AZ

Azərbaycanda “dollar sevdası” bitdi?

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən növbəti valyuta hərracında 44,9 milyon ABŞ dolları satılıb.

Bu barədə AMB-dən məlumat verilib. Bildirilib ki, bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib:

“Hərracda tələb 44,9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub”.

Bu, daha öncə mayın 14-də keçirilən hərracda olan tələbatla müqayisədə 62,2 milyon ABŞ dollar və ya 2,4 dəfə azdır. Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib. Xatırladaq ki, mayın 14-də Mərkəzi Bankda keçirilən valyuta hərracında tələb 107,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Tələbin nisbətən yüksək olması ötən həftənin cümə axşamının, mayın 9-unun qeyri-iş gününə təsadüf etməsi ilə bağlı olaraq hərracın qrafik üzrə keçirilməməsi səbəbindən yığılan tələblə əlaqədardır. Qeyd edək ki, AMB-nin valyuta hərracı hər həftənin çərçənbə axşamı və cümə axşamları Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə baş tutur.

Bir müddət əvvəl ölkəmizdə dollar alışının kəskin artması barədə xəbərlər yayılırdı. İndiki rəqəmlər bunun əksini göstərir. Maraqlıdır ki, ölkəmizdə artıq dollar ajiotajı bitib? 

Məsələ ilə bağlı iqtisadçı Alif Nəsirli "Cebhe.info"-ya açıqlamasında bildirib ki, Azərbaycan iqtisadiyyatı hazırda idxaldan asılı vəziyyətdədir: 

"Günümüzdə ölkədə dollar ajiotajına son qoymaq üçün ölkə iqtisadiyyatının istehsal gücü artmalıdır. Ölkənin intellektinin inkişaf ritmi yüksəlməli, sənaye inkişaf etməlidir. Azərbaycanda bu sahələr primitiv inkişaf səviyyəsindədir, ona görə də biz idxal etmək məcburiyyətində qalırıq. Biz adi kənd təsərrüfatı mənşəli ərzaq məhsullarını belə idxal edirik. Bu yaxınlarda kartof, 1 ay bundan əvvəl soğan idxal etdik. İdxal olunan məhsulların siyahısına nəzər salsaq, görərik ki, gülməli vəziyyətdir. Azərbaycan hətta müəyyən növ çörəkləri belə idxal edir. Niyə? Bu ölkənin daxilində istehsal edilə bilməz?" 

O qeyd edib ki, hökümət dollar ajiotajına son qoymaq, Dövlət Neft Fondunda toplanan vəsaitlərin əriməsinin qarşısını almaq istəyirsə, ölkənin daxilində istehsalı genişləndirməlidir: 

"Bunun üçün bütün addımlar atılmalıdır. Əgər bu proses baş versə, 1 il ərzində Azərbaycandan valyuta axınının qarşısı 50-60% alına bilər. Hazırda isə dollar ajiotajı bitməyib. Dollara tələbat azala bilər, bu da müəyyən amillərlə bağlıdır. Həm mövsümlə bağlı, həm də yay aylarında ölkəyə turist axını ilə əlaqədar dollara tələbatın aşağı düşməsi normal haldır. Çünki turistlər ölkəyə dollar gətirir, hərracda isə tələbat azalır. Yəni vəziyyət eyni olaraq qalır". 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
2
cebheinfo.az

3Mənbələr