AZ

Ailələrin yarıdan çoxu alkoqol üzündən boşanır?

Image

Fatimə Hacıbəyli: “Spirtli içki asılılığı və narkomaniya ailələrin dağılmasına səbəb olur, lakin bu elə də çox deyil” 

Son illər boşanmaların sayı öncəki illərlə müqayisədə artmaqda davam edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin ilk ayında 1 729 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 1,6-dan 2,0-a qədər artıb.

Bundan əlavə, Sosial Tədqiqatlar Mərkəzinin (STM) “Müasir Azərbaycan ailəsi” mövzusunda hazırladığı analitik - hesabatda boşanmaların səbəbləri açıqlanıb. Hesabata görə, Azərbaycanda respondentlərin yarıdan çoxu boşanma qərarının verilməsini legitim edən əsas amilin ailədə narkomaniya və alkoqolizm problemi olduğunu düşünür. Ancaq ekspertlər boşanmalara əsas səbəb kimi narkomaniya və alkoqolizmin göstərilməsini düzgün qəbul etmir.

“Boşanma səbəbləri arasında xəyanət və maddi problemlərin xüsusi çəkisi var” 

Sosioloq Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, artıq Azərbaycanda mövcud ailə modeli öz şəklini dəyişir: "Boşanmalarının sayının artmasına təsir edən xüsusi səbəblər var. Bu cəmiyyətə aid səbəblərdir. Məsələn, burada işsizlik, aşağı gəlir əsas faktorlar arasındadır. Bundan başqa, biz mental dəyərləri mühafizə etməyə çalışırıq. Mentalitetlə müasir dünya arasında uçurum var. Bu uçurum ailələrin dağılmasına, məişət zorakılığına və cinayətə səbəb olur. Bundan başqa fərqli ailə tərbiyəsində, fərqli psixologiyada olan insanların bir-birlərinin davranışlarına, düşüncələrinə hörmətlə yanaşa bilmir. Əvvəllər ailələrin daha dözümlü olmasına səbəb konfliktlərin təhlil olunması idi. Bu gün isə başqadır, hər kəs öz istədiyini etməyə çalışır, buna görə də fikirlər toqquşur və ailədə söz-söhbətlər başlayır. İndiki dövrdə insanların bir-birlərinə güzəştə getməsi, ortaq məxrəcə gəlməsi düşüncəsi çox zəifləyib. Hər kiçik konfliktdən dolayı ayrılan cütlüklər var.

Narkomaniya və işçi aludəçiliyinin boşanmaya əsas səbəb olduğu bildirilir. 10 il öncə bu səbəbə görə boşanma qeydə alınmırdı. Ancaq indi vəziyyət dəyişib. Spirtli içki asılılığı və narkomaniya ailə dağılmasına səbəb olur. Lakib bu elə də çox deyil. Realda isə boşanmaq üçün məhkəməyə və yaxud mediasiyaya müraciət edən şəxslərin çox az bir qismi yoldaşı narkoman və ya spirtli içki aludəçisi olduğu üçün ayrılmaq istədiyini deyir. Demirəm, bu səbəbdən boşanmaq istəyən insanlar yoxdur, var, amma çox deyil. Əhalinin boşanmaya baxışı ilə real boşanma səbəbi üst-üstə düşmür. Real boşanma səbəbləri arasında xəyanət və maddi problemlərin xüsusi çəkisi var. Zorakılıq faktoru da mühüm amildir. Onu da deyim ki, cəmiyyətdə belə bir fikir var ki, boşanma zamanı qadın tərəfin qohumları kişini ya narkoman, ya işçi aludəçisi kimi təqdim edir. “Narkoman və ay alkaş idi, boşandı canı qurtardı” sözünü deyirlər. Qarşı tərəf isə qadını pozğun kimi təqdim edir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, hazırda ailə münasibətlərinə kənar müdaxilə var: "Bunlar qohumluq münasibətlərindən tutmuş, sosial şəbəkələrə qədər olan münasibətlərə qaynaqlanır. Əvvələr ailədə böyüklük ailə dəyərlərinin möhkəmlənməsinə yönəlik idisə, indi bu addımlar daha çox dağıdıcı rol oynayır. Bu problemlərə görə valideyinlər uşaqların taleyi ilə maraqlanmırlar. Əvvəllər ailənin təməlini qoruyan, saxlayan qadınların davranışlarında da ciddi dəyişiklik nəzərə çarpır. Digər bir hal isə hər iki tərəfin xəyanət etməsi və bunu normaya çevirməsidir. Belə ki, hətta bu münasibətlər də ciddi assosial hal alıb. İndi qadınlar arasında xəyanətin artması ciddi siqnaldır və bunun qarşısının alınması qarşılıqlı öhdəlik və məsuliyyətin dərk edilməsi ilə mümkün ola bilər. Yeri gəlmişkən, öhdəlik və məsuliyyət hissi ilə ailə qurulmasına şüurlu daxil olmayan tərəflər də çoxdur. Bu, sadəcə nəsil artırma missiyasına bənzəyir. Ailələr ya romantika – sevgi, ehtiras əsasında və yaxud da tərəflərin valideynlərin israrı ilə qurulur. Onu da deyim ki, intim uyğunsuzluğa görə qadınlar boşanmağa daha meyillidirlər. Bu isə xüsusən böyük şəhərlərdə baş verir. Rayon yerlərində qadın tanıyıram ki, 11 ildir kağız üzərində ailəlidirlər, amma intim münasibət yoxdur. Camaatın qınağından qorxaraq bir yerdə yaşayırlar".

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
baki-xeber.com

1Mənbələr