AZ

"5 yaşımda çıxdığım Şuşaya məktəb direktoru kimi qayıdıram" - Güllələnən icra başçısının qızı 

Mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Dövlətimizin başçısı və birinci xanım mənzillərin açarlarını sakinlərə təqdim ediblər.

 

Mənzillə təmin olunanlardan biri də Şuşanın 1991-ci ildə güllələnmiş icra başçısı Mikayıl Gözəlovun qızı Səbinə Gözəlova olub. Mikayıl Gözəlov 1991-ci ilin 11 dekabrında Şuşadakı iş otağında güllələnərək öldürülüb.

 

Səbinə Gözəlova isə Qəbələdə yerləşən Şuşa məktəbinin direktorudur. O, ötən il Şuşa şəhər 1 nömrəli məktəbin direktoru təyin olunub. 960 şagird yerlik üçmərtəbəli məktəb beş blokdan ibarətdir. Burada hər biri 24 nəfərlik 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var.

 

Modern.az Səbinə Gözəlova ilə söhbətləşib. O, Prezident İlham Əliyevlə görüşündən, atasından və Şuşadan danışıb.

 

- Səbinə xanım, müsahibə təklifini qəbul etdiyiniz üçün təşəkkür edirik. Şuşada yaşayacağınız evin açarların sizə ölkə başçısı təqdim etdi. Prezidentlə görüşlə bağlı təəssüratlarınızı bilmək istəyərdik.

 

- Mən təşəkkür edirəm. Cənab Prezident Şuşada yaşayacağımız evin açarlarını bizə təqdim etdi. Bu möhtəşəm hisslər idi. Cənab Prezident və Mehriban xanım mənimlə birgə digər Şuşa sakinlərinə də açarları təqdim etdi. Cənab Prezident açarları təqdim edərkən orada da bu sözləri dedim ki, artıq atamın ruhu şaddır. Atam uzun illər Şuşanın tikinti-quruculuq işlərində yaxından iştirak edib. İcra başçısı olduğu dövrdə düşmənlərə qarşı Şuşanı müdafiə edib. Öz şəxsi hesabına silah-sursat gətirib. Ermənilərə qarşı müqavimət göstərib. Sonda isə öz canını Şuşaya qurban verib.


Qəhrəman insanın övladı kimi doğma Şuşaya qayıdırıq. Açarlar mənə təqdim olunanda Şuşa sakini olduğumuz üçün həm sevindim, həm də böyük məsuliyyət hiss etdim. Artıq biz azad şuşalılarıq. Doğma torpağımız işğaldan azad olunub. Hansı sahədə çalışmağımıza baxmayaraq, böyük zəhmətlə azad edilmiş Şuşada onun abadlığı,  gələcəyi üçün var gücümüzlə çalışacağıq. İslam dünyasının paytaxtı olan Şuşa daha da güllü-çiçəkli vətənə çevriləcək. 

 

- Atanızın icra başçısı olduğu şəhərə məktəb direktoru kimi qayıtmaq sizin üçün nə ifadə edir?

 

-Bu ali, müqəddəs hissdir. Çünki biz evdə uşaqlığımızdan bəri ancaq Şuşa adı eşitmişik. Şuşaya bir gün qayıdacağımızı da bilirdik. Hətta anam bizim evimizin açarlarını saxlayırdı. Artıq o açarlar yeniləndi. Şuşada yeni həyat başlayır. Şuşa hər birimiz üçün yeni həyatdır. İşimizdə, evimizdə, həyatımızda yeni dövr başlayır. Şuşada olanda yaşadığım müqəddəs hissləri dilə gətirmək çətindir. Bizim hər birimiz orada yaşayıb, Şuşanın daha da dirçəlməsinə kömək olacağıq. Uzun illərdir ki, vətən həsrəti çəkib bu dünyadan gedənlərin ruhunu şad etmək borcumuzdur. Şəhidlərin bizə əmanət qoyduğu torpaqlarda yaşayıb, yaratmalıyıq. 


Biz oradakı şagirdlərimizdə vətənpərvərlik hisslərini aşılamalıyıq. Məncə, hər bir şuşalı bunu düşünür. Orada yaşayıb, yaratmağın bu ən ali, müqəddəs hiss olduğunu bilir. İndi mən Şuşaya məktəb rəhbəri olaraq qayıdıram. Şuşanı tərk edərkən 5 yaşım vardı. 37 yaşımda ora məktəb rəhbəri kimi dönürəm.  Bu təbii ki, çox müqəddəs hissdir. Hər birimiz əlimizdən gələni etməliyik ki, Şuşa dünyaya səs salsın. 

 

- Atanızı necə xatırlayırsınız? İstəyərdik ki, onunla bağlı xatirələrinizdən danışasınız...

 

- Atamı çox dumanlı xatırlayıram. Qardaşım və mən çox kiçik yaşda olmuşuq. Onu şəkil və videolardan xatırlamışıq. Ona başqa rayonlardan təkliflər gəlib ki, icra başçısı kimi işləsin. Ama o Şuşanı qoyub getməyib, deyib ki, bu vəziyyətdə qoya bilmərəm. Onun kadrları da var. Deyir ki, Şuşanı qorumalı, müdafiə etməliyik.  Atam çox xeyirxah insan olub. Şuşa kəndlərinin camaatı onu çox minnətdarlığını bildirirlər. Kəndlərə suyun çəkilməsi, kəndlərin abadlığı, bu kimi məsələlərdə çox humanist insan olub. Atamla çox az xatirəm yadımdadır. Bəzi anları xatırlayıram. Bir kadr kimi İsa bulağında olduğumuzu yaddaşımdadır. Başqa bir xatirə isə budur ki, helikopter bizim binan üstündə fırlanırdı. Ona işarə etdilər ki, gözləyirik. Bizlə sağollaşıb, sanki döyüşə gedirmiş kimi getdi. Ermənilər atama sui-qəsdlər edirdilər. Hətta maşınını yandırmışdılar. Bu kimi şeyləri biz evdə anamın halından, evdəki söhbətlərdən hiss edirdik. Ona xəbərdarlıq edirdilər ki, "geri çəkil". Biz uşaq olsaq da, evdəki  vəziyyətdən hiss edirdik ki, təhlükə var. Qonşularla zirzəmidə çox qalırdıq. Atəş başlayan kimi bizi zirzəmiyə göndərirdilər, orada gizlənirdik. Bu çətin dövrləri biz gördük. Bu gün biz Azərbaycanın fərqli rayonlarında olanda atam haqqında söz düşəndə onu tanıyan insanlar olur.  Bu özü fəxrdir. Orda da bildirirlər ki, Mikayıl Gözəlovu o vaxtdan tanıyırıq, ermənilərə qarşı müqavimət göstərib.

- Bəs, Şuşalılar atanızı necə xatırlayırlar? Onun haqqında sizə nələr danışırlar? 

 

- Şuşalıların atam haqında çox xatirələri var. Atamı ən gözəl şuşalılar bilir, onlar ən gözəl təsviri verir. Şuşalılar onun çox fərqli insan olduğunu deyirlər. Bizə də atamın şəxsiyyətini, onun gördüyü işləri şuşalılar tanıdıblar. Daha çox şuşalıların atam haqqında danışdıqları xatirələri dinləmişik. Atamı daha çox şuşalı jurnalist Kərim Kərimlinin onun haqqında kitabından öyrənmişəm. Atamı şuşalılardan tanımışam, hərəsi bir gözəl xatirə danışır. 

 

- Şuşa işğal olunandan sonra harada yaşadınız? İşğal dövründə həyatınız necə keçdi?


- Mən Bakı şəhər Binəqədi rayonu 115 nömrəli tam orta məktəbdə təhsil almışam. Daha sonra Odlar Yurdu Universitetinin ingilis dili üzrə təcrümə fakütləsinə qəbul oldum. Növbəti təhsilimi Azərbaycan Dillər Universitetində aldım. Bir  müddət özəl təhsil müəssisəsində çalışdım. Şuşalı ilə ailə qurdum. Onlar Qəbələ rayonunda köçkün şəhərciyində məskunlaşmışdılar. Planımda Qəbələdə qısa müddət qalmaq var idi. Şuşa adı məni orada saxladı. Qəbələdə Şuşa məktəbində ingilsi dili müəlliməsi kimi fəaliyyətə başladım. Daha sonra direktor vəzifəsinə vakant oldu. Şuşa təhsilinin inkişafı üçün özümdə bu potensialı gördüm.  Müsabiqədən uğurla keçdim. 7 il Şuşa rayon 24 nömrəli orta mətkəbin rəhbəri kimi fəaliyyət göstərirdim. 
Həm də ingilis dili müəllimi kimi çalışdım. Fəaliyyətin dövründə Şuşa adını uca tutmağa çalışmışam. Şagirdlərin təhsilində, tərbiyəsində hər zaman Şuşa məktəbi öndə olub. Sonra Şuşa 1 nömrəli məktəbə təyinat aldım. İndi konfrans üçün Bakıdayam. Mayın 25-i Şuşaya köç olacaq. Artıq fəaliyytimizə orada davam edəcəyik. 

 

- Son olaraq, sizin müəllimlik fəaliyyətiniz barədə də sual vermək istərdik. Məlumdur ki, müəllimlərin sertifikasiya imtahanı keçiriləcək. Siz bu prosesi necə qiymətləndirirsiniz?


- Müəllim daim öz üzərində çalışmalıdır. Ona görə ki, daha da yaxşı, uğurlu nəticəyə göstərsin, gələcək nailliyyətləri bol olsun. Müəllim təhsili ilə kifayətlənməlidir. Hər bir müəllim sertifikasiya imtahanı olmasa belə sınaq imtahanlarında iştirak edib, yenilikləri öyrənməlidir. Şagirdlərimiz o qədər biliklər bacarıqladırlar ki, müəllimlərimiz də onların verdiyi bütün sualı cavablandıra bilməlidirlər. Müəllim şagirdə öyrənməyi öyrətməlidir. Müəllim aparıcı rol oynayır. O aparıcı rolu mükəmməl bilməlidir. Düşünürəm ki, sertifikasiya imtahanı çox uğurlu qərardır. Qarşıdan imtahanlar gəlir, bütün müəllimlərə uğurlar arzu edirəm.  Həqiqən bizi sevindirən budur ki, müəllimlərimiz yüksək nəticələr əldə edir.  Bu özü qürurdur, sevincdir. Biz belə müəllimlərimizlə fəxr edirik. 

 

Qeyd edək ki, Mikayıl Gözəlov 1948-ci il aprel ayının 5-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. Novruzlu kənd orta məktəbini bitirdikdən sonra o zamankı Azərbaycan Politexnik İnstitutunu bitirib. 1969-cu ildə təyinatla Şuşa şəhərindəki 92 nömrəli Tikinti İdarəsinə gəlib. Əmək fəaliyyətinə tikinti ustası kimi başlasa da, 1976-cı ildə çalışdığı idarənin rəisi vəzifəsinədək yüksəlib.



M.Gözəlov Şuşanın və Qarabağdakı digər azərbaycanlı yaşayış məntəqələrinin müdafiəsi işinə rəhbərlik edib, bu yaşayış məntəqələrinin bütün problemlərinin həllində, sosial-iqtisadi inkişafında mühüm rol oynayıb.


Milli Ordunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olub. Şuşanın ermənilər yaşayan Qala dərəsi, Böyük Qala dərəsi, Salatınkənd kəndlərinin azad edilməsi əməliyyatına rəhbərlik edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
50
modern.az

10Mənbələr