AZ

Bakıda “Azərbaycan milli mətbəxi” adlı rəsm sərgisi keçiriləcək

20-21 may tarixlərində Shah Palace Hoteldə KamART İncəsənət Qalereyasının uşaq və yeniyetmələrindən ibarət 26 nəfərin "Azərbaycan milli mətbəxi" adlı qrup sərgi-layihənin açılış mərasimi baş tutacaq. Burada Azərbaycan mətbəxini əks etdirən isti və soyuq yeməklər, ət və xəmir xörəkləri, dolmalar, kabablar, süd və çörək məhsulları, qəlyanaltılar, turşu və şirniyyatlar, şərbət və mürəbbələr - Azərbaycanın müxtəlif bölgələrinə aid, bir-birindən maraqlı və rəngarəng kompozisiyalar yer almışdır.  Yeməklərlə yanaşı xalqımızın yaşadığı mühiti - evin daxili görünüşünü, orada yerləşən əşyaları, istifadə etdiyi qab-qacağı, xalça və süfrələri göstərməyə çalışıblar. Azərbaycan mətbəxinin yaradılmasına və inkişafına böyük təsir göstərən, yeməklərin bişirilməsində istifadə edilən təndir, ocaq, sac və manqal xüsusi olaraq təsvirlərdə əks olunmuşdur.  Bununla yanaşı müxtəlif bölgələrə məxsus tarixi abidələr də rəsmlərdə yer almışdır.

Layihənin ideyası, reallaşdırılması, kuratoru və təşkilatçılığı Qalereyanın direktoru Kəmalə Cəfərzadəyə məxsusdur. Milli mətbəxə aid rəsmlərin işlənilməsi zamanı peşəkarlar da öz məsləhət və tövsiyyələrini vermişlər. Kulinariya sahəsində tanınmış mütəxəssis Əməkdar Mədəniyyət işçisi Tahir Əmiraslanov, rəssamlıq dünyasında öz dəst-xətti ilə sevilib seçilən əməkdar rəssam Rəşad Cabarov və tanınmış rəssam, yerli və beynəlxalq layihələr laureatı Samir Qafarov rəsmlərdə olan abu-havaya fərqli düşüncələri ilə daha da maraqlı və fəlsəfi süjet qatmışlar.

Qeyd etmək lazımdır ki, "Azərbaycan mətbəxi" adlı sərgi 16-17 mart tarixlərində Tokioda Azərbaycanın Yaponiyadakı səfirliyinin dəstəyi ilə nümayiş etdirilmişdir.

Qalereyanın şagirdlərinin yaratdığı bu mövzunun yaddaşlarda qalması üçün yalnız sərgilərlə kifayətlənməmiş, sərginin kataloqunu da hazırlamışlar.

Sərginin keçirilməsində məqsəd - uşaq və yeniyetmələrin diqqəti Azərbaycanın mədəni irsinə və kulinariya ənənələrinə cəlb etmək və istedadlı gənc rəssamlara dəstək olmaqdan ibarətdir.

Sərgi 21 may tarixinə kimi davam edəcək.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
1
milli.az

4Mənbələr