi təyin edib. Prezidentin köməkçisi Maksim Oreşkin isə Prezident Administrasiyası rəhbərinin müavini postuna gətirilib.



Xatırladaq ki, Aleksey Dyumin 1972-ci ildə Kurskda anadan olub. Bu ilin mayın 14-dən prezident V. Putinin köməkçisidir. Rusiya Federasiyasının Qəhrəmanı, general-polkovnik, siyasi elmlər namizədidir.

Politoloqlar və Sankt-Peterburq Siyasət Fondunun ekspertlərinin fikrincə, 2017-ci ilə qədər Dyumin Putinin üç ehtimal varisindən biri olub.

Açıq mənbələrə görə, Dyumin 1995-ci ildə Rusiya Federal Təhlükəsizlik Xidmətində, Baş Mühafizə İdarəsində prezidentin rabitə şöbəsində xidmət etməyə başlayıb. Boris Yeltsin və Viktor Çernomrdinlə işləyib. O, V. Putinin birinci və ikinci prezidentliyi dövründə Prezidentin Təhlükəsizlik Xidmətində zabit olub. Putin hökumətə rəhbərlik edəndə Dyumin onun şəxsi köməkçisi vəzifəsində çalışıb. Halbuki Dyumin Putinin köməkçisi olduğunu inkar edib.

Bəzi məlumatlara görə, Dyumin 2014-cü ildə QRU-nun rəis müavini, Krımın Rusiya tərəfindən ilhaqında əsas rollardan birini oynayan Rusiya xüsusi əməliyyat qüvvələrinin komandanı olub. Müxtəlif mənbələr yazır ki, o, Viktor Yanukoviçin 2014-cü il fevralın 23-nə keçən gecə Rusiya Federasiyasına təcili təxliyə əməliyyatını planlaşdırıb və ona rəhbərlik edib. Amma Dyumin bunu “mif” adlandırır.

Onu da qeyd edək ki, Dyuminin atası general, hərbi həkim, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Hərbi Tibb İdarəsinin 4-cü İdarəsinin rəisi vəzifəsində çalışıb.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
reyting.az

1Mənbələr