AZ

Qazaxıstan və Latviya Orta Dəhlizi inkişaf etdirmək barədə razılığa gəliblər

Qazaxıstan və Latviyanın Nəqliyyat nazirlikləri bu gün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafına dair Memorandum imzalayıblar.

Bu barədə “Report”a Qazaxıstanın Nəqliyyat Nazirliyindən məlumat verilib.

“Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev latviyalı həmkarı Kaspars Brişkens ilə görüşüb. Görüşdə Qazaxıstan və Latviyada nəqliyyat sektorunun hazırkı vəziyyəti, inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, TBNM-in inkişafına dair Memorandum imzalanıb”, - məlumatda bildirilib.

M.Karabayev qeyd edib ki, Qazaxıstan və Latviya tranzit və nəqliyyat əməkdaşlığını fəal şəkildə inkişaf etdirir: “Əməkdaşlığın mühüm aspektlərindən biri nəqliyyat üzrə daimi fəaliyyət göstərən birgə işçi qrupunun olmasıdır. Bu qrup dəmir yolu, avtomobil, hava nəqliyyatı, tranzit və logistika sahəsində geniş spektrli məsələləri əhatə edir”.

Qazaxıstan nazirinin sözlərinə görə, bu gün Orta Dəhliz digər marşrutlara alternativ kimi xüsusi rol alıb: “Bunu 2023-cü ilin sonunda yükdaşımaların həcminin iki dəfə artması sübut edir.

TBNM-in potensialının artırılması, eləcə də marşrutda dar boğazların aradan qaldırılması məqsədilə infrastrukturun və terminal tutumunun yaxşılaşdırılması, liman tutumunun genişləndirilməsi, inzibati maneələrin aradan qaldırılması və daşıyıcılar üçün əlverişli şəraitin yaradılması və s. istiqamətində işlər aparılır ki, bu da 2025-ci ilə qədər TBNM-in buraxılış qabiliyyətinin illik 10 milyon tona qədər artırılmasına imkan verəcək”.

O, həmçinin latviyalı investorları infrastruktur layihələrini birgə həyata keçirməyə dəvət edib: “Biz tranzit yük axınlarının həcminin qarşılıqlı artırılması, nəqliyyat marşrutlarının yaradılması və inkişaf etdirilməsi, multimodal nəqliyyat və logistika prosesləri sahəsində qabaqcıl təcrübələrin mübadiləsi üçün nəqliyyat və logistika sahəsində əməkdaşlığı gücləndirməyə hazırıq”.

Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, bu gün Latviya Avstriya, Almaniya, Litva, Estoniya və Macarıstanla birlikdə TBNM-ə qoşulmaqda maraqlı olduqlarını bildiriblər. Beynəlxalq TBNM Assosiasiyası çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə ilə 2027-ci ilə qədər dar boğazların aradan qaldırılması və Orta Dəhlizin inkişafı üzrə Yol Xəritəsi imzalanıb. Bu il yanvarın 31-də rəsmi səfər çərçivəsində Rumıniya ilə TBNM-in inkişafına dair bənzər Memorandum imzalanıb.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
5
report.az

6Mənbələr