AZ

Fransa-Azərbaycan münasibətlərini gərginləşdirən Yeni Kaledoniyada nə baş verir?


2024-cü il aprelin 2-də Fransa Senatı (yuxarı palata) Yeni Kaledoniyada 10 ildən artıq yaşayan şəxslərə regional seçkilərdə iştirak etmək hüququnu nəzərdə tutan qanun layihəsini təsdiqləyib (indiyədək yalnız 1998-ci ildə xarici ərazilərin muxtariyyətini genişləndirən Noumea Müqaviləsi zamanı seçicilər siyahısında olan vətəndaşlar və onların uşaqları səsvermə hüququna malik olub).
Yeniavaz.com
xəbər verir ki, lakin mayın 13-də Noumea şəhərində seçki korpusunun genişləndirilməsi ilə bağlı Fransa Senatının qəbul etdiyi qanun layihəsinə qarşı etiraz nümayişi iğtişaşlara çevrilib.
İğtişaşlarda onlarla yaşayış binası, mağaza, aptek və yanacaqdoldurma məntəqəsi qarət edilərək, yandırılıb. Yeni Kaledoniya hakimiyyəti baş verən iğtişaşlar nəticəsində dəymiş ilkin ziyanı 150 milyon avro qiymətləndirib.
İğtişaşçılar arasında azyaşlılar da çox olub. Saxlanılanların sayı isə ən azı 200-ə çatıb.
İğtişaşçılarla hüquq-mühafizə əməkdaşları arasında toqquşmalarda ən azı 5 nəfər həlak olub, yüzlərlə insan, o cümlədən 100-ə yaxın hüquq-mühafizə orqanı əməkdaşı isə yaralanıb.
Noumea aqlomerasiyasında zorakılığın baş verməsi ilə əlaqədar təhsil müəssisələri müvəqqəti bağlanıb, Yelisey sarayı Yeni Kaledoniyada 12 gün müddətinə fövqəladə vəziyyət elan edib və saat 18:00-dan 06:00-a qədər komendant saatı tətbiq edib. Adada bütün kütləvi tədbirlər və görüşlər qadağan edilib.
Etirazlar fonunda Fransa hakimiyyəti Yeni Kaledoniyaya qoşun yeritmək qərarına gəlib. Fransa hakimiyyəti hərbçiləri dəniz və hava limanlarının mühafizəsi üçün cəlb etdiyini bəyan edib.
Fransa Daxili İşlər Nazirliyi Azərbaycanı Yeni Kaledoniyadakı böhrana müdaxilə etməkdə ittiham edib. Fransa daxili işlər naziri Jerar Darmanin Azərbaycanın Fransadan müstəqilliyini müdafiə edən siyasi hərəkatları dəstəkləməklə Yeni Kaledoniyada vəziyyətə müdaxilə etdiyini iddia edib. Azərbaycan isə fransalı nazirin bu iddialarını təkzib edib.
“Fransanın daxili işlər naziri Jerar Darmaninin ölkəmizə qarşı, eləcə də Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri arasında iddia edilən münasibətlərə dair səsləndirdiyi növbəti əsassız fikirləri tamamilə rədd edirik”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.
Mayın 14-də isə qanun layihəsi Fransa Milli Assambleyasının (aşağı palata) deputatları tərəfindən təsdiqlənib.
Qeyd edək ki, Yeni Kaledoniya Fransanın xüsusi statuslu xaricdəki inzibati-ərazi qurumudur. Bu, Sakit Okeanın cənub-qərb hissəsində, təxminən 19 min kvadrat kilometr sahəsi olan adalar qrupudur. Orada 270 minə yaxın insan yaşayır. Bölgənin paytaxtı Noumeadır. Adalar 1774-cü ildə Ceyms Kuk tərəfindən kəşf edilib. Fransa isə 1853-cü ildə onları öz mülkiyyətində elan edib.
Xatırladaq ki, Yeni Kaledoniya xrom, kobalt, molibden, mis, qızıl və nikel kimi mühüm minerallar istehsal etdiyi üçün Fransa üçün böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, adalarda Fransanın hərbi bazaları da yerləşir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
50
yeniavaz.com

10Mənbələr