AZ

“Aİ ölkələrinin xarici işlər nazirlərinin Gürcüstanda etiraz aksiyalarına qatılması onun göstəricisidir ki...” - Siyasi şərhçi

Gürcüstanda səfərdə olan Avropa ölkələrinin xarici işlər nazirləri Gürcüstan patlamentinin qarşısında “Xarici təsirin şəffaflığı haqqında” (əvvəlki adı: “Xarici agentlər haqqında” – red.) qanunun əleyhinə keçirilən etiraz aksiyasına qatılıblar. Aksiyada Latviya, Litva, Estoniya və İslandiyanın xarici işlər nazirləri iştirak ediblər. Səhnəyə çıxan nazirlər aksiyaçıları dəstəklədiklərini, onların yalnız olmadığını vurğulayıblar.

Gürcüstan hökuməti Avropa ölkələri rəsmilərinin bu hərəkətini tənqid edərək bunu ölkənin suverenliyinin kobud şəkildə pozulması kimi dəyərləndirib.

Avropa ölkələri XİN rəhbərlərinin aksiyaya bu şəkildə dəstək verməsi hansı nəticələrə gətirib çıxarda bilər? Gürcüstan hakimiyyəti buna cavab olaraq hansısa addımlar ata bilərmi?

Siyasi şərhçi Rəşad Bayramov Herbiand.az-a bildirib ki, Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulundan sonra baş verənlər əslində Qərbin Rusiya ilə Cənubi Qafqaz uğrunda mübarizəsinin tərkib hissəsidir:

“Bu qanunun qəbulundan sadəcə bəhanə olaraq istifadə olunur. Çünki məlum qanunun qəbulu indiyə qədər ABŞ, Avropa İttifaqı ölkələrindən Böyük Britaniya, Fransa kimi ölkələrdə həyata keçirilib. Sadəcə bu günlərdə başqa təzyiq imkanları və bəhanələr olmadığı üçün Qərb məhz bu məqamdan istifadə etməyə üstünlük verdi”.

Siyasi şərhçinin sözlərinə görə, Avropa İttifaqı rəsmilərinin bəyanatları, ABŞ Konqresinin və Dövlət Departamenti sözçüsünün bəyanatları böyük ölçüdə Qərbin Gürcüstanı Rusiyanın nəzarətindən çıxarması üçün əməli fəaliyyətə başlayacağının işarəsi idi:

“Hal-hazırda Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin və Gürcüstanda olan bir sıra Avropa İttifaqı ölkələrinin səfirlərinin də etiraz aksiyalarına qatılması əslində onun göstəricisidir ki, Qərb bütün imkanları ilə sonacan Gürcüstan uğrunda mövqe yarışmasında qalib olmağı qarşısına məqsəd qoyub. Təbii ki, ayrı-ayrı ölkələrin xarici işlər nazirlərinin və səfirlərinin bu aksiyalarda iştirakı birbaşa olaraq Gürcüstanın daxili işlərinə qarışmaq və suverenliyinə təhdid kimi qiymətləndirilməlidir. Bu mənada Gürcüstanın rəsmi qurumlarının bəyanatları kifayət qədər bsşadüşüləndir”.

Rəşad Bayramov düşünür ki, Gürcüstan bundan sonrakı mərhələdə gecikmədən həmin ölkələrə nota verilməsini və daxili işlərə qarışan, aksiyalarda iştirak edən ayrı-ayrı ölkələrin xarici işlər nazirlərinin ölkəyə girişinə qadağa qoyan qərarların qəbulunu həyata keçirməlidir:

“Eyni hal ayrı-ayrı ölkələrin səfirlərilə bağlı qərar qəbul oluna və “arzuolunmaz şəxs” kimi elan olunması istiqamətində addımlar atıla bilər. Bütün bunların hamısı Gürcüstan hakimiyyətinin Qərblə münasibətləri nə dərəcədə korlayıb-korlamamasından asılı olacaq. Əgər Gürcüstan Qərblə münasibətlərin birdəfəlik korlanması istiqamətində qərarlı olacaqsa o zaman bu addımlar atılacaq. Hansısa məqamda ortaq məxrəcə gəlmək və münasibətləri yumşaltmaq imkanı varsa o zaman danışıqlar yoluna üstünlük verəcəyini düşünürəm”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
herbiand.az

1Mənbələr