AZ

Qəsd edilən obyektin “yararsız obyekt” olması halında əməl necə qiymətləndirilir?

"2013-cü ilin sərt qış axşamında Rusiyanın kiçik bir şəhərində Oleq və dostu Artyom məşhur mağazalardan birinin kənarında dayanıb mühafizəçinin mürgüləməsini gözləyirdilər. Onlar mağazanın kassasında nə olduğunu bilmirdilər və kassadan nə çıxsa ələ keçirmək niyyətindəydilər. İçkinin təsirindən mühafizəçi tezliklə dərin yuxuya dalır. Mağazada müşahidə kamerasının olmaması, Artyomun isə qapı açmaqda səriştəsi nəticəsində hər iki dost içəri daxil olur və mağazanın daxili otağına keçib ümumi kassaya yaxınlaşırlar. 20 dəqiqə əlləşdikdən sonra nəhayət kassanı aça bilirlər. Görünən mənzərə onları dərindən sarsıdır. Kassanın içi boş idi. Məyus halda mağazanı tərk etdikdən bir gün sonra dostlar əraziyə “baxış” məqsədilə gələrkən polis əməkdaşları tərəfindən şübhəli şəxslər kimi nəzarətə götürülür və sorğu-suallar nəticəsində ifşa olunurlar".

Sual olunur, bu hadisə ölkəmizdə baş vermiş olsaydı cinayətkar dostların əməli necə tövsif olunacaqdı?

Təəssüf ki, bu məsələnin tənzimi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində boşluqlar mövcuddur və mən bugünkü yazımda buna diqqət çəkmək istərdim.

Cinayət hüquq nəzəriyyəsində başa çatmamış cinayətlərin 3 növü fərləndirilir – başa çatmış cəhd, başa çatmamış cəhd və yararsız obyekt.

1. Başa çatmış cəhd

Başa çatmış cəhd elə bir vəziyyətə deyilir ki, burada əməli törədən şəxs üzərinə düşən hər şeyi edir, lakin əməl onun iradəsindən asılı olmayan səbəblərdən baş tutmur. Məsələn, şəxs obyektdə olan bütün mühafizə vasitələrini keçir, obyektə daxil olur, kassadan pulu götürür, lakin obyektdən çıxarkən ələ keçir və əməl tam olaraq baş tutmur.

2. Başa çatmamış cəhd

Bu halda şəxs əmələ istiqamətlənən hərəkətləri tam edə bilmir, nəzərdə tutduğu məqsədi həyata keçirməyə başlayan anda yaxalanır və iradəsindən asılı olmayan səbəblərdən əməlin törədilməsi baş tutmur. Məsələn, şəxs obyektə daxil olur, lakin həmin andaca, yəni kassaya hələ yaxınlaşmamış mühafizəçilər tərəfindən aşkar edilib yaxalanır.

3. Yararsız obyekt

Bu halda şəxs üzərinə düşən hər şeyi edir, mühafizə sistemlərini keçir, obyektə daxil olur, kassaya yaxınlaşıb onu açır, lakin qəsd obyekti, yəni vəsait, pul orada mövcud olmadığından əməl baş tutmur. Bununla da arzuolunan nəticə əldə olunmur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “cəhd”ə anlayış verilsə də, “Yararsız obyekt”ə anlayış verilməmiş və belə hallarla bağlı tənzimləmə aparılmamışdır. Bəzi hallarda təcrübədə şəxsin niyyətinə uyğun “Yararsız obyekt”in mövcud olduğu əməl “cəhd” anlayışı ilə tövsif edilir ki, fikrimcə bu düzgün deyil. Belə ki, “cəhd” anlayışında obyekt əməlin törədilməsinədək mövcud olmalıdır. Məsələn, CM-in 120.1-ci maddəsində qəsdən digər şəxsi həyatdan məhrum edən şəxsin məsuliyyəti öz əksini tapmışdır. Yəni, həmin əməl nəticəsində həyatda olan şəxs öldürülməlidir. “Cəhd” hərəkəti törədilərkən isə, obyekt, yəni cinayətə məruz qalan şəxs həm əvvəl, həm də sonra sağ olmalıdır. Hərəkətdən əvvəl başqa səbəbdən ölmüş şəxsin sağ olması zənni ilə ona qarşı qəsdin törədilməsi əməlinə isə “cəhd” deyilməsi qeyd edilənlərə və məntiqə uyğun gəlmədiyindən məqbul hesab oluna bilməz. Çünki “cəhd”dən sonra cinayət əməlinə məruz qalmış şəxs sağ olmalıdır ki, ona qarşı qəsdə “cəhd” olunsun.

Hüquqşünaslar arasında belə bir misal tez-tez çəkilir və aşağıda onu qeyd etmək istərdim: “Qatarda bir kupedə iki nəfər yol gedir. Onlardan biri söhbət zamanı öyrənir ki, kupe yoldaşının üzərində xeyli miqdarda pul vəsaiti var. Həmin vəsaiti ələ keçirmək üçün şəxsi öldürmək qərarına gəlir və bu məqsədlə onun yuxuya getməsini gözləyir. Şəxsin yatdığına əmin olduqdan sonra onu bıçaqla bir neçə dəfə vurur və pulları mənimsəyib qatarı tərk edir. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxs tutulur. Həmçinin meyitin üzərində ekspertiza təşkil edilir. Ekspertiza rəyi maraqlı bir nəticəyə gəlir: Təqsirləndirilən şəxs bıçaqla zərbələr endirməzdən öncə şəxs yuxuda ikən öz əcəli ilə vəfat edibmiş”.

Yuxarıdakı anlayışından çıxış edərək deyə bilərik ki, ölən şəxs “cəhd”dən sonra sağ olmayıb, “cəhd”dən öncə isə ölübmüş. Buna görə də əməli nə “qəsdən adam öldürmək”, nə də “qəsdən adam öldürməyə cəhd” kimi tövsif etmək düzgün sayılmır. Hadisə daha çox “yararsız obyekt” yanaşmasına uyğundur ki, əməl də buna uyğun olaraq qiymətləndirlməlidir.

Həmçinin, oğurluq üçün obyektə daxil olan, kassadan çıxacaq vəsaitin miqdarını dəqiq bilməyən və “nə çıxsa mənimdir” düşüncəsi ilə hərəkət edən birinci misaldakı Oleqlə Artyomun “boş kassa” ilə nəticələnən oğurluq əməlinə qiymət vermək indiki CM-lə, ümumiyyətlə mümkün deyil. Çünki sonuncu qanunda mülkiyyət əleyhinə yönələn əmələ qiymət mülkiyyətin dəyəri ilə ölçülür ki, bu halda ortada obyekt olmadığından, yəni “yararsız obyekt” olduğundan bu mümkün olmayacaqdır.

Qeyd edilənlərə əsasən hesab edirəm ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə “Yararsız obyekt” anlayışı daxil edilməli və buna uyğun gələn əməllərə daha dəqiq qiymət verilməsi təmin edilməlidir.

Dədəkişi Vəlizadə

Vəkillər Kollegiyasının üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
e-huquq.az

1Mənbələr