AZ

Hipermarketə silahlı hücumda təqsirləndirilən şəxslərin məhkəməsində əsas sənədlərin tədqiqi mərhələsi başlayıb

Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb.

Hakim bildirib ki, şahid qismində tanınan 31 nəfərdən ikisi məhkəməyə gəlməyib, digərləri dindirilib. Həmçinin hadisə nəticəsində həyatını itirmiş Rüfət Həşimovun hüquqi varisi qismində tanınan və istintaqda dindirilən Gülnarə Yarova da məhkəməyə gəlmək istəmədiyini bildirib.

Hakim onun istintaqdakı ifadəsini elan edib. Gülnarə Yarova orada göstərib ki, qardaşı 2020-ci ildə 44 günlük müharibə zamanı iş yerindən döyüşlərə cəlb olunmuşdu. O, müharibədə iştirakına görə bir neçə medala layiq görülüb. Bacısının sözlərinə görə, qətlə yetirilməsəydi, qardaşı Almaniyaya köçəcəkdi: “Qardaşım Yevgeniya adlı xanımla ailə qurmuşdu. Əgər ölməsəydi, Almaniyaya gedəcəkdi. Viza məsələlərinin həllinə görə yubanmışdı. Sənədlərini hazırlamışdı”.

Onun sözlərinə görə, Yevgeniya Almaniyada yaşayırdı, lakin onların nikahı Bakıda olmuşdu.

Zərərçəkmişin sözlərinə görə, Rüfət Həşimovun başına gələnləri sosial şəbəkələrdən eşidib. O vurğulayıb ki, qardaşının hadisəni törətməkdə təqsirləndirilən iki nəfər - Ruhlan İsmayılov və Dəyanət Qüdrətovun heç biri ilə əvvəldən əlaqəsi olmayıb.

Daha sonra hakim məhkəməyə gəlməyən şahidlərin ifadələrini elan etməyə başlayıb.

Daha sonra məhkəmə iclasında polis idarəsində Azər Məmmədovun cibindən narkotik çıxarılmasıyla bağlı videogörüntülər nümayiş etdirilib.

Təqsirləndirilən Azər Məmmədov isə bildirib ki, məhkəmədə baxılan görüntülər o, “bandotdel”ə gətiriləndən bir gün sonra çəkilib və cibindən çıxarılan narkotik isə ona aid olmayıb.

Məhkəmənin növbəti prosesi mayın 29-da davam edəcək.

Qeyd edək ki, hadisə ötən ilin martında paytaxtın Xətai rayonunda yerləşən hipermarketdəki bankların birinə məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman qeydə alınıb.

Hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb.

Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qüdrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

R.İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qüdrətovun üzərindən isə 1 ədəd “Blow TR 92D” modelli tapança aşkar edilərək götürülüb.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
12
e-huquq.az

10Mənbələr