AZ

Milli Observatoriya əmək bazarında təhsil pillələri üzrə aparılan təhlilin nəticələrini açıqlayıb

Bakı, 16 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil Tələbə Kredit Fondunun rəhbər şəxsləri ilə görüş keçirilib.

Milli Observatoriyadan AZƏRTAC-a bildirilib ki, görüşdə Observatoriya tərəfindən əmək bazarında cari və gələcək təklifi formalaşdıran əmək ehtiyatlarının təhsil pillələri üzrə aparılan təhlilin nəticələri açıqlanıb.

Milli Observatoriyanın İdarə heyətinin sədri Elnur Səfərli bildirib ki, ümumilikdə 569 mindən artıq tələbənin fərqli istiqamətlər üzrə təhsilə dair göstəriciləri və 121 mindən artıq məzunun əmək müqavilələri üzrə təhlilləri aparılmaqla, nəticələr müqayisə edilərək ümumiləşdirilib. Tədqiqatda bakalavr, magistratura təhsil pillələri üzrə yuxarı və aşağı məşğulluq göstəricisi olan təhsil ixtisasları qrupları da qeyd edilib. Təhlilin nəticələri əmək bazarında ən çox ehtiyac yaranan istiqamətləri müəyyənləşdirməyə imkan verəcək.

Görüşdə, habelə ali və orta təhsil müəssisələrində təhsil alan şagird və tələbələr arasında keçirilmiş sorğu üzrə hesabat da təqdim olunub. Sorğuda Azərbaycanın 7 şəhər və rayonunda 9-11-ci sinif şagirdləri arasında 558 respondent, Bakı və Sumqayıt şəhərlərindəki 8 universitetdən 1773 tələbə iştirak edib.

Təhlil nəticələri təqdim edildikdən sonra görüş iştirakçıları ilə geniş müzakirələr aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
1
azertag.az

2Mənbələr