AZ

Olimpiada Parisə nə qədər qazandıracaq? - MƏBLƏĞ

2024-cü il Paris Olimpiya Oyunları regiona 6,7 milyard avro ilə 11,1 milyard avro arasında iqtisadi səmərə gətirəcək.

İdman.biz xəbər verir ki, vəsaitlərin böyük hissəsi sponsorluq, bilet satışı və media hüquqları, eləcə də uzunmüddətli infrastruktur layihələrinə özəl sərmayələrdən əldə olunacaq.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mətbuat xidmətinin Limoj Universitetinin İdman Hüququ və İqtisadiyyatı Mərkəzinin araşdırma məlumatlarına istinadən verdiyi məlumata görə, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları region üçün “iqtisadi cəhətdən faydalıdır”. Qeyd edilir ki, Paris regionunun 2018-2034-cü illər arasında Oyunlardan gəlirləri 11,145 milyard avroya çata bilər. Ən pis ssenaridə qazanc 6,7 milyard avro olacaq.

Oyunlar zamanı Parisə 2,3 milyondan 3,1 milyona qədər insanın səfər edəcəyi gözlənilir ki, onların da təxminən 64%-i fransızlar olacaq. Paris Turizm Təşkilatının məlumatına görə, Olimpiada zamanı paytaxta gələcək turistlər təxminən 2,6 milyard avro xərcləyəcəklər, lakin vəsaitin böyük hissəsi, yəni 7 milyard avro media hüquqlarının satışından, sponsorluqdan, bilet satışından, eləcə də uzunmüddətli infrastruktur layihələrinə özəl investisiyalardan əldə olunacaq. Bu məbləğə BOK-un 1,5 milyard avroluq dəstəyi də daxildir.

Hökumətin maliyyələşdirməsi 3 milyard avro təşkil edir və əsasən yerli icmaların uzunmüddətli ehtiyaclarını ödəməyə yönəlmiş layihələri əhatə edir. Hesab edilir ki, dövlət xərclərinin hər avrosu üçün üç avro iqtisadi səmərə var. Dövlət sərmayəsinin 80%-i Fransanın ən gənc və ən əlverişsiz departamentlərindən biri olan Sen-Sen-Deniyə yönəldiləcək. Sen-Sen-Denidə yerləşən Olimpiya kəndi 2800 yaşayış binası və 6000 sakinin faydalanacağı iki yeni məktəblə təmin edəcək.

Paris-2024 Təşkilat Komitəsi və Solideo (tikinti işlərinə cavabdeh olan şirkət) 5 milyard avro dəyərində müqavilələrin bütün iqtisadi struktura və biznesə fayda verməsini təmin etmək üçün çoxlu sayda təşəbbüslər həyata keçirib. Oyunlarda tədarükçülərin təxminən 78%-i kiçik və orta müəssisələrdir.

Həmçinin bildirilir ki, Paris-2024 yerli sponsorluq proqramında 80-ə yaxın şirkət iştirak edir (forbes.ru).

2024-cü ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunları indiyə qədər Fransada keçirilən ən böyük tədbir olacaq. Olimpiadanı dünya əhalisinin yarıdan çoxu - 4 milyard tamaşaçı izləyəcək. Oyunlara 22 şəhər və 40 yarış məkanı qatılacaq, burada 54 müxtəlif idman növü üzrə 878 yarış keçiriləcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
idman.biz

1Mənbələr