AZ

Rusiyada elitaların rəqabəti: Şoyqunu kürsüsündən kimi aşırdı?

Rusiyada

Rusiyada ictimai xadimə qarşı cinayət işi açılırsa və ya o cəzalandırılırsa, əvvəl iki şey ağıla gəlir: onlar Vladimir Putinin hakimiyyətinə və ya onun Ukraynadakı “xüsusi hərbi əməliyyatına” qarşı çıxır və yaxud onlar yüksək rütbəli məmur deyillər.

Reyting.az
xəbər verir ki, bu barədə “Project Syndicate”də Nina Xruşşova yazıb.

Müəllif təhlilində qeyd edib:

Keçən ay müdafiə nazirinin müavini Timur İvanovun rüşvət aldığı iddiası ilə həbs edilməsi bu ehtimallara ziddir. Bu, Rusiyadakı elit qruplar arasında dərinləşən gərginliyi vurğulayır.

Amma tələsməyin: Putinin ciddi rəqibləri yoxdur. O, 2022-ci il fevralın 22-də Ukraynaya genişmiqyaslı işğal əmrini verəndə hətta özünün Təhlükəsizlik Şurası belə təəccübləndi. Bundan sonra Rusiyanın siyasi və biznes elitaları müharibədən əvvəlki bir çox imtiyazlarını qurban verməyə, Putinin tarixə və beynəlxalq münasibətlərə baxışına uyğun gələn yeni Rusiyanı qurmağa başlamağa məcbur oldular. Onların başqa seçimi yox idi.

Elitanın seçimi yoxdursa, sıravi rusların, əlbəttə, yoxdur. Onlar işğaldan xəbər tutanda etiraz etmək üçün küçələrə axışdı, ancaq sərt repressiya ilə üzləşdilər. Etirazlar əsasən bitdi və ruslar arzuolunmaz müharibəyə, həyat keyfiyyətinin aşağı düşməsinə və inkişaf perspektivlərinin pisləşməsinə təslim oldular. Çoxları sakitcə bizneslərini xaricə köçürməyə və pullarını Ermənistan və ya Qazaxıstan kimi ölkələrə yatırmağa başladı.

Putin Ukraynanın “denazifikasiyası” və “demilitarizasiyasına” nail olmaqdan tutmuş “ənənəvi dəyərlərə” hücum edən və başqalarına tətbiq etdiyi beynəlxalq qanunları pozan Qərbə qarşı durmağa qədər, müharibə məqsədləri haqqında çoxlu açıqlamalar verib. Onun sözlərinə görə, Rusiya Çin və Braziliya kimi inkişaf etməkdə olan iqtisadiyyat tərəfdaşları ilə birlikdə yeni çoxqütblü dünya nizamının yaradılmasına rəhbərlik edir.

Vladimir Putinin təklif etmədiyi yeganə şey - bu məqsədlərə çatmaq üçün aydın strategiyadır. O, ruslara bu yeni dünya nizamında necə yaşamalı və ya Rusiyanın necə fəaliyyət göstərməli olduğu barədə heç bir fikir bildirməyib. Heç bir ortaq yol xəritəsi olmadığından. Buna görə də çoxları improvizə etməyə məcbur olurlar. Məsələn, Kreml “deözəlləşdirməyə” və ya milli təhlükəsizliyə uyğun sayılan özəl firmaların milliləşdirilməsinə təkan verərkən, Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina iflasın qarşısını almaq üçün mümkün olan hər yerdə dövlətin biznesdə iştirakını məhdudlaşdırmaq uğrunda mübarizə aparır. Çünki Rusiyanın bazar iqtisadiyyatı sürətlə daralır.

“Vaqner” Qrupunun mərhum lideri Yevgeni Priqojinin keçən ilki üsyanı buna misaldır. Priqojin Putini devirmək istəmirdi, lakin o, müdafiə naziri Sergey Şoyqunun başını istəyirdi. “Vaqner” muzdlularının Rusiya müharibəsində mərkəzi rola sahib olduğunu nəzərə alaraq, o bunu əldə edə biləcəyinə əmin idi. Amma bir neçə digər “Vaqner” lideri Priqojinlə birgə çevrilişdən 2 ay sonra təyyarə qəzasında həlak oldu.

Bu, bizi Şoyqunun uzunmüddətli müttəfiqi olan İvanova gətirib çıxarır. O, Rusiya ordusu üçün tikinti, əmlakın idarə edilməsi, mənzil və tədarüklərə nəzarət edərək böyük sərvət toplayıb və illik 136,7 milyon rubl (2 milyon dollar) ailə gəliri ilə Rusiyanın ən zəngin dövlət qulluqçuları siyahısında birinci olub.

Bütün bu sərvətlər diqqətdən yayınmadı. Artıq 2019-cu ildə “Proekt Media”nın araşdırması İvanovun gəlir bəyannaməsi ilə sərvəti arasında böyük uyğunsuzluqları vurğuladı. O vaxtlar İvanov kimi aparatçı çətin ki, cəza ilə üzləşəcəkdi, çünki o, nə ət, nə də balıq idi. Onun rəhbərliyi altında Müdafiə Nazirliyinin ən böyük infrastruktur və tikinti holdinqi olan “Oboronstroy” 2014-cü ildə Rusiyanın Krımı ilhaqından sonra Sevastopol Prezident Kadet Məktəbini sürətlə inşa etdi. İvanov, həmçinin 2016-cı ildə istifadəyə verilmiş, Müdafiə Nazirliyinin “Patriot” Parkının və parkın ərazisində silahlı qüvvələrə həsr olunmuş nəhəng kilsənin sürətli tikintisi ilə Putini heyran etmişdi.

Ukrayna müharibəsinin uzanması və Rusiyada qeyri-müəyyənliyin hökm sürməsi ilə dövlət artıq əvvəlki kimi monolit deyil və elit qruplar çəkişmələrə daha çox həvəsli görünür. Buraya “Rosqvardiya” (Milli Qvardiya), FSB (FTX) və FSO (hökumət məmurlarının mühafizə xidməti) daxildir ki, onlar da Priqojinin qiyamının arxasında dayanırdılar.

Mart ayında Putin FSB-yə korrupsiya ilə mübarizə aparmaq üçün mandat verib. Görünür, FSB rəhbərləri belə qənaətə gəliblər ki, bu, Müdafiə Nazirliyinin ən varlı rəhbərlərindən başlayaraq onu zəiflətmək üçün ideal fürsətdir.

İvanovun təqibi müdafiə naziri postunu yenicə itirmiş Şoyqunu sarsıtmağı asanlaşdırdı. O, yerini potensial olaraq daha effektiv nazirə, keçmiş iqtisadçı Andrey Belousova verdi. Belousov Putinin əvvəlki hökumətində iqtisadiyyata cavabdeh idi və onun təyinatı Rusiya iqtisadiyyatının səmərəli və davamlı hərbiləşdirilməsinə doğru irəliləyişdən xəbər verir.

Şoyqu isə öz növbəsində, yalnız prezidentin nəzarət etdiyi Təhlükəsizlik Şurasında “yüksək” vəzifəyə yiyələnib. Üstəlik, Şoyqunun iddia edilən düşməni, Tula vilayətinin qubernatoru və bir vaxtlar Priqojinin tərəfdarı olan general Aleksey Dyumin vəzifəsini dəyişərək Putinin hərbi istehsala cavabdeh köməkçisi olub.

Bu dəyişikliklər Kremlin müharibə gündəliyi ətrafında dövlət təşkilatını gücləndirməyə çalışdığını göstərir. Amma elitadaxili nifaq Putinə yaxşı heç nə vəd etmir. Rusiya tarixi göstərir ki, kifayət qədər məsləhətləşmələr və ya aydınlıq olmadan həyata keçirilən siyasət liderin hakimiyyəti üçün təhlükəli ola bilər.

Y. QACAR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
reyting.az

1Mənbələr