AZ

"Dünənə qədər azərbaycanlının oturduğu kənddə bu gün onlar yaşaya bilməzlər" - Qabil Hüseynli

Ötən gün Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.

Görüşün gedişində komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar.

Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb. Növbəti görüşün keçirilməsi tarixi və yeri işçi qaydada razılaşdırılacaq.

Mövzu ilə bağlı “Unikal”a açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, protokolun imzalanması kifayət qədər müsbət haldır:

“Biz 4 kəndlə bağlı razılığa gəldikdən sonra protokol imzalamağa da nail olmuşuqsa, bu o deməkdir ki, delimitasiya prosesi gözlənildiyi kimi, lazımi sürətlə sona qədər davam edəcək.

Ermənilərin narhatlıqlarına, mitinqlərə və Nikol Paşinyana qarşı çıxışlarına baxmayaraq, onlar da başa düşəcəklər ki, dünənə qədər azərbaycanlının oturduğu kənddə bu gün onlar yaşaya bilməz. Ona görə də öz siyasi liderlərinin nə etdiyinə düzgün qiymət verməyi bacarmalıdırlar. 

Onu da qeyd edim ki, delimitasiya prosesi uzun vaxt aparacaq. Delimitasiyanın ən çətin gedəcəyi yer isə Zəngəzur bölgəsi olacaq, çünki həmin bölgədə bəzi sərhəd əraziləri Azərbaycan Ordusunun nəzarəti altındadır. Dünənə qədər Paşinyan “31 kənd” deyəndə məhz həmin əraziləri nəzərdə tuturdu.

Mən Azərbaycan tərəfinin “kim haradadırsa, sərhəd də oradır” prinsipi ilə hərəkət edəcəyinə inanmıram. Artıq hansı xəritələrdən istifadə ediləcəyi razılaşdırılıb və bununla bağlı imzalar atılıb. Mənim zənnimcə, onlar topoqrafik xəritələr olduğuna görə kifayət qədər etimad doğuran xəritələrdir.

Buna baxmayaraq, delimitasiya prosesi zamanı müəyyən gərginlik olacaq. Bu gərginlik əsasən Zəngəzur bölgəsində gözlənilir. Orada sərhədlərin müəyyənləşməsi prosesi xeyli gərgin və mübahisəli keçəcək. Belə bir atalar sözü var, işə başlamaq, onun yarısını görmək deməkdir. Zənnimcə, işə başlayıblarsa, axıra qədər gedəcəklər”, - deyə o qeyd edib.

Murad İbrahimli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
49
unikal.az

10Mənbələr